Millimizin futbolçularından biabırçı açıqlamalar

img

06-12-2013 [23:25]


Tarif Şurasının dekabrın 2-də verdiyi qərardan sonra ölkədə benzinin qiymətinin qalxması bir çox təbəqədən olan insanlar- siyasətçilər, jurnalistlər, QHT nümayəndələri, sənətçilər tərəfindən narazılıqla qarşılandı.

Virtualaz.org xəbər verir ki, qiymət artımı ilə bağlı futbolçularımız da öz fikirlərini jurnalistlərlə bölüşüb.

"Qəbələ” futbol klubunun oyunçusu Rail Məlikov qiymətlər qaxdığına görə yaşayış səviyyəsi yaxşı olmayan insanları düşünərək narahat olduğu deyib: "Mənə elə gəlir ki, qiymət artımı futbolçuları elə də narahat etməz. Bundan əziyyət çəkən camaat olacaq. Elə insanlar var ki, 300-400 manat maaş alır. Ailəsini güclə dolandırır. Bundan sonra onlar çətin ki, avtomobildən istifadə etsin. Özümə gəlincə isə əvvəlki avtomobilimin mühərriki böyük olduğundan yanacaq sərfi çox idi. Amma indiki avtomobilim çox benzin yandırmır. Bu, mənim cibimə o qədər də təsir etməz. Bu xəbəri eşidəndə camaata görə çox pis oldum”.


Milli komandamızın və "Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyev isə "Futbol+” qəzetinə açıqlmasında qiymət artımına belə reaksiya verib: "Nə olsun ki, futbolçuyam, məgər ölkədəki vəziyyəti təkcə özümlə ölçməliyəm? Xeyr, elə şey ola bilməz. Xalqımın problemi mənim problemimdir. Xəbəri eşidəndə bəlkə də ən çox mənim əhvalım korlandı. İnanın, deməyə söz tapmıram. Məni yandıran camaatın vəziyyətidir. Neft istehsal edən ölkədə yanacağın qiymətinin artması normal qəbul oluna bilməz. Neft-qazımız olmasaydı, yenə başa düşmək olardı. Nefti başqa ölkədən alsaydıq, belədə yanacağın qiymətinin 1-2 dollar olmasını anlamaq mümkün idi. Allah bizim ölkəyə hər cür sərvət bəxş edib. Adama təsir edən odur ki, bunu xəbərdarlıqsız etdilər. Səhər yuxudan oyandıq ki, yanacağın qiyməti artıb. Onsuz da unun, şəkərin qiyməti artmışdı. Bundan sonra bir az da artacaq. Kasıb əhali üçün 15-20 qəpik də böyük puldur. Bu cəmiyyətin üzvü kimi mövcud vəziyyət məni çox narahat edir”.


Milli komandamızın və "Neftçi” klubunun oyunçusu Mahir Şükürovun qiymət artımı ilə bağlı açıqlaması isə hər kəsi təəccübləndirib. O, "Futbol+”a açıqlamasında benzinin pulunu ARDNŞ-dən aldığı üçün qiymət artımına görə narahat olmadığını deyib: "Mənim üçün heç bir fərqi yoxdu. İstəyirlər qiyməti lap 1 manata qaldırsınlar. Onsuz da biz yanacaq pulumuzu SOCAR-dan alırıq”.

Qeyd edək ki, "Neftçi” futbol klubunun prezidenti Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdir. Deməli, hər şey aydındır...


Virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA