Tikinti şirkəti nazirliyə balıq yemi satacaq - ETSN-nin tenderi müzakirəyə səbəb olub

img

11-04-2023 [10:37]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi olan “Dörd Bucaq” MMC (VÖEN – 1006513211) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə balıq yemi satacaq.

Bioloji Müxtəlifliyin Qorunması Xidməti 35 ton balıq yemi üçün “Dörd Bucaq” MMC-yə 21 min 350 manat ödəyəcək.

Tender müsabiqəsiylə bağlı diqqət çəkən məqam odur ki, Dövlət Xidmətinə balıq yemi satan şirkət tikinti şirkətidir. “Dörd Bucaq” MMC-yə məxsus olan “4bucaq.az” saytının hazırda “təmirdə” olduğu bildirilir. Lakin, MMC-nin sosial şəbəkə hesabında şirkətin təmir-tikinti işləri ilə məşğul olduğu qeyd olunur.

Onu da qeyd edək ki, “Dörd Bucaq” MMC 16.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Cavad xan, ev 4, m. 16-da yerləşir. Şirkətin qanuni təmsilçisi İsrafil Mirzai Cəbrayıl oğludur.

Məlumat üçün bildirək ki, İsrafil Mirzai məşhur kimiyaçı, professor Cəbrayıl Mirzainin oğludur. Cəbrayıl Mirzai hazırda Bakı Dövlət Universiteti EH-nin səmərələşdirmə və patent-lisenziya işləri üzrə idarə aparatının rəhbəri vəzifəsində işləyir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA