"Dövlət qurumları bu gün baş verən problemə 3-5 ay sonra reaksiya verir" - "Sahibkar üçün bu, çox təhlükəlidir" (MÜSAHİBƏ)

img

17-05-2022 [13:35]


Qlobal ərzaq bahalaşması və qonşu dövlətlər tərəfindən müxtəlif məhsullar üzrə ixraca məhdudiyyətlər tətbiq edilməsi Azərbaycanda da idxal olunan məhsullarla bağlı vəziyyəti gündəmə gətirir.

Mia.az Azərbaycanda süd və süd məhsulları bazarının son durumu, bu sahədə mövcud problemlərlə bağlı “Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları“ Birliyinin (ASEB) sədri Samir Eyyubovun APA-ya müsahibəsini təqdim edir:

- Samir bəy, hazırda Azərbaycanda südçülüklə bağlı mövcud problemlər nələrdir?

- Azərbaycan özünü daha az dəyər qatılmış süd məhsullarında - qatıq, ayran və bu tip məhsullarda 80% təmin edir. Yəni, bu məhsullar emal zamanı birə-bir əldə olunan məhsullardır. Amma əlavə dəyər qatılmış və yüksək süd tələb edən məhsullar, bərk növ pendirlər və kərə yağında biz özümüzü təmin etmirik və ciddi ehtiyac var. Məsələn, bir kiloqram kərə yağını əldə etmək üçün yağlılıqdan asılı olaraq 20-22 litr xam süd lazımdır. Yəni, bu gün biz özümüzü kərə yağı ilə tam təmin etmək istəsək, ölkədə istehsal edilən xam süd ən azı 2 dəfə çox olmalıdır. Bu da çox ciddi rəqəmlərdir.

"Xaricdən gətirilən qatqılı süd məhsulları yerli bazara ziyan vurur"

Azərbaycanda süd məhsullarından istifadə Ümumdünya Səhiyyə Təşkilatının adambaşına düşən normalarından 25% azdır. Digər ciddi problem qatqılı süd məhsulları ilə bağlıdır. Süd məhsulunu iki dəfə emal etmək olur. Əvvəlcə yağ və digər məhsullar alınır, qalan mayeyə marqarin, spred və ya palma yağı tipli məhsullar əlavə edərək ikinci dəfə emal etmək olur. Bu da təkcə bizdə deyil, Rusiya və digər MDB ölkələrində ciddi problemə çevrilib. Bu məhsullar ümumilikdə, Azərbaycanda südçülüyün inkişafına ciddi problem yaradır. Bununla bağlı AQTA-ya təkliflər də vermişik. Təklif edirik ki, piştaxtalarda süd məhsulları ilə qatqılı süd məhsulları ayrılsın. Bu emalçıların da məhsullarını satmaq hüququ var, amma istehlakçılar aldığı məhsulunun təbii və ya qatqılı olduğunu da bilməlidir.

"Rusiya-Ukrayna müharibəsi yem qiymətlərini 60% artırıb"

- Yem idxalında xaricdən asılılıq niyə yüksəkdir?

- Azərbaycan özünü heç bir halda qüvvəli yemlərdə təmin edə bilməz. Həm torpaqların zənginliyi, həm də su resursu baxımından bu mümkün deyil. Ona görə də yem ehtiyatlarında idxaldan kəskin asılıyıq. Xam südün 69-70%-i maya dəyəri yemlə bağlıdır. Rusiya və Ukrayna arasında baş verən müharibə yem qiymətlərini 60%-ə qədər artırıb. İndi təsəvvür edirsiniz, yemin bahalaşması xam südün qiymətini nə qədər artırır?

- Amma yem qiymətlərində artımı biz 2018-ci ildən hiss etməyə başlamışıq. Sizcə bu təkcə xarici faktorlarla bağlıdır?

- Burada bir sıra nüanslar var. Dünyada yem qiymətlərinin artım tendensiyası mövcuddur. Digər tərəfdən, əsas yem istehsalçısı olan Rusiya və Ukrayna arasında müharibə təkcə bizim üçün deyil, bir çox ölkələr üçün problemə çevrilib. Bir var illik 10-15% artım, bir də var kəskin artım. Kəskin artım sırf hazırki müharibə ilə bağlıdır. Biz hazırda yem idxalında 70%-ə qədər xaricdən asılıyıq. Azərbaycanda demək olar ki, soya əkilmir. Ən çox asılılıq isə buğdadadır. Azərbaycanda heyvanlar üçün vitamin minaral kompleksləri, premikslər ümumiyyətlə istehsal edilmir, yalnız xaricdən gəlir. Amma bu asılılıq təkcə bizdə deyil, məsələn, qardaş Türkiyənin özünün də yem asılılığı var. Bu da qaçılmazdır.

"ƏDV və iadə xərcləri qiymətlərə təsir edir"

- Süd məhsulları marketdə 2-2,3 manata satılırsa, fermer südü niyə 60-65 qəpiyə yerli emalçıya təhvil verə bilmir? Emalçı niyə təmiz süd əvəzinə xaricdən gətirilən yarımfabrikat istifadə edir?

- Burada ən ciddi məsələlərdən biri əlavə dəyər vergisidir (ƏDV). Piştaxtada təmsil olunan malın ƏDV-si var. Fermerdən çıxan südün ƏDV-si yoxdur. Arada 18% qiymət fərqi yaranır. Bu, kiçik rəqəm deyil. Qablaşdırma materialları Avropadan xarici valyuta ilə alınır. Ortalama bir qablaşdırma xərci 0,17 avrodur. Qiymətə ticarət mərkəzinin əlavəsi və süd məhsullarının geriqaytarılma məsrəfi də daxildir. Məsələn, Rusiyada heç bir şəbəkə məhsulları geri qaytarmır. Azərbaycanda isə 20%-ə qədər məhsullar geri qaytarılır və bu, standard bir prosedurdur. Yəni, bütün bu xərcləri hesablayanda görürük ki, süd emalçılarının da ciddi bir qazancı yoxdur. Emalçı 10% gəlir əldə edəndə sevinir.

"Yerli məhsullar dövlət dəstəyi alan xarici məhsullarla rəqabət apara bilmir"

- Hazırki qlobal bahalaşma fonunda xaricdən idxal edilən süd məhsulları da bahalaşır. Belə olan halda yerli fermerlər məhsullarını satmaqda niyə çətinlik çəkirlər?

- 2018-ci illə müqayisə etsək, yemin qiyməti 100% artıb. Amma südün qiyməti həmin dövrdə 62-65 qəpik idi. İndi də eyni qiymətə təklif edilir. Zərər edən fermer məcburən südlük inəyi kəsimə göndərir. Bizim üçün də sualdır. Hər yerdə qiymətlər artıb, bizim fermerin də məhsul üzrə maya dəyəri artıb. Belə olan halda südün alış qiyməti də artmalı idi. Niyə artmadı? Bunun səbəbini idxalda axtarmaq lazımdır. Bizim araşdırmamız nəticəsində məlum oldu ki, bir sıra ölkələrdə yarım fabrikat formada ölkəyə külli miqdarda ucuz məhsul daxil edilir. Bunun da bir neçə səbəbi ola bilər. Məsələn, vaxtilə Türkiyədə quru südün ixracına ciddi subsidiya verilirdi. Qardaş ölkə özünü kərə yağı ilə təmin etmək istəyirdi. Yəni, quru südün istehsalını dəstəkləyirdilər və yağ ehtiyatlarını artırırdılar. Süd istehsal edən ölkələrin bu şəkildə dövlət dəstəyi məhsulun ucuz olmasına və idxal edildiyi ölkələrdə qiymət çalxalanmalarına səbəb olur.

"Azərbaycanda uzunmüddətli südçülük proqramının qəbul edilməsinə ehtiyac yaranıb"

Hazırda da eyni vəziyyət yaranıb. Hal-hazırda xam südün qiyməti artır. May ayının 15-dən Türkiyə südə dəstək proqramını qəbul edib. Xam südün bir litrinin istehsalına dövlət 11 qəpik dəstək verir. Türkiyədə fermerlər hökumətlə südün maya dəyərini 82 qəpik razılaşdırıb. Dövlət də bahalaşmadan qaçmaq üçün fermerə 3 qəpik marja yeri ayırıb. Azərbaycanda isə hazırda süd ehtiyatları kəskin şəkildə azalır. Fermerlər süd istehsalında maraqlı deyil. Bu isə o deməkdir ki, qiymətlər 85 qəpiyə qalxacaq. Baxın, Türkiyə süd emalçısı da südü 85 qəpiyə alacaq, Azərbaycanda yerli emalçı da. Amma orada dövlət istehsala 11 qəpik dəstək verir, bizdə isə verilmir. Nəticədə, Türkiyə südü bizim məhsuldan daha ucuz olacaq. Eyni qayda Belarus, Rusiya, İran, Gürcüstan məhsullarına da aid ola bilər. Ona görə də bizim dövlət olaraq ayrıca on illik südçülük proqramımız olmalıdır. Nəyə görə?

