Azərbaycan futbolunda mətbuat xidmətlərinin rolu və ya milyonlar kimlərin əli ilə talanır?

img

27-01-2014 [11:32]



 Müstəqilliyimiz dövründə Azərbaycan futbolunda ciddi uğurların qazanılmaması nəinki mütəxəssislər, hətta cəmiyyətin bütün təbəqələri arasında zaman-zaman müzakirə mövzusu olub. Lakin çıxış yolu tapılmayıb, üstəlik, hansısa ciddi bir səbəblə bağlı orta məxrəcə gəlinməyib. Orta statistik azərbaycanlılar isə daha çox «biz zatən komanda oyunu oynaya bilmirik, çünki hamı istəyir ki, özü önə çıxsın, şöhrət onunla olsun…» fikrinin üzərində dayanır. 

Bəs, əsl həqiqət necədir?

 Bu ya digər problemlərlə bağlı mia.az-ı məlumatlandıran futbol mütəxəssislərindən birinin sözlərinə görə, futbolumuzun inkişafını əngəlləyən həqiqətən çox ciddi səbəblər var:

 «Bəli, Azərbaycan futboluna çox böyük pullar xərclənir. «Bakı», «İnter», «Xəzər Lənkəran», «Neftçi», «Qarabağ» digər bir neçə kubların maddi təminatları çox yüksəkdir. Di gəl ki, bu komandalardan «Qarabağ» istisna olmaqla, heç biri beynəlxalq arenada uğur qazana bilmirlər. İş o yerə çatıb ki, Moldova komandaları belə bizim güclü saydığımız komandalarımızı çox asanlıqla məğlub edirlər. Əsas səbəbi komanda oyunu oynaya bilməməyimizlə bağlayırlar. Amma mən elə düşünmürəm. O sadə səbəbdən ki, ötən ilə qədər «Qarabağ» istisna olunmaqla, digər klublarımızın hamısının əsas heyəti əcnəbilər olub. Amma «Azərsun»unun maliyyələşdirdiyi Qurban Qurbanovun çalışdırdığı «Qarabağ» Avropada Azərbaycanın futbol tarixinə hələki qızıl hərflərlə yazılan kifayət qədər uğurlar qazanıb. Demək, söhbət oyunçularımızın mentalitetindən getmir. Söhbət klubların idarə olunması, oradakı cılız təfəkkürlü insanların rəhbərlikdə təmsil olunmasındadır. Bəli, fakt belədir ki, klubların əksəriyyətində yerində olmayan kadrlar hökm verəcək statuslara gətiriliblər. O adamlar isə nəinki kurasiya etdiyi sahəni bilirlər, əksinə, digərlərinin səlahiyyətlərinə müdaxilə etməklə, klubda iki, üç, bəzən beştirəlik yaradırlar. Nəticə etibarı ilə klub uğursuzluğa düçar olur,  rəhbərliyində təmsil olunanlar isə buna adekvat olaraq sürətlə varlanırlar».

 Müsahibimiz klubların mətbuat ya ictimaiyyətlə əlaqələr şöbələrinin «fəaliyyəti»ni misal gətirməklə, fikirlərini konkretləşdirib: «Azərbaycanda xeyli idman saytları var. Adlarını çəkməyəcəyəm, zatən onların hansı sayt və digər media qurumları olduğunu siz bilirsiniz.

Diqqət edin, onların yaydıqları xəbərlərin alt qatında gizlənən mətləblərə. Görəcəksiniz ki, daha çox oxunan saytlar yalnız bir ya iki klubun reklamı ilə məşğul olur, digərlərini isə arxa plana keçirirlər. Çünki həmin klubların mətbuat xidmətləri ilə bu saytların rəhbərləri qeyri-rəsmi "aylıq məbləğ”ə razılaşıblar. Saytın oxucu dairəsindən aslı olaraq, aylıq 300-dən 1000 manata qədər «paket» verilir. Məsələnin maraqlı tərəfi budur ki, burada mətbuat katiblərinin də "yaxşı gəlir”ləri olur. Onlar sayt rəhbəri ilə gizli anlaşmaya gedərək, "aylıq məbləğ”in müəyyə faizinə sahiblənirlər. Bundan əlavə, qeyri-rəsmi anlaşmalarda klub rəhbərləri "rəqib saytlar”ı da «unutmurlar». Mətbuat katibləri klubda bağlı olduğu rəhbər şəxslərdən gələn «təlimat»lar əsasında rəqib saytlara da pul verirlər. Amma bu pul hər ay deyil, "kompromat”lar zamanı ödənilir. Bəli, burada məqsəd klubun təbliğatı deyil, klub rəhbərlərindən hər hansı birini gözdən salmaq üçün, onun özəl ya hansısa « ictimai ÇP»sini yaydırırlar. Bununla da "rəqibi” sponsorun (oxu: klub prezidentinin) gözündən salaraq, klubdaxili çəkişmələr dərinləşdirilir. Nəticə etibarı ilə, kluba axan maliyyələr əsl hədəfinə deyil, mətbuat katiblərinin "xidmətlər”i sayəsində ciblərə axır. Yəni «suyu bulandırıb, rahat balıq tuturlar». Belə hallar transferlər özünü göstərir. Menecerlərlə əlbir fəaliyyət göstərən klub rəsmiləri var ki, prezidentlərinə kələk gəlməklə, çox böyük sərvət sahibi olublar. Elə «Xəzər Lənkəran» və digər bir neçə klubun uğursuzluq zolağında çabalamasının əsl sirləri buradan qaynaqlanır».

 Məlumatlı şəxs mia.az-a deyib ki, eyni hal AFFA-da da hökm sürür: «AFFA-da bu gün elə adamların adları maaş cədvəlində gedir ki, o adamlar heç bilmir federasiyanın qapısı haradan açılır. Amma onlar federasiyada vəzifə tutur, çox yüksək maaş alırlar. Belələrindən biri AFFA-nın uşaq futbolu departamentində şöbə rəisi işləyən Yusif Vəliyevdir. İstəsəniz, araşdırma aparın, görün, adı AFFA-da şöbə rəisi gedən bu adam aylarla oraya gəlirmi? Ümumiyyətlə, Yusif Vəliyevin əsas işi nədir? O, işlə məşğul olur? ya tamam başqa bir sahə ilə məşğul olan bir adamı AFFA-da önəmli posta kim ya hansı məqsədlə təyin edib?».

 «Bakı», «İnter», «Xəzər Lənkəran», «Neftçi», «Qarabağ» digər klubların mətbuat katiblərinin bəzi sayt qəzetlərlə «işbirliyi»nin detalları barədə daxil olan informasiyalar əsasında apardığımız araşdırmaları davam edəcək. Bizi izləyin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA