Qəzet bazarını niyə öldürürlər? - Açıqlamalar

img

13-05-2014 [16:54]


Bir neçə aydır Bakı metrosunda və paytaxtın mərkəzi küçələrində qəzet satışı tam yasaqlanıb. Qadağanın ilk vaxtlarında ölkənin aparıcı qəzetləri böyük ziyana düşdüklərini bəyan etmişdi. Hazırda vəziyyət nə yerdədir?

"Media forum” saytının sualını cavablandıran "Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib ki, yayımda vəziyyət olduqca pisdir: "Metro keçidlərində qəzet satışının yığışdırılması və əl yayımına qadağa qoyulması nəticəsində ən azı 100 min nüsxə itirmişik. Bakının yeni köşkləri qəzet biznesi ilə məşğul deyil. Köşk satıcılarının qəzet satmağa marağı yoxdur. Qəzet səhər saat 11-in yarısında belə stendə qoyulmursa, o köşkdə nə satış olacaq? Satış bərbad gündədir deyə, əməkdaşlarımızın mart və aprel maaşlarını verə bilməmişik. Bu cür çətin vəziyyəti düzəltmək imkanlarımız xaricindədir”.

"Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov "Media forum”a deyib ki, qəzet yayımında vəziyyət gərgin olaraq qalır: "Bakıda "Qasid”in köşklərinin götürülməsi davam edir. Həmin köşklərin yerinə yenilərinin qoyulacağına söz verilmişdi. Amma söz olaraq qalır. Əl yayımı yox səviyyəsindədir. Yeni köşklərin isə satış ənənəsi yoxdur. Köşklər gec açılır, bu səbəbdən tirajda artım müşahidə olunmur.

İllərdir özünü satış hesabına maliyyələşdirən "Yeni Müsavat” ən böhranlı dövrünü yaşayır. Hazırda qəzetimiz tarixinin ən aşağı tirajı ilə çıxır. Bununla heç bir gəlir əldə etmək mümkün deyil”.

Hazırda "Azadlıq” qəzeti 8100, "Yeni Müsavat” 6600 nüsxə tirajla işıq üzü görür.

Digər xəbərlər
SON XƏBƏRLƏR