“Facebook”dan hamilə qalan qız

img

22-06-2014 [22:21]


It kimi zingildəməyinin səbəbini özündən başqa heç kəs bilmirdi. Bu gecə iki dəfə təcili yardım gəlmişdi və hər ikisində həkim sakitləşdirici iynə vuraraq Aninin valideynlərinə tapşırmışdı ki, onu çox əsəbləşdirməsinlər. 

Yazıq valideynlər isə and-aman eləmişdilər ki, ona güldən ağır söz deyən olmayıb və bütün günü otağında olur. Ani isə arabir nəsə pıçıldayır, "məhv edəcəyəm” - kimi ünvansız sözlər deyirdi. Səhər saat 9-da ayaq üstə olan Aninin ilk işi bilgisayarın yanına qaçmaq oldu. Əsəbdən barmaqlarını oynada-oynada bilgisayarın açılmasını gözləyirdi; nəhayət ki, açıldı. Barmaqları sanki sehrli çubuğa dönmüşdü, ildırım sürəti ilə "facebook” səhifəsinə girib öncəliklə axtarış yerinə "Orxan” adını yazdı. Dünən axşamdan onun yazdıqlarına və kimlərin ona cavab yazdığına baxıb dərindən nəfəs aldı. - "Şərəfsiz qızı bu gün Orxanıma heç nə yazmayıb. Onsuz da ona yazanları bir-bir tapıb nə edəcəyimi bilirəm”. Ani tez axtarış yerinə "xoşbəxt qadınlar” yazıb qarşısında "qadağan olunub” işarəsini gördü; oturduğu stuldan qalxdı, əlini divara vurub özünü bağırmaqdan zorla saxladı; gözlərində yaş yox qızarmış damarlar vardı: -"Siz kim olursunuz ki, məni qrupdan kənara atırsınız? Kimsiniz axı? Bədbəxt uşaqları adlarını xoşbəxt qoyub, bədbəxt həyatı yaşayanlardır. Ər üzünə həsrət qalıb, burda gədə axtaranlar məni qrupdan siliblər. İndi gör sizlərin acığına necə qrup yaradacağam. ”.. Ani bir yerdə dayana bilmirdi və otağını özündən aslı olmayaraq səliqəyə sala-sala deyinirdi-"Hərənizin neçə gədə ilə yatdığınızıda bilirəm. Onların hamısını əlinizdən almasam kişi qızı deyiləm.Tüpürüm üzünüzə, sizin tayınız deyiləm ey, namusumda,arımda yerindədi. Sizi gör necə yox edəcəyəm. Bir əndamım hamınızdan dəyərlidi”. Telefon səsindən Ani diksindi. Zəng edən nişanlısı Vüqar idi. Artıq 3 ay idi ki, nişanlı idilər. Amma cəmi bircə dəfə Ani onunla görüşə getmişdi. Hər dəfə bəhanələr gətirərək bilgisayardan ayrılmamaq üçün evdə qalırdı və işi-gücü də Vüqarla bağlı hələ üzünü görmədiyi Orxana şikayətlər yazmaq olurdu. Hətta bir neçə dəfə Vüqarın ona yazdığı sevgi mesajlarını belə Orxana göndərib ələ salıb gülmüşdülər də. İndi yenə zəng edib. Ani öncə telefona cavab vermək istəməsə də, nə isə düşünüb Vüqara cavab verdi:
- Eşidirəm.
- Necəsən ?
- Əlimdə işlərim var, nə deyəcəksənsə tez de.
- Bəlkə axşam görüşək?
