Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli arasında barışıq əldə edilib.

Bu barədə Qaynarinfo-ya açıqlamasında Nazilə Səfərlinin vəkili Fuad Bədəlov bildirib.

"Düzdür, prosesə xitamla bağlı qərar hələ bizə təqdim olunmayıb. Amma artıq qarşı tərəfin üzr videosu icra şöbəsinə təqdim olunub. Rəsmi olaraq xitam qərarı hələ yoxdur, amma barışıq var və işə xitam verilməsi nəzərdə tutulub”.

Şairə Nazilə Səfərli rəqqasə Fatiməni məhkəməyə verib. Buna səbəb rəqqasənin onun ünvanına səsləndirdiyi ifadələr olub.

Nazilə Səfərlinin sosial şəbəkədə paylaşdığı statusda işlətdiyi kobud ifadələri rəqqasə Fatimə öz ünvanına yönəlmiş hesab edib. Bunun ardınca Fatimə Fətəliyeva sosial şəbəkədə canlı yayım açaraq Nazilə Səfərliyə sərt cavab verib və şəxsi həyat, ailə, keçmişlə bağlı kəskin ifadələr işlədib.

Bundan sonra Nazilə Səfərli Nərimanov Rayon Məhkəməsində "şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” tələbi ilə iddia qaldırıb. Şairənin iddiası qismən təmin olunub. Məhkəmə Fatimə Fətıliyevanın Nazilə Səfərlidən üzr istəməsi və 500 manat təzminat ödəməsi ilə bağlı qərar çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayaraq icraya yönəldib.

Bundan sonra Fatimə Fətəliyeva Nazilə Səfərlidən üzr istəyib.