"Əgər Ermənistan Avropa İttifaqına üzvlüyə namizədliyə üstünlük verəcəksə..." - Siyasi şərhçidən açıqlamalar

img

29-02-2024 [16:39]


"Ermənistan parlamentinin sədri Alen Simonyan baş nazir Nikol Paşinyanın danışan dilidir. Simonyan dünən Rusiya sərhədçilərinin Ermənistan ərazisini tərk etməsi vacibliyini bildirmişdisə, bu gün ölkəsinin Avropa İttifaqına üzv olmaq istəyini səsləndirib".

Mia.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu sosial media hesabında yazıb.

Şərhçinin sözlərinə görə, İrəvandan hər gün Kremli qıcıqlandıran açıqlama gəlir:

"Kreml Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını de-yure tərk etməsindən özünə gəlməmiş, indi də müttəfiqinin Avropa İttifaqına üzvlük istəyinə qarşı həmlələrə hazırlaşmalıdır. Çünki Avropa İttifaqına üzvlüklə Avrasiya İqtisadi Birliyinə üzvlük ziddiyət təşkil edir. Ermənistan bunlardan birinə üstünlük verməlidir, əgər Avropa İttifaqına üzvlüyə namizədliyə üstünlük verəcəksə, Avrasiya İqtisadi Birliyini tərk etməyə hazırlaşmalıdır. Bu isə Ermənistan iqtisadiyyatına ciddi zərbə olacaq. Çünki Ermənistan hazırda Avrasiya İqtisadi Birliyi çərşivəsində üzvlük güzəştlərindən istifadə edir, digər üzv ölkələrlə ticarətdən gəlir əldə edir. Bunların heç birini Avropa İttifaqı Ermənistana təqdim etmir. Ancaq o da aydındır ki, İrəvan üzünü Avropaya tutub, Nikol Paşinyan elə ona görə bir müddət əvvəl Tiflisə gedərək Gürcüstanla strateji tərəfdaşlıq sazişi imzaladı. Ermənistan Avropa İttifaqına üzvlük marafonunda Gürcüstandan geri qalmaq istəmir".

Tahir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR