Naxçıvan Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilmiş Kazım Hüseynəliyev kollektivə təqdim olunub.

Mia.az xəbər verir ki, onu kollektivə iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təqdim edib.

R.Abdullayev, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatları, Naxçıvanın iqtisadiyyatının davamlı inkişafına göstərilən diqqəti qeyd edib.

 Təqdimetmə mərasimində iştirak edən Naxçıvanın Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov və bölgədə Prezidentin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi münasibətilə Kazım Hüseynəliyevi təbrik edib, ona fəaliyyətində uğurlar arzu ediblər.

Nazirliyin Aparatının və tabe qurumların rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən K.Hüseynəliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini qeyd edib.