Ərdoğandan 10 il sonra bir ilk – Mehriban düşmənlər barışır (TƏHLİL)

img

01-02-2024 [16:10]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə səfər edəcək. Yaxın Şərqdə baş verən son hadisələr fonunda bu səfər diqqət çəkir. Türkiyə prezidentinin bu səfəri son 10 ildə ilkdir. Bu baxımdan səfəri tarixi hadisə kimi qiymətləndirmək olar. Ümumiyyətlə, iki ölkənin münasibətlərinin pisləşməsi “Ərəb baharı” adlanan etiraz dalğası dövründə başlayıb.

Belə ki, 2011-ci ilin fevral ayında Misirin o vaxtkı lideri Hüsnü Mübarəkin 29 illik hakimiyyətinə son qoyuldu. 2012-ci ilin iyununda keçirilən seçkilərdə Azadlıq və Ədalət Partiyası qalib gəldi və yeni prezident Məhəmməd Mursi oldu.

Mursinin prezidentlik dövrünü Misir-Türkiyə münasibətlərinin qızıl dövrü adlandırmaq olar. Lakin onun hakimiyyəti uzun çəkmədi. 2013-cü ildə Misirdə “Təmərrüd” (Üsyan) adı altında birləşən qruplar Mursiyə qarşı kütləvi etirazlar təşkil etdilər. 2013-cü il iyulun 3-də o zamankı Baş Qərargah rəisi Sisinin rəhbərlik etdiyi Misir ordusu hakimiyyəti ələ keçirdi.

Əbdülfəttah Sisin hakimiyyətə gəlməsi Türkiyə-Misir münasibətlərini pisləşdirən nüans oldu. Misir rəhbərliyinin Türkiyə səfirini “persona non qrata” elan etməsi isə iki ölkə münasibətlərini daha da gərginləşdirdi. Rəsmi Ankara səfirin “persona non qrata” elan edilməsinə analoji addımla cavab verdi. Beləliklə, Ankara ilə Qahirə arasında münasibətlər müvəqqəti işlər vəkilləri ilə təmsilçilik səviyyəsinə endi.

2013-cü ilin yayından etibarən Türkiyə hökuməti həm Misirin yeni rəhbərliyini, həm də baş verənləri çevriliş kimi qiymətləndirməyən Qərb ölkələrini sərt tənqid etməyə başladı. Münasibətlərdəki gərginlik xarici siyasətdə də hiss edilirdi. Liviya, Şərqi Aralıq dənizi məsələlərində Qahirə və Ankara əks mövqelərdən çıxış edir, hətta Liviyadakı vətəndaş müharibəsi fonunda birbaşa olmasa da, proksilər səviyyəsində hərbi gərginliyə belə gedilirdi. Bu baxımdan indiki məqamda Ərdoğanın Misirə səfər etməsi on ildən çoxdur kəsilən əlaqələri bərpa etmək baxımından olduqca vacibdir.

Əslində, son illərdə iki ölkə arasında müəyyən yumşalmalar hiss edilirdi. Misal üçün 2019-cu ilin noyabrında Türkiyə dənizdəki yurisdiksiya barədə Liviya ilə müqavilə imzaladı və bu barədə BMT-yə məlumat verildi. 2020-ci ilin avqust ayında isə bununla bağlı Yunanıstan və Misir arasında razılaşma əldə olundu. Bu müqavilədə Misir Türkiyənin bəzi bölgələrlə bağlı arqumentlərini anlayışla qarşıladı. Misirin bu jestinə Türkiyə tərəfi keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu vasitəsilə məmnunluğunu ifadə etdi.

2020-ci ildə qarşılıqlı yumşalma siqnalları veriləndə iki ölkənin kəşfiyyat qurumları arasında əlaqə olduğu açıqlandı. Ankara və Qahirə qarşılıqlı jestlər edərək beynəlxalq təşkilatlarda bir-birini bloklamağa son qoymağa başladılar. Ən konkret addımlardan biri bu oldu ki, 2020-ci ildə Türkiyə Misirin NATO iclaslarında iştirakına qarşı vetosunu geri götürdü.

Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohada keçirilən futbol üzrə Dünya Çempionatının açılışında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin əlini sıxdı.

Bütün bunları göz önündə tutsaq deyə bilərik ki, Türkiyə Prezidentinin Misirə səfəri həm münasibətlərin normallaşması, həm də Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlara yönələcək.

Qəzzadakı vəziyyət və ümumilikdə müharibə hər iki ölkəni narahat edir. Bu baxımdan tərəflərin sülh istiqamətində ortaq addımlar atmaq, müəyyən məsələlərdə İsrailə təzyiqlər etmək və Qərbində dəstəklədiyi iki dövlət modelini tətbiq etmək kimi məsələləri müzakirə etməsi istisna deyil.

Turan Rzayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq