Polşanın pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insident fonunda bəyanatları, demək olar ki, bütün Avropa paytaxtları üçün xarakterik olan ritorikanın davamıdır.

Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Varşavadan eşitdiyimiz bəyanatların ritorikasına gəlincə, əslində, orada heç bir yenilik yoxdur. Bu ritorika son vaxtlar, demək olar ki, bütün Avropa paytaxtları üçün xarakterikdir. Biz onun davamını görürük", - o bildirib.

Xatırladaq ki, sentyabrın 10-da Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan Rusiya PUA-larının məhv edilməsi barədə bəyanat verib. Baş nazir Donald Tuskun sözlərinə görə, gecə ərzində 19 hava məkanı pozuntusu qeydə alınıb, bütün PUA-lar Belarus ərazisindən uçub.

Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi hadisə ilə əlaqədar Polşanın hərbi qurumu ilə məsləhətləşmələr keçirməyə hazır olduğunu bildirib./Report