Əsl zənginlik nədir?

img

21-11-2013 [16:27]



Leyla Namazova


Düz deyiblər ki, zənginlik heç də pul və mal-dövlətlə ölçülmür. İnsanın gərək daxili dünayası zəngin olsun. Yoxsa, bəzən varlı bir insanla qısa ünsiyyətdən xəyal qırıqlığına uğrayırsan. Əslində, onların maddi imkanlarının aşıb-daşmasına baxmayaraq, daxilən kasıb olmalarının səbəbini tapmaq o qədər də çətin olmur. Çünki başları, necə deyərlər, pul yığmağa qarışanlar yetərincə savad, bilik almağı, mütaliə ilə məşğul olmağı unudurlar. Belələrinin maraq dairəsini ancaq pul, səyahət, yaxşı yeyib-içmək, dəb, brendli geyimlər, bahalı maşınlar, telefonlar, qızıl-zinyət əşyaları və boş-boş söhbətlər, belə desək, dedi-qodular təşkil edir. Sabahı düşünmədən, cılız, kasıb dünya görüşü ilə günlərini başa vururlar. Bu cür adamlar klassik musiqidən, ədəbiyyatdan danışmağa cəhd etsələr də, mədəniyyət və incəsənətdən dəm vursalar da, əslində daxili aləmləri tamam başqa şeydən xəbər verir. Çünki onlar əsl kübarlıqdan uzaqdırlar. Çünki onlar elmdən, ədəbiyyatdan, belə demək mümkünsə, gerçək mədəniyyətdən uzaqdırlar. Avropa ölkələri belə, onlar üçün şoppinq məkanıdır. Gedib pal-paltar alıb qayıdanda lovğalanırlar ki, "Bilirsən, mən harada idim? Mən Parisdə və ya Milanda idim, butiklər var idi orda, min göz lazımdır tamaşa edəsən, çox möhtəşəm, füsunkar yerlər idi, yaxşıca dincəlib, alış-veriş edib, geyim-kecim alıb qayıtdım”. Burada bir haşiyə çıxmaq istərdim. Bir dəfə qonaqlıqda idim, orta yaşlı, savadlı, ziyallı bir xanım sinədən Səməd Vurğundan şeirlər söylədi. Lakin bu, məclisdə olan bəzi adamlar tərəfindən gülüşlə, lağlağa ilə qarşılandı. Qadın isə özünü itirmədən onlara cavab olaraq "bu şeir qanan insanlar üçündür, qanmazlar üçün yox» dedi. Sadəcə, belələrini biliksiz, qaba kütlə adlandırmaq daha düzgün olardı. Bu yaxınlarda başqa bir imkanlı şəxsin məclisində iştirak edirdim və bu tip insanlardan bir neçəsinə üzümü tutub "xarici ölkələrdə brend dükanlardan başqa, kitabxanalara, muzey və qədim abidələrə rast gəldinizmi, ümumiyyətlə, oraları ziyarət etdinizmi və bu kimi yerləri ziyarət edib mariflənməyə necə baxırsız» - sualını verdim. Reaksiya elə də müsbət olmadı. Amma mənfi də qarşılanmadı. Sadəcə, qonaqların yarısı pərt olaraq bir-birilərinin üzünə baxıb təəccübləndilər. Hətta bir neçəsi qayıtdı ki, bu nə sualdı verirsən bizə, heç bu sualın yeridir? Doğrudur, mən də sevirəm həm ölkə daxilində, həm də Avropa ölkələrinə səfər edəndə alış-veriş etməyi. Lakin daha bu qədər də yox. İnsan hər şeylə maraqlanmalı, hərtərəfli olmalıdır. Hər şeyi kökündən bilməli, oxumalı, məlumat toplamalı və heç vaxt heç kimin yanında pərt olmamalıdır. Maraq dünyası ancaq maddiyyət olmamalıdır. Onu da deyim ki, bəzən elə kasıb, imkansız insanlarla söhbət edirəm ki, onlar məni valeh edir. Belələrinin daxili dünyaları, dünya görüşləri çox zəngin olur. Bax, buna deyərəm əsl maraqlı insan. Bir neçə il bundan əvvəl bir xanımla tanış olmuşdum. Doğrusu, hər dəfə onunla söhbət edəndə ürəyim açılır. Yaşlı, ziyalı bir xanımdır. Çox zəngin iç dünyası, gözəl danışıq qabiliyyəti, mükəmməl ifadələri və dəyərli məsləhətləri var. Baxmayaraq ki, çox kasıb, imkansız xanımdır. Amma elə bilirsən ki, oxumuş, ali məktəbi bitirmiş bir insandır, professordur. Bunları təsadüfən xatırlamadım. Məqsədim bir daha onu oxucuya çatdırmaqdır ki, zənginlik heç də pulla, mal-dövlətlə ölçülmür. Yenə də təkrar edirəm: insanın gərək daxili dünyası zəngin olsun, ağlı olsun. Necə ki, bunu həm varı çox olsa da, lazımi elmə, savada malik olmayanların, həmçinin, kasıb olsa da, daxilən zəngin olanların timsalında görürük. Bununla biz həm də «Əsl zənginlik nədir» - sualına cavab vermiş oluruq. Kamil insanlarla mənmuniyyətlə oturub saatlarla danışmağa hazıram, onlara baxıb maariflənmək istəyirəm, dəyərli məsləhətlər alaraq, hər mövzuda müzakirələr etmək istəyirəm. İstəyirəm ki, gözüm bir balaca sevinsin, gözüm ancaq brend paltarlar, alış-veriş, maşın, daş-qaş yox, savad, ağıl da görsün. Çünki insana var-dövlət yox, ağıl, savad qalacaq. Çoxları pulu hər şeydən üstün tutub insanlığı, mənliyi unudurlar. Odur ki, nə qədər gec deyil, gəlin, daxilimizi zənginləşdirək. Çünki var-dövlət, gerçək zənginlik məhz elmlə, savadla, geniş dünya görüşü ilə ölçülür. Həm də sadəliyi ilə hörmət qazanır. Mən deyərdim ki, sadəlik insanın baş tacıdır. Çalışın baş tacınızı yerə salmayın! 


Digər xəbərlər
SON XƏBƏRLƏR