Azərbaycan mətbuatının yayım problemləri ilə bağlı konfrans keçirildi

img

30-01-2014 [13:09]


Bu gün- yanvarın 30-da qəzet sənayesinin təmsilçiləri - mətbuat orqanlarının rəhbərləri və yayım strukturlarının nümayəndələri Azərbaycan mətbuatında yaranmış ağır vəziyyətlə bağlı konfransa toplaşıblar. Musavat.com-un məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən konfrans "Azərbaycan mətbuatı - problemlər, perspektivlər” adlanır. Konfransda redaktorlar, jurnalistlər, yayım şirkətlərində çalışan və hazırda işsiz qalmaq təhlükəsiylə üzləşmiş işçilər, deputat, ictimai-siyasi xadimlər də iştirak edir.  

İlk olaraq çıxış edən Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən 2014-cü ilin əvvəlində səyyar qəzet yayımına qoyulan qadağa bu konfransın keçirilməsini zəruri edib. Onun sözlərinə görə, səyyar mətbuat yayımı mətbuatın üçdə birini, hətta bir qədər də çoxunu təşkil edir: "Hesab edirik ki, bu gün səyyar yayıma qoyulan qadağalar ümumilikdə mətbuata qoyulan qadağalardır. Ona görə buraya yığışdıq ki, müzakirə edək və qərar verək, ölkəəy qəzet, yazılı mətbuat lazımdırmı?”.

Səyyar satıcı vitrini dağıdılmış Arif Əsgərov isə bildirib ki, 11 yanvar 2014-cü ildə paytaxtın mərkəzində, "Torqovı” adlanan ərazidə onun vitrini dağıdılıb: "Əlimizdə sənəd var, Ticarət Departamenti bizə sənəd verib. Mən Səbael rayon polis İdarəsinin rəisi İlqar Mahmudova bildirdim ki, burada qəzet satanların əksəriyyəti əlil və aztəminatlı insanlardır, hər gün ölkədə insanlar özünü yandırır. İlqar Mahmudov isə dedi ki, yandır, benzin yoxdursa, verim. Mən onun cəzalandırılması üçün dövlət başçısına və bir çox aidiyyatı qurumlara müraciət etmişəm”.

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə çıxışı zamanı mətbuatın durumunun yaxşı olmadığını vurğulayıb: "Ənənəvi mətbuat sıradan çıxmaq təhlükəsi qarşısındadır. Bu, baş verdiyinə və mərhələli şəkildə getdiyinə görə hər kəs- yayıcılar, satıcılar, qəzetlər, jurnalistlər- hamı zərər görür. Biz yığışıb həyəcan təbili çalırıq ki, yazılı mətbuatı və iş yerimizi qoruyaq. Kimin xəbəri yoxdursa, xəbərdar edək. Ənənəvi yazılı mətbuatı, qəzetləri qorumağa çalışaq”.

R.Arifoğlu ölkə mətbuatının yayım problemindən detallı danışıb, "Qaya” və "Qasid” firmalarının köşklərinin götürülməsindən, "Metroservis”in bağlanmasından, yeni köşklərin qəzet satışına qoyduğu qadağadan, nəticədə qəzetlərin tirajının azalmasından və real çökmə təhlükəsindən bəhs edib. Onun sözlərinə görə, Mətbuat Şurası redaktorlarla birgə yayım problemini müzakirə edərək təkliflər hazırlasa da, vəziyyət dəyişməyib: "Mətbuat yayımının, səyyar satışın daha da təkmilləşdirilməsinə dair təkliflər hazırladıq. Təklifləri göndərdik Prezident Adminstrasiyasına. Gözləyirdik ki, təkliflərdən sonra vəziyyət dəyişəcək. Amma məlum oldu ki, 2014-cü il yanvarın 1-dən bütün əl yayımı sisteminin lisenziyası ləğv olunub. Faktiki olaraq biz gündəlik əl yayımına 3 min nüsxə qəzet verirdiksə, indi 1100 nüsxə veririk".

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib