Keçmiş həyat yoldaşı tanınmış aktrisa Xəyalə Quliyevaya qarşı məhkəmə iddiası qaldırıb.
Mia.az “Teleqraf”a istinadən xəbər verir ki, Yusif Musayev məhkəməyə Xəyalə Quliyeva ilə birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü üçün müraciət edib.
Maraqlıdır ki, iddia ərizəsində Xəyalə Quliyevanın 2019-cu ildə “Maşın Şou” televiziya layihəsində udduğu “Nissan Kicks” markalı avtomobilin adı da keçib. Yusif Musayev bu avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib.
Birinci instansiya məhkəməsi “Maşın Şou”dan qazanılan avtomobillə bağlı iddiaçının tələbini təmin edib. Xəyalə Quliyeva isə qərardan apellyasiya şikayəti verib.
Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, “Nissan Kicks” markalı avtomobil layihənin qalibi olduğu üçün ona hədiyyə kimi verilib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Məhkəmə belə qənaətə gəlib ki, həmin əmlak cavabdehə birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilib və bu əmlak bağışlama kimi qəbul oluna bilməz.
Tərəflərin əmlak mübahisəsi Ali Məhkəməyə qədər davam edib. Lakin Xəyalə Quliyevanın kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, tərəflər arasında bağlanmış nikah 2024-cü ilin dekabrında məhkəmə qaydası ilə pozulub.
***
Xəyalə Quliyeva video paylaşaraq məlumatı təkzib edib. O idarə etdiyi “Nissan Kisck” markalı 99-XG-949 dövlət qeydiyyat nişanlı avtomobilinin görüntüsünü paylaşıb: “Bayaqdan mənə mesajlar, zənglər gəlir. Belə bir məlumatı yayanda mənim özümlə danışmaq, dəqiqləşdirmək lazım idi. Mən maşınımdayam, öz maşınımda da olacağam”.
