"Azərişıq” ASC-nin abonentlərinin heç olmazsa 1%-i razıdırmı, onlardan 1 manat tutulsun?
İstifadə olunmayan işıq üçün vəsait tutulmalıdırmı? Dəxli yoxdur, 1 manatdır, ya 10 manat... Bu, konstitusion hüququn pozulmasıdır. Axı kim bununla razıdır? Bu, mənfəət, özü də zəhmət olmadan, nahaq gəlir götürmək istəyənlərin istəyindən başqa bir şey deyil”.
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
T.Kərimli hər abonentdən 1 AZN tutulmasının yanlış addım olduğunu qeyd edib:

“Dəhşətdir… Elə proseslər var ki, əhalinin 70-80%-i razı olur, 20-30%-i isə razı olmur. Bir dəfə eşitmədik ki, kimsə sabit tarifi təqdir etsin, müsbət qarşılasın. Yaxşı, bəs niyə hökumət belə hərəkət edir? Başım çıxmır. Belə şeylər xalqın inamını sarsıdır. Hökumətə çağırış edirəm ki, məsələyə nəzarət etsin. Sabit tarif ödənişi ləğv edilməlidir, xalqa zülm etməsinlər”.
Qeyd edək ki, ASC məsələyə belə aydınlıq gətirib ki, mənzillərə göndərilən bildirişlərdə sabit tarif əlavə olaraq qeyd edilir.
“İstifadə edilən elektrik enerjisinə görə yaranan məbləğlə sabit tarif üzrə aylıq 1 manat hesablanır və ödəniləcək son məbləğdə cəmlənir”, - məlumatda qeyd olunub.