İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını və İrana qarşı əməliyyat çərçivəsində addımların koordinasiyasını müzakirə etdiklərini bildirib.
O bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazirin sözlərinə görə, İsrail və ABŞ arasında sıx qarşılıqlı fəaliyyət, o cümlədən hərbi hava qüvvələri və donanmaların əməkdaşlığı, eləcə də rəhbərlik səviyyəsində təmaslar qorunub saxlanılır. B. Netanyahu qeyd edib ki, İrana təzyiq bilavasitə hərbi əməliyyatlar formatında və başqa metodlarla gücləndiriləcək.
"Qarşıda hələ xeyli sürpriz var. Müharibəni hiylə ilə aparacağıq. Biz burada bütün hiylələri açıqlamayacağıq, ancaq çox plan var", - o yazıb.
Baş nazir həmçinin bildirib ki, zərbələr həm aviasiya, həm də pilotsuz uçuş aparatlarından istifadə edilməklə endirilir və İranın güc strukturlarının zəiflədilməsinə yönəlib. Onun sözlərinə görə, bu fəaliyyətlər ölkə daxilində dəyişikliklər üçün şərait yaratmaq məqsədi daşıyır.