"Günə 60 ton məhsul verən təsərrüfat indi istehsalı 18 tona kimi azaldıb"

Hər il ölkədə süd istehsalında kəskin valotillik olur. Yəni, qış aylarında qiymət artır, yay aylarında qiymət ciddi şəkildə enir. Bu, nə emalçıya, nə də fermerə sərfəlidir. Üç ay məhsulu zərərlə satan fermer südü azaltmaq üçün heyvana daha az yem və vitamin kompleksləri verməyə başlayır. Amma heyvanın yenidən məhsuldarlığını artırmaq üçün 6 ay vaxt lazımdır. Yəni, normal məhsuldarlıq proqramı qura bilmirik. Günə 60 ton süd verən təsərrüfatlarımız var. Bu gün həmin təsərrüfat 18 ton məhsul verir. Fermerin yem almağa vəsaiti çatmır. Ona görə də heyvanların sayını və onların rasionunu azaltmağa məcbur olur.

"Dövlət süd qiymətlərində tənzimlənməni həyata keçirməlidir"

- Süd istehsalının tənzimlənməsi üçün hansı addımlar atılmalıdır?

- Əslində, emalçılarla fermerlər illik müqavilələr bağlasalar hər ikisi orta qiyməti müəyyən edə biləcək. Amma burada tənzimləyici orqan olmadığına görə, tez-tez qaydalar dəyişir, bu və ya digər tərəf qaydaları poza bilir və bir-birlərinə etibar azalır. Biz təklif edirik ki, dövlət bu prosesdə tənzimləyici funksiyanı icra etsin. Məsələn, Türkiyə modelində mütəmadı olaraq xüsusi işçi qrupu bir neçə aydan bir toplanır və südün qiymətini müəyyən edir. Məhsul bu qiymətdən aşağı təklif edilə bilməz. Belə olan halda hamı bilir ki, növbəti 3-6 ayda süd qiymətləri tənzimlənəcək. Bu bir modeldir. İstifadə etmək olarmı? Bəli, olar. Amma yoxlamaq lazımdır. Məsələn, İran modelində olduğu kimi yem alışına dəstək verilsin. Yəni, modellər fərqlidir. Dövlət ixtisas üzrə mütəxəssislərdən ibarət işçi qrup yaratmalıdır və iqtisadçılar tərəfindən hesablanıb qiymətlər müəyyən edilməlidir.

"Dövlət südçülüyü həm subsidiyalaşdırmalı, həm də şəffaf etməlidir"

Əsas məsələ odur ki, dövlət bu sənayeni həm subsidiyalaşdırmalı, həm də şəffaf etməlidir. Biz hökumətə bunu təklif edirik və deyirik ki, xaricdən ölkəyə ucuz süd idxal ediləcəksə, onunla rəqabət apara bilməyəcəyik. Bizim rəqabət problemimiz var. Yəni, bu gün süd ixrac edən ölkələr fermerə dəstək olursa, bizdə də bu addım atılmalıdır ki, südçülük sənayesi inkişaf etsin.

- Bəs, südçülüyün subsidiyalaşdırılmasının əsas faydaları nə olacaq?

- Dövlət bu sahədə subsidiyalaşdırma həyata keçirsə qiymətlərin tənzimləmə funksiyası daha rahat icra olunacaq. Digər tərəfdən bu şəfaflaşma ilə nəticələnəcək. Eyni zamanda iş yerlərini artıra bilər. Dövlət subsidiyanı zərər kimi qəbul etməməlidir. Bir tərəfdən subsidiya verilirsə, emalçı tərəfdən ödənilən vergilər bir xeyli artmış olur. Burada ƏDV, mənfəət vergisi və işçilər üzrə vergilər də var.
Bundan əlavə, ölkəyə illik orta hesabla 147 milyon dollarlıq süd məhsulları daxil olur. Südçülük sənayesinə dövlət dəstəyi həm də xaricə valyuta axınının qarşısının alınmasına kömək edə bilər.

"Geosiyasi vəziyyət qarşıdakı üç il ərzində süd məhsullarında ixrac fürsəti yaradıb"

- Azərbaycanda südçülüyün ixrac potensialı varmı?

- Hazırki geosiyasi, geoiqtisadi vəziyyət yerli məhsullara yeni bazarlara çıxış imkanı yaradıb. Qarşımızda Rusiya kimi nəhəng bazar formalaşıb və böyük həcmdə Azərbaycan məhsullarına, həmçinin də süd məhsullarına tələb yaranıb. Yəni, bizim ixrac imkanlarımız da artır. Bu gün biz Rusiyaya ixrac imkanlarımızı artırdığımız təqdirdə, sabah Yaxın Şərq bazarına da çıxa bilərik. Bilirik ki, Ukrayna Çinə qədər süd məhsulları tədarük edirdi. Niyə də biz etməyək? İmkan yaranmışkən bu əlaqələri indi qurmaq lazımdır. Qarşıdakı üç il ərzində bizim üçün ixrac fürsəti yaranıb. Sonra gec olacaq. Boşluğu biz doldurmayacağıqsa, başqa ölkələr dolduracaq.

"Südün hər litrinə ümumilikdə 20 qəpik subsidiya ayrılmalıdır"

- Türkiyə modelini qeyd etdiniz, Azərbaycanda südçülüyün inkişafı üçün subsidiya nə qədər olmalıdır?

Bizim hesablamamıza görə, ümumilikdə 20 qəpik olmaqla fermerə və emalçıya südün hər litrinə görə 10 qəpik subsidiya ayrılmalıdır. Dövlət xərcləyəcəyi vəsaitin böyük hissəsi bu və digər formada özünə qaytaracaq. Xərclənən vəsaitlər də nəticə etibarilə iqtisadiyyatın ayağa qalxması deməkdir. Baxın, südçülük inkişaf edirsə, deməli, yemçilik inkişaf edəcək, yerlərdə səmərəli yemçilik təsərrüfatları, emal təsərrüfatları, kiçik və orta fermer təsərrüfatları arta bilər. Damazlıq heyvandarlıq, baytarlıq sahəsi inkişaf edə bilər. Bu isə ümumilikdə məşğulluğu xeyli artıra bilər. Yəni imkanlar çox genişdir.

"Fermer südünü sata bilmir, satsa da pulunu ala bilmir"

Bu gün fermer südün satışı problemi ilə rastlaşmamalıdır. O bilməlidir ki, onun südü qapısında qalmayacaq. O düşünməməlidir ki, “sabahkı südü kimə verəcəm, neçəyə satacam, onun pulunu nə vaxt alacam?”. Bu yükü onun çiynindən götürmək lazımdır. Fermer bu gün verdiyi südün pulunu 3 aydan sonra alır. Bəs, fermerin o qədər vəsaiti hardandır? Kredit götürə bilər. Amma bu da əlavə xərc tələb edir. Fermerlər üçün müxtəlif aşağı faizli kredit təklifləri ola bilər. Yenə də hər fermer bu kreditlərdən istifadə edə bilmir və ya etmək istəmir. Deyir, südü satmışamsa bir həftə ərzində mənim pulum köçürülsün. Dövlət burada fermerə dəstək ola bilər. Fermerin bu gün istehsal etdiyi südün bir-iki gün ömrü var. Həm saxlama yeri yoxdur, həm də xarab olur.

"Xarici kərə yağları 14 manata, yerli məhsul isə piştaxtaya 18 manata çıxarılır. Necə rəqabət aparaq?"

- Niyə kərə yağı istehsal edə bilmirik?

- Yenə məsələ rəqabətlə bağlıdır. Ukrayna və Belarusdan gələn kərə yağı piştaxtaya bütün xərclər daxil 14 manata gəlib çıxır. Bizim kərə yağı 18 manata başa gəlir. Necə rəqabət aparsın? Səbəblər çoxdur. Emalın özündə də bizim texnoloqlar çatışmır. İndi çalışırıq, bu proseslərə başlayaq, texnoloqlar artsın, məhsuldarlıq bu istiqamətdə artsın. Amma yenə də biz uduzuruq bu sahədə. Digər tərəfdən bu böyük bir investisiya tələb edir. Kərə yağı istehsalı yatırım tələb edən prosesdir. Bu sahəyə yatırım edən sahibkar stabil qiymət istəyir. Bir gün südü 40 qəpiyə alıb, o biri gün 90 qəpiyə almaq istəmir. Sahibkar üçün bu çox təhlükəlidir. Sahibkar ən azı 3-5 il öncəni görməlidir. Məsələn, Azərbaycanda satışları olan Fransa şirkəti Qazaxıstanda, Rusiyada, kiçik bazar olmasına baxmayaraq Gürcüstanda zavod qurub. Azərbaycanda isə bunu etmir. Niyə? Çünki süd təminatı standart deyil, davamiyyətli südümüz yoxdur. Deyirlər, 30-40 milyon yatırım edib zavod quracağıq, sabah müəssisə lazımı gücdə işləyə bilməyəcək. Yenə də problem gəlib dövlət tənzimlənməsinə bağlanır. Tək yerli investisiya ilə işləri həll etmək olmur, xarici investisiyalar da cəlb edilməlidir. Xarici partnyorlar da bilməlidir ki, ölkənin südçülük proqramı var və bu proqramın nəticəsi uzunmüddətdə necə olacaq. İnvestor da bu proqrama uyğun olaraq fəaliyyət planını quracaq. Bu istiqamətdə ciddi şəkildə axsayırıq.

- Dövlət qurumları ilə başqa hansı təklifləri müzakirə edirsiniz?

- ƏDV-nin diferensiallaşmasını təklif etmişik, fermer ƏDV-dən azaddır, amma emalçı azad deyil, son zəncir ticarət nöqtəsi, bu məhsulları alan əhali azad deyil. Yəni, differensiallaşdırılma olsa, ƏDV 8% civarına endirilsə, daha effektiv bir zəncir formalaşdırmaq olar. Fermer ƏDV-yə ayırdığı vəsaiti xərclərinə yönəldə bilər.

"Dövlət qurumları bu gün baş verən problemə 3-5 ay sonra reaksiya verir"

- Dövlət qurumları mövcud problemlərin həlli ilə bağlı niyə lazımı addımlar atmır?

- Dövlət strukturları bizi qəbul edir, fermerləri, emalçıları dinləyir, amma çox gecikmiş reaksiyalar verilir. Dünən baş vermiş hadisəyə bu gün reaksiya verilməlidir, 3-5 aydan sonra yox. Fermerin problemini görmürlər. Dövlət strukturları yerlərdə çox ola bilər. Ancaq ordan yuxarı gələn məlumatın sürəti çox zəifdir. Prezident İlham Əliyevin assosiasiyaların fəaliyyətini dəstəkləməkdə əsas məqsədlərindən biri də sahibkardan dövlət qurumlarına məlumatına operativ çatdırılması idi. Ancaq mövcud durum fərqlidir. Problemləri, baş verən prosesi qısa zamanda fermer və emalçılarla müzakirə edir və çıxış yollarını axtarıb tapmağa çalışırıq. Ancaq bizim də məlumat almaq hüququmuz var. Bu gün dövlət qurumları assosiasiyaları minimum məlumatlandırırlar. Məsələn, yem təminatı istiqamətində dövlət proqramı varmı? Hansı işlər görüləcək? Bu gün biz və sahibkarlar bundan məlumatsızıq.

Dövlət qurumlarından yalnız KOBİA bizimlə ən yüksək səviyyədə məsləhətləşmə aparır. Amma onların da südçülük istiqamətində təsiredici funksiyası yoxdur. Digər dövlət qurumları sıx əməkdaşlıq etmir. Etmədikləri üçün də məlumat qırılmaları yaranır. Fermerlər soruşurlar, dövlət bizim haqqımızda nəsə fikirləşir? Bizdən də məlumat ala bilməyəndə ümidsizləşirlər və daha artıq südlük heyvanları kəsimə göndərir.

Ümumiləşdirsək, biznes hiss etməlidir ki, dövlətin nəbzi onunla bir döyünür, əks halda heç bir inkişafdan söhbət gedə bilməz.

Digər xəbərlər
SON XƏBƏRLƏR