Məşhur aktyor, xalq artisti Yaşar Nurinin qızı – müğənni və aparıcı Ülkər Yaşar “KüncBucaq TV”də qonaq olub.

O, verilişdə şəxsi həyatından, atasının xatirəsindən və şou-biznesdə qarşılaşdığı çətinliklərdən danışıb.

Ülkər Yaşar bildirib ki, atası Yaşar Nuri kimi sənətkarın övladı olmaq həm qürurvericidir, həm də məsuliyyətlidir:

“Yaşar Nuri kimi bir sənətkarın qızı olmaq həm çətindir, həm də çox qürurvericidir. Mən heç vaxt atamın adından istifadə etməmişəm. Qürurum buna imkan verməyib. Peşmanam ki, o vaxt atamın sözünə qulaq asmadım. Mənə elə ailələrdən elçi düşürdülər, amma getdim, çox kasıb bir ailə ilə ailə qurdum. Sonradan xəyanət oldu və ayrıldım. Yaşar Nurinin qızı olduğuma görə mənə qibtə aparanlar çoxdur. Amma 13 ildir qapımı döyən yoxdur. Ona görə də kiminsə bu gün mənə yol göstərməyə haqqı yoxdur. Atam mənə hər zaman deyirdi: ‘Heç vaxt başındakı tacı yerə qoyma’. Mən onun qızı olmaqdan qürur duyuram”.

Müğənni həmçinin geyim tərzi və səhnə davranışına görə edilən tənqidlərə də cavab verib:

“Mən hər zaman fərqli olmuşam. Geyimlərimə görə tənqid edənlərə sözüm budur: geyinmək yaraşırsa, geyinərəm. Bu, mənim seçimimdir. Geyimimlə bağlı müzakirələr mənə heç vaxt maraqlı deyil”.

Ülkər Yaşar şəxsi həyatı barədə də açıq danışıb. O, ailə qurmaqla bağlı tələskən olmadığını və bu mövzuda çox ciddi düşündüyünü deyib: “Mən ömrüm boyu şəxsi həyatımı nümayiş etdirmərəm. Mənim belə bir fikrim də yoxdur. O qədər ailəli insanlar var ki, mənə münasibət təklif edirlər, hətta bəziləri deyir ki, övlad da dünyaya gətir. Amma bu, mənə lazım deyil. Mən hər zaman Allahdan istəmişəm ki, qismətim halal və doğru insanla olsun, övladlarım da gözəl ailədə böyüsün. Mən o insanla ailə quraram ki, onunla rahat əl-ələ gəzə bilim, yan-yana otura bilim. Kiminsə tanışlığı ilə, kiminsə vasitəsilə qurulan münasibət mənlik deyil. Mənim üçün yoldaşım sanballı, hörmətli bir insan olmalıdır. Şəxsi həyat mənim özümə aiddir, heç kimin bu məsələyə qarışmağa haqqı yoxdur”.

MİA.AZ