Sığorta bazarı: reallıqlar və gözləntilər

29-05-2019 [15:53]
Qadir İBRAHİMLİ

***

Öz unikallığı ilə fərqlənən sığorta seqmenti bazar sərbəstliyinə əsaslansa da dövlət tənzimlənməsinə həmişə ehtiyac duyulmuşdur. 

Təcrübə göstərir ki, dünya iqtisadiyyatının inkişafının bütün tarixi boyu iqtisadi münasibətlərin bazar sistemində dövlətin tənzimləyici rolu ilə bağlı məsələlər elmi-ictimai fikrin həmişə diqqət mərkəzində olmuşdur. 

Dövlət maliyyə tənzimlənməsinin əsas məqsədi cəmiyyətdə sosial və iqtisadi sabitliyin yüksəldilməsi üçün milli sığorta bazarlarının davamlı və etibarlı inkişafını təmin etməkdən ibarətdir.

Strateji Yol Xəritəsində sığorta bazarının yaxın illərdə inkişaf hədəfləri də göstərilib.  Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. 

Sənəddə  maliyyə xidmətlərinin təkmilləşdirilməsi üzrə tədbirlərin mühüm bir hissəsi sığorta bazarının payına düşür. 

Davamlı iqtisadi inkişaf şəraitində sığorta sahəsində həyata keçirilən yeni islahatların əsas qayəsi və vəzifələri, hər şeydən öncə milli sığorta sisteminin möhkəmləndirilməsi və onun maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin tələblərinə uyğun təkmilləşdirilməsindən ibarətdir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən 2016-cı ildə sığorta sektorunun maliyyə dərinliyini ifadə edən sığorta haqqlarının ÜDM-ə nisbəti 0,8 faiz təşkil etmişdir.
Strateji Yol Xəritəsində qeyd edildiyi kimi hələ ki, ölkəmizdə sığorta seqmentinin  inkişafı səviyyəsi qaneedici deyil. Belə səviyyənin həm  keyfiyyət, həm də kəmiyyət baxımından təkmilləşməsinə  böyuk zərurət vardır.

Ümumiyyətlə, ölkəmizdə sığorta sisteminin tərəqqisi və onun dünya sığorta bazarına inteqrasiyasının sürətləndirilməsi və sistemli transformasiya olunması  üçün aşağıdakı tədbirlər mütləq şəkildə həyata keçirilməlidir:

- ölkənin sığorta operatorlarının sığorta, maliyyə, iqtisadi və investisiya fəaliyyətinin başlıca istiqamətləri müəyyən edilməli və ölkə sığorta şirkətlərinin vergiyə cəlbetmə mexanizminin təkmilləşdirilməsi yolu ilə sığorta vəsaitlərinin hərəkəti üzərində səmərəli dövlət nəzarəti mexanizminin işlənib hazırlanması.

- beynəlxalq sığorta bazarının qloabbaşması meyllərinin tədqiqi əsasında milli sığorta operatorlarının maliyyə sabitliyinin faktoru kimi təkrarsığorta institutunun davamlı inkişaf perspektivlərinin müəyyənləşdirilməsi;

- milli sığorta şirkətlərinin maliyyə strategiyası, proqnozlaşdırılması və büdcələşdirilməsi metodikasının işlənib hazırlanmasının uçot və statistika üzrə müvafiq  beynəlxalq standartlara tam uyğunlaşdırılması;

- sığorta ehtiyatlarının və nizamnamə kapitalının investisiyaya yönəldilməsinin artımı və səmərəliliyinin yüksəldilməsi;

- əhalinin sığorta mədəniyyəti sahəsində maarifləndirilməsinin təmin edilməsi üçün kütləvi informasiya vasitələri ilə geniş izahat işlərinin daha səmərəli və intensiv aparılması;
- sığorta işi üzrə tədris, seminar və treninq mərkəzlərinin yaradılması, sığorta üzrə elmi-tədqiqat işlərinin aparılması, sığortaya dair elmi əsərlərin, dərsliklərin və digər elmi materialların hazırlanması işinin genişləndirilməsi.

Bunlarla yanaşı yeni şəraitdə sığorta seqmentinin təşkili prinsiplərində əsaslı dəyişikliklər edilməsi, sığorta bazarının strukturlaşması, sığorta seqmentində inhisarçılıq meyllərinin aradan qaldırılması, müştərilər arasında sığorta xidmətlərinin çeşidinin genişlənməsi və onun keyfiyyətinin əsaslı şəkildə yüksəldilməsi mühüm əhəmiyyət daşıyır.

Bununla belə, təəssüflə qeyd etmək lazımdır ki, Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərə yetmək üçün atılan addımlar hələ ki, effektiv deyil.  Nizami rayonundakı "Diqlas” Ticarət Mərkəzinin yanması sığorta bazarındakı durğunluğu tam çılpaqlığı  ilə aşkarladı. Prezident İlham Əliyevin yanğınla bağlı müşavirədə bu məqamı xüsusi vurğuladı. Nəticədə sığortalanmayan oyektlərə görə təzminatı dövlət öz üzərinə götürdü. Normalda isə təzminat xərclərini sığorta şirkətləri qarşılamalıydı.

2011-ci ildə icbari sığortalar haqda qanun qəbul olunub. Bu qanunun tətbiqi ilə bağlı xeyli işlər görüldü, sığorta bazarınıda vəziyyət ölü nöqtədən təpədilib, sığorta işini kifayət qədər mükəmməl bilən kadrlar irəli çəkilib.  İnsanlara icbari sığorta növünün aşılanması, maarifləndirilməsi çox böyük bir vaxt və enerji tələb edirdi. Proses 2016-cı ilə qədər normal axarda getdi. Ancaq 2016-cı ilin Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin ləğv edilərək funksiyalarının palataya həvalə edilməsi ilə durğunluq başladı. Məsələn, 2016-cı ildə avtomobillərin icbari sığortası üzrə zərərlərin birbaşa tənzimlənməsi sistemi qurulmalıydı. Ancaq bu iş yarımçıq qaldı, peşəkar kadrlar isə işdən kənarlaşdırıldı.
Bazarda ən böyük boşluqlardan biri budur ki, həm icbari sığorta, həm də könüllü sığortalar paralel tətbiq edilməliydi. Ancaq palata bununla qərarlar qəbul etməyib.

Konkret desək,  2011-ci ildə  qəbul edilən icbari sığortalar haqda qanun yeni tələblərə artıq adekvat deyil və yenilənməlidir. Eyni zamanda qanun tətbiq dairəsi gənişlənməlidir. Elə bir işlək mexanizm yaradılmalıdır ki, iş adamları özləri sığorta bazarının inkişafında maraqlı olsun.

Sığorta bazarının  inkişafına mane olan amillərdən biri də sığorta hadisəsi zamanı sığorta şirkətinin ödəniş etməkdən yayınmasıdır. Sonra isə sığortalananla sığorta şirkəti arasında uzun və üzücü məhkəmə çəkişmələri başlayır. Etiraf edək ki, belə hallar kütləvi xarakter daşıyır.  Artıq ləğv edimiş və funksiyalarl Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmiş Dövlət Sığorta Nəzarəti Xidməti bunun qarşısını almaq və sığorta ödənişlərinin operativ həll olunması üçün Sığorta Ombudsmanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Sığorta Ombudsmanın mandatı sığorta mübahislərini məhkəməyə qədər həll etmək idi. Xidmət ləğv edildikdən sonra bu ideya da arxivə ötürüldü. Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərə yetmək üçün sadalanan problemlər tezliklə həllini tapmalıdır.



SON XƏBƏRLƏR