Futbolçu: “Gör iş nə yerə çatıb ki, oyunçular öz ciblərindən klub üçün pul xərcləyirlər”

img

29-04-2014 [16:52]


Xəbər verdiyimiz kimi, "Baglan Qrup”un prezidenti və böyük iş adamı Hafka ləqəbi ilə tanınan Hafiz Məmmədov yerli klublarla yanaşı bir çox avropa klublarına həm sponsorluq , həm də rəhbərlik edir. Misal olaraq, Azərbaycanın "Bakı” və "Lokomativ” Fransanın "Lans” İspanyanın "Atletiko Madrid” klublarını göstərmək olar.

Azərbaycanlı iş adamı Fransanın "Lans” klubuna sahib çıxaraq, klubun qarşısına əsas hədəf kimi, 2-ci divizionundan yuxarı diviziona çıxmağı şərt qoyub. Lakin "Lans” son turda "Nansi”ylə 1:1 bərabərliyə qalaraq, yuxarı diviziona çıxmaq şansını təhlükəyə atıb. Klub hazırda 4-cü yerdə qərarlaşıb. Məhz bu səbəbdən Hafka səxavət kisəsinin ağzını açıb. O, klubun yuxarı diviziona çıxacağı halda 2 milyon avro mükafat vəd verib.

Bundan əlavə o, "Atletiko Madrid” klubuna da külli miqdarda maddi dəstək olur. Belə ki, "Atletiko Madrid” klubunun formalarının üzərində, "Land of fire Azerbaijan” yazısısının qeyd olunmasına nə az, nə çox düz 20 milyon pul ödəyib. Bu məbləğdə pulun ödənilməsi həm ölkəmizdə, həm də ölkə kənarında birmənalı qarşılanmadı.

Artıq neçə vaxtdır ki, redaksiyamıza "Bakı” futbol klubu ilə əlaqədar çoxsaylı şikayətlər gəlir. Şikayətlərin əsasını isə pulların verilməməsi və klubdaxili vəziyyətin acınacaqlı olması zəbt edir. Mənbənin dediyinə görə, Fransa və İspanya klublarına qarşı əliaçıqlıq göstərən Hafiz Məmmədovun doğma klubu "Bakı”da isə 2 aydı əməkhaqları və mükafatlar verilmir. Bundan əlavə, futbolçular məşq edərkən Allahın suyunu belə tapa bilmirlər. Məşqlər qurtardıqdan sonra, yuyunmaq üçün su tapmaq qızıl tapmağa çevirilib. Mənbə onuda bildirir ki, klubun Azərenerjiyə küllimiqdarda borcu olduğundan, klub generatorlardan istifadə edir.

Hətta iş o yerə çatıb ki, son oyunlarda belə, klub səfərə çıxmaq üçün avtobus üzünə həsrət qalıb. Oyunçuların maaşlarını almaması, vəd olunan mükafatların verilməməsi futbolçularda da öz mənfi təsirini qoyub. Diqqət yetirsək son oyunda "Bakı” autsayder "Sumqayıt”la matçda oyunçular 90 dəqiqəni sanki yola verməklə məşğul idilər. Dünən isə məlum olub ki, Məmmədov Azərbaycan çempionatının 1-ci dəstəsində oynayan və sponsorluq etdiyi "Lokomotiv” klubunu ümumiyyətlə buraxıb. Məlumata görə, "Lokomotiv”in oyunçularına Məmmədovun 3 aylıq borcu yaranıb.

XeberLent.azinformasiya agentliyi olaraq məsələnin nə dərəcədə düz olub-olmamasını araşdırmaq üçün "Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladıq. O da klub haqda yayılan xəbərlərə bizim vasitəmizlə aydınlıq gətirdi:

"Düzdü, hal-hazırda müəyyən sıxıntılarımız var. Ancaq bu o demək deyil ki, biz bu səviyyədə acizik. Səfərə çıxmağa arsenalımıza beş avtobus var. Bu nə sözdü deyirlər ki, avtobus belə tapa bilmirlər?! Maaşların iki ay gecikməsi tamamilə yalnışdır. Bunu mən sizə klubun icraçı direktoru kimi deyirəm ki, oyunçularımız öz maaşlarını 10 maksimum 15 günə alacaqlar. İçməyə və çimməyə də, suyumuz var. Klubun sıxıntısı varsa bu o demək deyil ki, biz bu həddə aşağı düşmüşük.”

Yaşar müəllimin dedikləri ilə şikayətçinin sözlərinin üst-üstə düşmədiyini nəzərə alaraq, klubun futbolçularına üz tutduq. Adının çəkilməsini istəməyən oyunçu bildirdi ki, "Bəli, şikayəti kim yazıbsa tamamilə düz yazıb. Artıq neçə müddətdir rəhbərlik tərəfindən boş-boş vədlər verilir, lakin ortada bir şey yoxdur. Nə maaş alırıq, nə də mükafatlarımızı verirlər. Gör iş nə yerə çatıb ki, oyunçular öz ciblərindən klub üçün pul xərcləyirlər.”

P.SBelə yerdə bu atalar sözü yerinə düşür "Əvvəl Məscidin içi, sonra çölü."

Abbas Əlioğlu

XeberLent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA