Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti ABŞ-a səfərə gedib - Qarabağ müzakirəsi

img

13-11-2019 [12:06]


Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti ABŞ-a səfərə gedib. 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Mia..az-a verilən məlumata görə, nümayəndə heyətinə icmanın sədri Tural Gəncəliyev, üzvləri Gülməmməd Məmmədov, Dürdanə Ağayeva və Ceyhun Ələkbərov daxildir.

Noyabrın 11-də Azərbaycan, Pakistan və Türkiyə dövlətləri və xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinə həsr olunan ikinci illik tədbir keçirilib. Tədbir hər üç ölkənin Los-Ancelesdəki Baş Konsulluqlarının birgə təşkilatçılığı ilə təşkil edilib.

Bu dəfə Türkiyənin Baş Konsulluğunun ev sahibliyi etdiyi tədbirdə sözügedən ölkələrin baş konsulları, Kaliforniyadakı Azərbaycan, Türkiyə və Pakistan icmalarının rəhbərləri və üzvləri, tanınmış ictimai xadimlər və jurnalistlər iştirak edib.

Hazırda Los-Ancelesdə səfərdə olan Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Gülməmməd Məmmədov, Dürdanə Ağayeva və Ceyhun Ələkbərov da tədbirdə iştirak ediblər.

150-dək icma üzvünün qatıldığı tədbir hər üç ölkənin dövlət himnlərinin ifası ilə başlayıb. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev üç ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Pakistan və Türkiyənin xüsusilə Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə göstərdikləri hərtərəfli dəstəyin Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Diplomat, Pakistanın işğalçı Ermənistanı dövlət kimi tanımamasını və Türkiyənin Ermənistanla sərhədlərinin bağlı saxlanılmasının hər iki qardaş ölkənin Azərbaycan ilə həmrəyliyinin bariz göstəriciləri olduğunu qeyd edib.

Türkiyənin Los-Ancelesdəki baş konsulu Can Oğuz üç ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın vacibliyindən danışıb və hər üç icmanın öz güclərini birləşdirməsinin önəmini vurğulayıb. Pakistanın Los-Ancelesdəki baş konsulu Abdul Cabbar Memon çıxış edərək, üç ölkə arasında sıx münasibətlərin Los-Ancelesdəki Baş Konsulluqlar və buradakı icmalar arasındakı münasibətlərə çox önəmli təsir göstərdiyini bildirib. Bu kimi birgə tədbirlərin davamlı olacağına əminliyini ifadə edən baş konsul, 2020-ci ildəki 3-cü illik tədbirə Pakistan Baş Konsulluğu olaraq evsahibliyi edəcəklərini elan edib. Hər iki baş konsul Azərbaycan torpaqlarınınn işğalının davam etməsinin qeyri-məqbul olduğunu bildirərək, təmsil etikləri dövlətlərin Azərbaycanın haqq səsini daim dəstəklədiklərini vurğulayıblar.

Tədbirin əsas natiqi qismində çıxış edən Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, bu işğal nəticəsində yüzminlərlə azərbaycanlının didərgin salındığını və bu gün də məcburi köçkün kimi yaşadıqlarını diqqətə çatdırıb. T.Gəncəliyev bildirib ki, bu qədər insanın əsrlər boyu yaşadıqları öz ana yurdlarından məhrum edilmələri böyük bir hüquq pozuntusu, cinayət və ədalətsizlikdir ki, bu da tezliklə aradan qaldırılmalı, işğala son qoyulmalı və azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar. T.Gəncəliyev Türkiyə və Pakistan icmalarına Azərbaycanın haqlı mövqeyinə Los-Ancelesdə verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Tədbirdə həmçinin Pakistan mənşəli yerli siyasətçilər, o cümlədən Örvayn şəhər şurasının üzvü Fərəh Xan və Los-Anceles şəhərinin İnsan Haqları üzrə müvəkkili Amna Qazi çıxış ediblər.

Sonra Kaliforniya Azərbaycan Dostluq Assosiasıyasının icraçı direktoru Kimiya Məmmədova, Pakistan Şurasının sədri Adnan Xan və Türkiyə icmasının liderlərindən Mətin Məngir çıxış edərək, Azərbaycan, Pakistan və Türkiyə icmalarını bir araya gətirmək təşəbbüsünü alqışladıqlarını və bu tədbirin hər üç icmanı bir-birilərinə daha da yaxınlaşdıracağına ümidvar olduqlarını bildiriblər.

Tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, birinci illik tədbir 2018-ci ildə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı