"Respondentlərin 71 %-i 2024-cü illə bağlı nikbindir" - STM-dən sorğu

img

11-01-2024 [16:35]


Respondentlərin 71 %-i 2024-cü illə bağlı nikbindir.

Mia.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) 2024-cü il üçün həm ölkənin, həm də dünyanın vəziyyəti ilə bağlı vətəndaşların ümumi gözləntilərini öyrənmək məqsədilə keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.

19.2 %-i qeyri-müəyyənlik hiss etdiyini, 5.6 %-i bədbin olduğunu ifadə edib. Respondentlərin 4.1 %-i rəyini bildirməkdə çətinlik çəkib.

Dünyadakı vəziyyət ilə bağlı gözləntilərə gəldikdə, respondentlərin 34.4 %-i nikbin olduğunu, 40.0 %-i qeyri-müəyyənlik hiss etdiyini, 12.1 %-i bədbin olduğunu ifadə edib, 13.6 %-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

 

Ölkə ilə bağlı nikbin mövqe qadınlarla müqayisədə (64.8 %) kişilərdə daha yüksək (77.3 %) qeydə alınıb. Lakin dünya ilə bağlı rəylərdə əhəmiyyətli fərq müşahidə olunmayıb.

 

Yaş artdıqca nikbin mövqedə olanların sayında artım qeydə alınıb. Belə ki, ölkə ilə bağlı 18-24 yaş qrupu respondentlərin 53.3 %-i, 35-44 yaş qrupu respondentlərin 69.5 %-i, yaşı 65-dən yuxarı olanların 82.2 %-i nikbin olduğunu ifadə edib.

Ali təhsilə malik olanların 78.8 %-i, orta təhsillilərin 69.4 %-i ölkə ilə bağlı nikbin olduğunu bildirərkən, dünya ilə bağlı onların 45.5 %-i və 39.4 %-i nikbin hiss etdiyini ifadə edib.

Sorğular 2023-cü il noyabrın 25-28-də 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95 % əminlik intervalında 5 % təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq