QEYRİ-PEŞƏKARLIQ...

img

25-12-2023 [12:09]


Qalib ARİF 

***

(“Mənim düşüncələrim” silsiləsindən)

Məşhur Şəhriyarın məlum sözü var: “Bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar”. Bəli, ustad həmişəki kimi haqlıdır, işi iş bilənə, yəni peşəkara tapşırmaq lazımdır, əks halda iş də, adamlar da axsayır. Elə götürək bizim siyasi jurnalistika sahəsini, onun mühacirətdə olan nümayəndələrini, adamlar işbilən, işlər yerindədirmi?! Hazırkı qeydlərin də məqsədi bu suallara cavab axtarmaqdır...

Amma mətləbə dəxli var deyə, mətləbdən bir az uzaqlaşmaq, bir-iki haşiyə çıxmaq istərdm. Deməli, 1996-cı ilin payızı idi, mərhum eks-Prezident Əbülfəz Elşibəy çoxillik Kələki səfərindən Bakıya qayıtmışdı. Bu sətirlərin müəllifi də Bakıda, AXC-nin əski qərargahında Elçibəyi qarşılayan jurnalistlər arasında idi. İnsafən, Bəy bizi çox gözlətmədi, geniş bir Mətbuat Konfransı keçirdi. Mən müsahibimizi salamladım və təmsil etdiyim “Xalq qəzeti”nin adından ona bir neçə sual ünvanladım.

Bəy suallarımı sanki eşitmədi: “Gedin, əvvəl xalqın qəzeti olun, adınızı doğruldun, sonra gələrsiz, sual verərsiz” dedi. Dedim, “Cənab Elçibəy, bu mənim səlahiyyətlərimə aid olan məsələ deyil, mən sadəcə olaraq jurnalistəm və Sizdən suallarıma cavab istəyirəm”. Müsahibim məni heç fərziyyə kimi də qəbul etmədi, əvvəlki fikrini təkrar etdi. Mən mübahisə etmədim, sakitcə geri çəkildim. Readaksiyaya qayıtdıqdan sonra “Siyasətçi jurnalistlə mükamilə etməlidirmi?!” başlıqlı yazı hazırladım və nömrəyə verdim.

Təvazökarlıqdan uzaq olsa da, yazı xeyli rezonans yaratdı və o vaxt Əbülfəz Elçibəyin köməkçisi olan Ədalət Tahirzadə mətbuatda mənə cavab yazdı. Sağ olsun, alim və jurnalist həmkarımız, hətta belə həssas məqamda həqiqətin yanında dayanmağı bacarmışdı və mənin sualımı birmənalı cavablandırmışdı: “Siyasətçi jurnalistlə mükamilə etməməlidir!” Həmin günlərdə Ədalət bəylə görüşdük və bir həmkar, yerli kimi xeyli dərdləşdik. Yeri gəlmişkən, mən indi də Ədalət Tahirzadənin hörmətlə xatırlayıram, hətta adı gələndə ayağa dururam... 

İkinci haşiyə hardasa 4-5 il sonraya 2000-lərə təsadüf edir. ANS-in bərk  gedən vaxtları idi, “Nəzər nöqtəsi” ictimai rəyə əməlli-başlı təsir edirdi. Belə bir həssas məqamda “Nəzər Nöqtəsi”nin aparıcısı məlum jurnalist Eynulla Fətullayev idi və qonqlarla, hətta siyasi polemikaya girməkdən çəkinmirdi. Verilişlərin birində qonaq Musavat Partiyasının başqan müavini Arif Hacılı idi. Hacılı, səhv etmirəmsə, Musavatın mərkəzçi demomakrat partiyası olduğunu bildirdi. Aparıcı siyasətçi ilə polemikaya girdi ki, yox, Musavat Milli demokrat partiyasıdır və hətta fikrini Misirdə Milli Demokrat Partiyasının hakimiyyətdə olması ilə əsaslandırmağa çalışdı. İnsafən, Hacılı siyasi mədəniyyət nümayiş etdirdi, “hərəmiz öz fikrimizdə qalaq, amma jurnalist siyasətçi ilə mükamiləyə girməməlidir”, dedi... 

Nəhayət qayıdaq mətləbə və bu günlərə, məlum mühacirətçi jurnalist Sevinc Osmanqızının verilişlərinə. Mən arabir, rast gələndə bu verilişləri izləyirəm, Vallah təəccüb, hətta heyrət edirəm. Xanım aparıcı jurnalistdirmi, siyasətçidirmi, niyə bu qədər qərəzli, barışmaz mövqe sərgiləyir?! Bu günlərdə xanımın məlum müxalifət lideri Əli Kərimli ilə müsahibəsinə diqqət etdim. Müsahibə qeyri-məlum səbəblərdən canlı deyildi, odur ki, aparıcı istədiyi vaxt qonağın sözünü kəsir, yerli-yersiz müdaxilələr edirdi, az qala ona ağıl öyrədirdi. Bu, hətta elementar etik normalara cavab vermirdi. Məsələn, qonaq deyirdi ki, “Azərbaycan əskəri Qarabağı azad edib və əsrlərin problemini birdıfəlik həll edib”. Aparıcı qonağın sözünü kəsirdi ki, “Yox, Azərbaycan əskəri Qarabağı azad etməyib, Qarabağı rus əskəri işğal edib”və s. və ilaxır. Təsəvvür edirsinizmi?! 

Sevinc Osmanqızının kəşfi və daimi qonağı olan, yaşı 70-i aşan, ABŞ-da yaşayan mühacir Beytula Manaflı isə bir ayrı aləmdir, söhbətdir. Adam özünü jurnalist kimi qələmə verir, amma mən 30 ildən çoxdur ki, bu sahədəyəm, ay tövbə, bu adamın adını eşitməmişəm. Bunu mənim günahım kimi qəbul edək, adamın fikirlərinə diqqət edək. Adam deyir ki, “Azərbaycan xalqı üsyan etməli, Bakıda, bölgələrdə polis şöbələrinə, hərbi hissələrə hücum etməli, qanlı qırğın törətməli, silahları ələ keçirməlidir. İlham Əliyevin ad günü (dekabrın 24-ü – Q.A) qan su yerinə axmalıdır...” Təsəvvür edirsinizmi, bunu övladları ilə Amerikada yaşayan və Azərbaycana qayıtmaq fikri olmayan bir “ağsaqqal” deyir. Vallah, mən bu 30 ildə, bu qədər savadsız, bu qədər həyasız, bu qədər vicdansız adam görməmişəm... 

Sevinc Osmanqızının peşəkar fəaliyyətinə və qeyri-adi işlərinə isə, xanım olduğu üçün şərh vermək niyyətindən uzağam. Bunu hörmətli həmkarların və oxucuların öhdəsinə buraxıram...

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR