Depuatat da qazetlərlə bağlı həyəcan təbili çaldı

img

15-11-2013 [14:24]



Mətbuat yayımı ilə məşğul olan "Metroservis”in köşkləri metro keçidlərindən yığışdırılır. Bu firma dünən fəaliyyətini dayandırıb.

Noyabrın 15-də "Media forum” saytı bu məsələyə rəsmi dövlət qəzeti "Azərbaycan”ın baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun münasibətini öyrənib.

Bəxtiyar Sadıqov qəzetlərin metro stansiyalarının çölündə satılmasının təhlükəsizlik baxımından daha doğru olduğunu deyib: "Ümumiyyətlə, "Azərbaycan” qəzeti metroda satılmayıb, bizim qəzet daha çox ənənəvi köşklərə verilir. Amma metro insanların kütləvi istifadə etdiyi nəqliyyat növüdür və qəzetlər yaxşı satılırdı.

Qəzet satışı problemli məsələyə çevrilib. Bakı şəhərinə qoyulan yeni köşklərdə qəzet, demək olar, satılmır. O köşklər qəzet satılması üçün qoyulubsa, satılan məhsul öncə qəzet olmalıdır. Amma orada qəzetdən başqa hər şey satılır, bu da ciddi problemdir.

Biz öncə qəzet köşklərinin parklarda, insanların piyada çox gedib-gəldiyi yerlərə qoyulmasına, həmin köşklərdə gündəlik qəzetlərin satılmasına nail olmalıyıq. Oktyabrın 18-də Bakıda dörd yeni köşkə baş çəkdim. O köşklərdə bir dənə də olsa "Azərbaycan” qəzeti yox idi. Küçə satışında da vəziyyət acınacaqlıdır.

Qəzet yayımı artıq dövlət nəzarətindən çıxarılıb. Bu işlə özəl şirkətlər məşğuldur. SSRİ dövründəki kimi hər rayona, hər evə qəzetin çatdırılması yoxdur. Heç yaxın vaxtlarda da gözlənilmir. Köhnə sistem pozulub, yeni sistem isə qurulmayıb. Ona görə də qəzetlərin vəziyyəti pisdir. Elə bizim vəziyyətimiz də ağırdır. Bu ili birtəhər başa vura biləcəyik. Amma növbəti ildə çox ciddi maliyyə çətinliyimiz olacaq. Narahatam ki, biz o çətinliyi necə dəf edəcəyik”.

Bəxtiyar Sadıqov qeyd edib ki, "Qasid” mətbuat yayımı firmasının "Azərbaycan” qəzetinə 40 min manata yaxın borcu var: "Dəfələrlə müraciət etmişik, firma isə maliyyə durumunun pis olduğunu deyir. "Qasid”in 200-ə yaxın köşkü götürülüb. Abunələri çox aşağı düşüb. Biz də onların vəziyyətini anlayırıq. Yaxın vaxtlarda onların bu borcu qaytaracağına inanmıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR