Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefonda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, telefon danışığında Türkiyə ilə İtaliya arasındakı ikitərəfli əlaqələr, İsrailin bölgəki savaşı, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyə-İtaliya əlaqələrinin gündən-günə inkişaf elədiyini deyib: "İnanıram ki, müdafiə sənayesi məhsulları başda olmaqla, biz bir çox sahədə ikitərəfli ticarət həcmini daha çox artıra bilərik".

Ərdoğan daha sonra İsrailin bütün xəbərdarlıqlara məhəl qoymayaraq Yaxın Şərqdə müharibəni genişləndirməsindən söz açıb və İtaliya baş nazirindən İsrailin təcavüzünün dayandırılmasına dəstək istəyib. O, Avropa ölkələrinin İsrailə silah satışını dayandırmağı mütləq sayıb: "İsrailin Livana və BMT missiyalarına, həmçinin Qəzza daxil olmaqla Fələstin ərazilərinə hücumları qəbuledilməzdir. İtaliyanın İsrailin təcavüzünə bəlli reaksiyasından məmnunuq. Hesab edirik ki, bu istiqamətdə birgə səylərimiz daha uğurlu ola bilər". 

Lamiyə Əhmədli

MİA.AZ