- Yox vaxtım yoxdu. Evə qonaq gələcək deyə iş görürəm. İndi tələsirəm, birazdan zəng edərəm.. Vüqarın nə deyəcəyini gözləmədən telefonu kənara atıb eşidiləcək səslə deyinməyə başladı:
- "Buna haradan urcah oldum ey mən. Danışanda elə yazıq-yazıq danışır ki, elə bil heç kişi deyil. Orxanın kəsilən dırnağı da ola bilməz. Bir dəfə əlimdən tutdu, bədbəxtin əlləri əsirdi. Amma Orxan...Son mesajında yazmışdı ki, görüşəndə belini elə qucaqlayacağam ki, bədənində bədənimin ağırlığını hiss edəcəksən”. Ani bunu yadına salıb bir az da gərginləşib sanki o anı yaşayırdı. Ürəyində isə bu dəfə Orxanla yazışanda ona "belimi qucaqlayandan sonra nə edəcəksən”- sualını verəcəyini qətiləşdirmişdi. Amma Orxanın onunla görüşdən nəyə görə qaçdığını heç cür anlaya bilmirdi. Əslində özü də sona qədər dirəniş göstərə bilmirdi görüşlə bağlı. Çünki Orxana özü ilə bağlı bir neçə yalan danışmışdı. Məsələn, demişdi ki, universitetdə 2-ci kursda oxuyur. Amma heç minimal bal belə toplayıb kollecə də daxil ola bilməmişdi. Orxan idmanla məşğul olduğunu deyəndə, o da üzgüçülüklə məşğul olduğunu, hətta şəhər birincisi olduğunu demişdi. Halbuki, evdə hamamdan başqa bir yerdə suya da girməmişdi. Ani bunları düşündükcə alnı tərləyir, nəfəsi sanki daralırdı. Amma həm də özünü toparlayıb universitetə qəbul olmağı özü istəmədiyini, üzməyin isə uşaq işi olduğunu düşünüb Orxana mesaj yazmağa başladı. - Salam... Orxan hələ ki, cavab yazmırdı. Amma hansısa universitetin müəllimi ona şanlı mesaj yazmışdı. Ani, Orxan cavab yazana qədər "professorum”- dediyi şəxsin mesajını oxumağa başladı: "Salam əzizim, necəsən? Sən buradakı insanlardan çox fərqlisən və ilk gün səninlə yazışandan sonra ruhum belə rahatlıq tapdı. Sən təpədən-dırnağa müsbət yüklü bir gücsən. Zamanın olanda görüşərik. Səni universitetimizlə tanış edərəm, sonra da çay içərik. Öpdüm, icazə versən yanaqlarından”.. Aninin gözləri parıldayırdı. Zarafat deyil, o boyda universitetin müəllimi onu görüşə çağırır və yanaqlarından öpmək istəyir. Halbuki, onun səhifəsinə gündə 20-30 qız nəsə yazır, o isə heç vecinə də almır. Amma ona mesaj yazıb. Ani öncə cavab yazmaq istəmədi, ortada axı Orxan var. Amma sonra özünə təskinlik verəcək cavab tapdı: ”Mən Orxanı sevirəm, professorumu isə çox istəyirəm. Birdəki, mənimlə evlənmək istəmir ki, sadəcə görmək və daha yaxın dost olmaq istəyir. Uzağı bir dəfə öpəcək də. Bir öpüşlə nə olasıdır ki?”. Bunları düşünə-düşünə Ani artıq müəllimə cavab yazmışdı. Amma evdən çıxmaq üçün bəhanə tapa bilmirdi və ondan bəhanə tapmağa kömək etməsini istəyirdi. Yenicə cavab yazmışdı ki, anası əlində ev telefonu içəri girdi və tərs-tərs Aniyə baxıb "cavab ver, Vüqardı”- deyərək telefonu stolun üstünə qoyub bayıra çıxdı..
- Ani necəsən?
- Bir az işlərim var, nəsə olub?
- Yox elə-belə zəng etdim. Nə deyirsən axşama görüşək?
- Bilmirəm vallah. Sabah ola bilsin universitetə getdim, işə düzəlmək üçün. - Kim səni işə düzəldir ki, sən orta təhsillisən axı?
- Atamın dostudur. Özü də atama deyib ki, təhsilli olmasa da yüz diplomludan ağıllı qızdır. Öz yanında işə düzəldəcək, sonra ali məktəbə qəbul etdirəcək, hələ elmi işimin adını da fikirləşib. Nə isə, başqa sözün yoxdur ki?
- Bu işdən ağlım heç nə kəsmədi..
Ani Vüqarın cavabından əsəbləşib hər zaman olduğu kimi yenə bəhanə gətirərək dava salmaq istəsə də, Orxanın dünən ondan telefon üçün kontur istəməsini yadına salıb, fikrindən vaz keçdi. Axı Orxana kontur lazım idi. Onun işi isə elə idi ki, icazə olmadan iş yerini tərk edə bilməzdi və buna görə də kontur almağa gedə bilmirdi. Yeganə etibar etdiyi adam kimi də Anidən istəmişdi.
- Vüqar, sabahda-zadda vaxt edib görüşərik, onda izah edərəm hər şeyi. Bir də özüm bayıra tək çıxmaq istəmirəm, imkan varsa, mənə on manatlıq kontur al, göndər.
- Oldu...
Artıq üçüncü gün idi ki, Orxandan cavab gəlmirdi. Müəllim ilə görüş isə maraqlı olmuşdu. Universitetlə tanış etmişdi, öz kabinetində, elə öz kreslosunda Anini otuzdurmuşdu. Amma yanaqlarından yox, boynundan öpmüşdü və bir də arxadan qucaqlayaraq sinəsini möhkəm sıxmışdı. Aniyə bu öncə pis təsir etsə də, indi onun xəyalını qururdu. Orxan isə yadına düşəndə öncə suçlu kimi yanaqları qızarırdı, amma "qoja kişidi, onun bir öpüşü ilə heç nə olmaz” - deyərək əslində yenə də onunla görüş gününü gözləyirdi. Amma içində həm də bir sıxıntı vardı. "facebook”dakı dostları elə bil yoxa çıxmışdılar. Yenicə xəyali sevgiyə başladığı Elzamin də, Firuz da yoxa çıxmışdı. Halbuki, onlar nəsə yazanda əsəbləşib blok belə etmək istəyirdi. Amma indi onların belə nəsə yazması üçün hər şey etməyə hazır idi. Bəxtindən Səkinə burda idi və qeybət qırmaq üçün fürsət yaranmışdı.
- Qıza neyniyirsən?
- Heç sakitçilikdi. Elə bil yer aralanıb hamı yerin altına girib.
- Qız demə, məndə də heç kəs yoxdu. Cəmilədən xəbərin var?
- O hansıdı?
- Profilinə üzük şəkili qoyan.
- Hə...axırıncı dəfə dalaşmışdıq deyə bloka salmışam.
- Qız o günü yazıb ki, hamilədi.
- O ərə getməmişdi axı. - Hə də o türk gədəsi ilə yazışırdı həmişə. Deyir ondan hamiləyəm.
- O türk gədəsi Amerikada yaşamır?
- Hə də orda yaşayır. Günah yiyəsi olmayım, amma deyirlər ki, o gədə keçən həftə yazıb ki, artıq tələbə yoldaşı ilə nişanlanıb. Qızın da başına hava gəlib və eləcə yazır ki, hamiləyəm. Bəs o professorun varıydı haa, ondan xəbərin oldu?
- Yox.
- O da öz tələbəsini burda ələ keçirib və qızda indi çöküb boğazına ki, ya məni almalısan, ya da açıb hər şeyi universitetdə deyəcəm. Səninlə onun arasında heç nə olmamışdı ki?
- Yox əşi, Allah vursun onu, qoca kaftarla nə işim.. Amma Aninin yanaqları qızarmışdı, əlləri isə titrəyirdi. Buna görə də Səkinə ilə sağollaşıb bilgisayarı söndürdü. Və özünə söz verdi ki, bir daha bura daxil olmayacaq. Üzünü belə görmədiyi hansısa Orxana görə nişanlısını belə günlərdir ki, görmədiyinə, ağzı selikli müəllimin onu qucaqlamasına imkan verdiyinə görə özünü danlaya-danlaya otaqdan çıxdı. Gecənin yarısı təcili yardım maşını Anigilin həyətində dayanmışdı. Həkimlər ağrıkəsicini ard-arda vurur, Ani isə it kimi ulaya-ulaya arada deyirdi: "Mən hamiləyəm”. Bilgisayarı isə açıq idi. Orxanın səhifəsində bir cümlə yazılmışdı: "Hamı eşitsin, mən Məryəmdən başqa heç kimi sevmirəm”. Aninin anası Vüqara zəng edib evə çağırsa da, Vüqardan hələ xəbər yox idi. Vüqar isə sonuncu mesajını yazıb nişanlısıgilə getməyi qərarlaşdırmışdı: ”Məryəm, gözümün nuru, sabah surprizim var, səni elə bir yerə aparacağam ki, orda sənlə məndən başqa heç kim olmayacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...