Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “15 İyun Milli Qurtuluş günü Müstəqil Azərbaycanımızın şanlı səhifəsidir” adlı tədbir keçriilib.
Mia.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, Nəsimi rayon Ağsaqqallar Şurasının, Nəsimi rayon Ağbirçəklər Şurasının üzvləri, rayonun səhiyyə, təhsil müəssisələrinin, idarə və təşkilatlarının rəhbərləri, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri, rayon gəncləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə RİH-nin binasında Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dərin hörmət və ehtiramlarını bildirdilər.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov bildirdi ki, müstəqillik tariximizin ən taleyüklü məqamları Heydər Əliyevin adı ilə bağlıdır. Xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətlərdən sayılır. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu. Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır!" deyən Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu bir həqiqətdir ki, neçə ki Azərbaycan xalqı var, Heydər Əliyev ideyaları yaşayacaqdır!
Sonra tədbirdə çıxış edənlər - Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi Nəsimi rayon şöbəsinin müdiri Azər Quliyev, Nəsimi rayon Ağsaqqallar Şurasının sədr müavini, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Sənan Hüseynov Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin təhsil, səhiyyə və mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirdilər. Natiqlər Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğuladılar ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi Ulu Öndər Heydər Əliyev idi. Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Ötən dövrə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün – 15 iyun tariximizin ən parlaq səhifələrindən biridir.