Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü simvolik və kritik məqamlarla yadda qaldı. Bu görüş həm təşkilatın formatına, həm də keçirilən vaxtın siyasi kontekstinə görə əvvəlkilərdən fərqli olaraq, yalnız siyasi nümayiş deyil, Türk dünyasının qarşılaşdığı ciddi sınaqların bir vitrini oldu.
Əvvəlcə qeyd edim ki, TDT-nin hər bir üzvü əhəmiyyətlidir. Azərbaycan və Türkiyə bu təşkilatın ideoloji dayaqlarıdırsa, əsas güc dayaqları Mərkəzi Asiyanın türk ölkələridir.
Məlum olduğu kimi bir müddət öncə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Avropa İttifaqının təzyiqləri və iqtisadi təşviqləri ilə Yunan Kiprində diplomatik nümayəndəlik açmağa qərar verdilər. Bu vəziyyət Türkiyə tərəfindən ciddi narahatlıqla qarşılanmış və ŞKTC rəhbərliyi tərəfindən “diplomatik xəyanət” kimi qiymətləndirilmişdi.
Bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistanın zirvəyə qatılmaması diqqət çəkdi.
ŞKTC məsələsi açıqdır. Bəzi TDT üzvləri, xüsusilə Mərkəzi Asiya respublikaları ŞKTC-nin rəsmi şəkildə qəbul edilməsindən hələ də çəkinirlər. Bu, təşkilat daxilində vahid siyasi və hüquqi yanaşmanın hələ də formalaşmadığını göstərir.
Türkmənistan isə ənənəvi neytral siyasətinə sadiq qalaraq, daha çox müşahidəçi rolunu saxlayır. Lakin bu neytrallıq artıq strateji qeyri-müəyyənlik kimi qiymətləndirilir. Türkmənistanın bu yanaşması gələcəkdə onu seçim qarşısında qoya bilər: ya Türk Dövlətləri Təşkilatına inteqrasiya etmək, ya da təşkilatdan uzaqlaşmaq.
Hesab edirəm Türk birliyi üçün fikir ayrılıqları və daxili ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. Əvvəllər bu fərqliliklər daha çox iqtisadi və mədəni səviyyədə özünü göstərirdisə, indi artıq geosiyasi qərarların uyğunluğu məsələsi gündəmə gəlib. Bəzi ölkələrin Qərbə yaxınlaşması, bəzilərinin Rusiya ilə daha sıx təmasda olması, digərlərinin isə Çinə yönəlməsi təşkilat daxilində vahid strateji xəttin olmamasının nəticəsidir. Bu, təşkilatı regional koordinasiya klubu və ya qısamüddətli razılaşmaların platformasına çevirə bilər. Əgər bu tendensiya davam edərsə, TDT-nin siyasi çəkisi zəifləyəcək. Əksi baş verərsə, daha mərkəzləşdirilmiş, konkret hədəf və mexanizmlərlə işləyən qurum da görə bilərik.
Bütün bunlara baxmayaraq, danılmaz bir fakt var ki, görüş Avropa İttifaqı sərhədlərində keçirildi. Macarıstan həm Avropa İttifaqının tamhüquqlu üzvüdür, həm də Türkiyə və Azərbaycanla ən yaxın münasibətləri saxlayan nadir dövlətlərdəndir. Bu, TDT-nin Avropaya çıxış qapısı və mədəni-diplomatik ekspansiyası baxımından üstünlük yaradır.
Hesab edirəm, indiki məqamda bir aktual sual da budur: TDT Şərqə doğru dərinləşəcək, yoxsa Qərbə açılacaq?
Təəssüf ki, Budapeştdəki görüş bu suala konkret cavab vermədi, amma sualın artıq masada olduğunu sübut etdi.
Nəticə etibarilə deyə bilərik ki, türk birliyi hələ ideya mərhələsindədir, onu xilas edəcək tək şey ortaq siyasi iradədir. Budapeştdəki görüş həm rəmzi, həm real cəhətdən Türk dünyasının bir yol ayrıcında olduğunu göstərdi.
Artıq təkcə dil, mədəniyyət və tarix deyil, strateji qərarların sinxronizasiyası tələb olunur:
1. Vahid təhlükəsizlik yanaşması formalaşdırılmalı;
2. Eyni xarici siyasət koordinasiyası qurulmalı;
3. Daxili siyasi etimad mexanizmləri yaradılmalıdır.
Əks halda keçirilən “türk qurultayları” yalnız tarix və folklor nümayişinə çevriləcək. Reallıqda isə dünya siyasi mərkəzləri konkret ittifaqlar və nəticələr doğuran strukturlaşmaları ciddiyə alır.
Turan Rzayev
MİA.AZ