Birinci oxunuşda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna fikrimi bildirdim və bu dəyişikliyi məqbul saymadığımı dedim. Dəyişiklik yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi mərkəzləşdirilir. Mədən vergisi toplayan xeyli bələdiyyə ilə danışdım və görürəm ki, bu dəyişiklik mütərəqqi yox, mürtəce dəyişiklikdir. Bələdiyyələri formal qurum kimi saxlamaq nəyə lazım?".

Bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentin bugünkü iclasında deyib.

Deputat bildirib ki, əgər belədirsə, bələdiyyələri birdəfəlik ləğv edək getsin:

"Onsuz da gördüyüm budur ki, get-gedə bizdə hakimiyyət mərkəzləşir, yerli hakimiyyətlər daha da çox mərkəzə tabe edilir, vergilərin qalan hissəsi də mərkəzləşir. Bu tip idarəetmə sistemi ziyanlıdır və belə çıxmır ki, biz elə bil sosialist əmək və idarəetmə sistemini yenidən bərpa edirik? Bələdiyyə dotasiya ilə yaşayar? Dünyanın hansı ölkəsində onlar dotasiya ilə yaşayır?

Onlarla bələdiyyə var idi ki, özlərini saxlaya bilirdilər, indi onları da əlimizə baxmağa vadar edək. Düzgün yanaşma deyil. Əksinə, bələdiyyə institutunun gücləndirilməsi üçün çalışmalıydıq, əksini edirik. Bələdiyyələrin effektiv işləməsi üçün onların üzərindən “torpaq satan” damğasını götürməli və üzərlərinə yerli inkişafa nail olmaq üçün ciddi məsuliyyət qoymalıyıq. Bunun üçün də onların yerli səviyyədə maliyyə imkanlarını genişləndirməliyik, daha kiçicik işıq gələn yeri da tutmalı deyilik.

Əgər deyildiyi kimi, onlar vergini yığa bilmirdilərsə, yaxşı olsun, mərkəzi hökumət gedib vergini yığsın, amma yığım həmin bələdiyyənin büdcəsinə verilsin.

Qanun layihəsinə dəyişikliyin əleyhinə səs verəcəyəm. Bu cür layihənin lehinə səs vermək təmsil etdiyim Milli Cəbhə Partiyasının proqram və prinsiplərinə tam olaraq ziddir"/Cebhe.info.