“Türkiyənin və türk millətinin yeni əsrin yol xəritəsini çəkən Rəcəb Tayyib Ərdoğana ehtiyacı olması tarixin və həyatın danılmaz bir həqiqətidir”.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı prezident Rəcəb Tayyib Ərdoğanın Macarıstandan dönərkən "Prezidentliyə namizəd olmaq kimi dərdim yoxdur" mesajına münasibətdə deyib.
Onun sözlərinə görə, Ərdoğanın xidməti, gecə-gündüz gedən fədakar və şərəfli mübarizəsi hər şeydən yüksəkdir: "Türkiyə Cümhuriyyəti ilk dəfə çox güclü mövqeəyə sahiblənib. Millətimizin arzuları artıq xəyal deyil. Qərarlı, xarakterli, keyfiyyətli və sədaqətli siyasi gedişlərlə gələcəyin böyük və fövqəldövlət Türkiyəsinə çatmaq üçün səmimi, dürüst və prinsipial siyasi mövqe nümayiş etdirilir. Gələcək Türkiyənin və türk millətinindir. Burada Prezidentimizin daha çox xidmətləri var. Tarixdən geri qalmaq çökməyə bərabərdir. Bu səbəbdən də dövlət başçımızın Macarıstana səfərinin sonunda verdiyi “Yenidən namizəd olmaq fikrim yoxdur” deməsi, fikrimizcə, ədalətli bəyanatı deyil. Türkiyə Cümhuriyyətinin və türk millətinin yeni əsrin yol xəritəsini çəkən cənab Rəcəb Tayyib Ərdoğana böyük ehtiyacı olduğu tarixin və həyatın danılmaz həqiqətidir. Vətən, millət qayğısı olan Prezidentin yolundan dönməyə haqqı yoxdur. Üstəlik, bu vəziyyət bugünkü şərtlərlə nə ölkə, nə də regional və qlobal inkişaflarla uzlaşmır".
Firudin Səfərli
MİA.AZ