Beş milyonluq siqaret qaçaqmalçılığı cinayəti ilə bağlı ittiham olunan məşhur iş adamı Ruslan Eyyubovun 2 aylıq ilkin həbsdə saxlanılma müddəti başa çatıb.

Məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bununla bağlı məhkəməyə təqdimat göndərib.

Prokurorluğun təqdimatına  Rayon Məhkəməsində baxılıb.

Binəqədi Rayon Məhkəməsinin verdiyi qərara əsasən, Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay uzadılıb.

Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki sahibi Ruslan Eyyubov ötən ilin son ayında həbs edilib. Onun qardaşı general Həsən Eyyubov da elə bu hadisələrin gedişində Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qaçaqmal Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanından keçdiyindən limanın direktoru, bir neçə gömrükçü və başqa əlaqəli şəxslər də cinayət məsuliyyətinə cəlb edilib.

MİA.AZ