BQP rəhbərliyi toplandı: “Rəsmi strukturlar təxirəsalınmaz addımlar atmalıdır”

img

09-01-2019 [20:14]


Bu gün partiya başqanı Fazil Mustafanın sədrliyi ilə BQP Siyasi Qurulunun növbəti iclası keçirilib. 

Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda bir sıra məsələlər müzakirə olunub, ictimai-siyasi vəziyyətlə bağlı F. Mustafanın məruzəsi dinlənilib. 

İclasda 2018-ci ilin iqtisadi yekunlarını dəyərləndirərək baş vermiş müsbət və mənfi məqamları qeyd edilib, Dünya Bankının ötən il ərzində ökəmizin bizneslə məşğulluq indeksində müsbət dinamikanın qeydə alındığını müsbət hadisə kimi vurğulanıb: ”Vergilər sahəsində islahatlara başlanılması, Kənd Təsərrüfatı, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində dəyişkliklər, yeni kadrların cəlb olunması  müsbət tendensiyalar kimi dəyərləndirilə bilər. Lakin əsaslı keyfiyyət dəyişikliyinə nail olmağın yolu bütövlükdə sistem dəyişikliyinin aparılmasından asılıdır. Ötən il kənd təsərrüfatı məhsullarının istehsalında nəzərəçarpacaq artıma nail olunsa da, bu sahədə struktur baxımdan problemlər - inzibatçılıq, mərkəzləşdirilmiş idarəçilik qalmaqda davam edib”.

Siyasi Qurul bir sıra müsbət tendensiyalarla yanaşı, ilk növbədə iqtisadi artım tempinin aşağı olmasına diqqəti yönəldib: "İlin yekunlarına görə, Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artımı təxminən 1 faiz təşkil edib. Bu rəqəm nəzərdə tutulan proqnozlardan aşağı göstəricidir. Bütövlükdə MDB ölkələri və inkişaf etməkdə olan dövlətlərin orta-statistik göstəriciləri ilə müqayisədə Azərbaycanın iqtisadi tempinin zəif artımı narahatlıq doğurmaya bilməz. Ötən ildə iqtisadiyyatın neftdən asılılığı əhəmiyyətli səviyyədə qalmaqda davam edib və ixracatda qeyri – neft sektoru cəmi 10 faiz artımla qeydə alınıb”. 

Iclasda iqtisadiyyatda inhisarçı meyllərin aradan qaldırılması baxımından bu ilin əhəmiyyətli olcağına ümid ifadə edilib: "Təəssüf ki, 2018-ci ildə bu sahədəki mövcud nöqsanlar aradan qaldırılmadı. İmkan və fürsətlər lazımi qədər dəyərləndirilmədi. Ötən ildə inhisarçı meyillərin daha da güclənməsi, qeyri-neft sektorunda sağlam olmayan rəqabətin davam etməsi yenə də müşahidə olundu. İnhisarçılığın baş verməməsi üçün  rəqabət institutu qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə daha da gücləndirilməlidir. Qeyri-sağlam rəqabət imkanlarını aradan qaldırmaq sahəsində atılacaq ilk addım isə Rəqabət Məcəlləsinin qəbul olunmasıdır".

Siyasi Qurul problemli kreditlərin həllini əhalinin aztəminatlı hissəsinin  vəziyyətinin yüngülləşdirilməsi  sahəsində atıla biləcək müsbət addım kimi vurğulayıb: "Təəssüflər olsun ki, ötən il ərzində hökumət və banklar tərəfindən bu problemin həlli ilə bağlı əhəmiyyətli addımlar atılmadı. Yeni ildə də bu problemin ciddi şəkildə özünü göstərəcəyi nəzərə alınmalı, bank-müştəri münasibətlərinin gərginləşməməsi istiqamətində səylər göstərilməlidir.

Ölkənin korrupsiya reytinqinin ötən il ərzində pisləşməsi nəzərdən qaçırılmamlı, korrupsiyaya qarşı mübarizə sahəsində təsirli addımlar atılmalı, cəmiyyətin korrupsiya ilə mübarizə sahəsində gözəntiləri doğruldulmalıdır”.

İclasda KİV-lərdə yayılan Dağlıq Qarabağdakı qondarma rejimin "Artsax TV” adlı telekanalını yayımlanmağa başlaması xəbərinə də münasibət bildirilib: "Mənzil-qəragahı ABŞ-da, habelə Lüksemburqda yerləşən "İntelsat 33” peyki vasitəsilə separatçı rejimin yanvarın 6-dan HD formatında yayıma başlaması Azərbaycanın suveren hüquqlarunun, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarının və qanunvericliklə müəyyən edilmiş qaydaların pozulmasıdır. Qeyd edilən faktla bağlı Azərbaycanın müvafiq rəsmi strukturları Qarabağ ermənilərinin telekanalının ABŞ peyki ilə yayımlanmasının qarşısının alınması üçün təxirəsalınmaz addımlar atmalı və diplomatik kanallarla buna kəskin etirazını bildirməlidir”. 

İclasda M.Hüseynovun həbsinə münasibət bildirilərək qeyd edilib ki, "Ölkənin adının həbslə bağlı hallandırılması bədxahlarımıza  beynəlxalq səviyyədə Azərbaycanın imicinə zərər gətirəcək məsələləri müzakirəyə çıxarmaq və qərəzli dairələrin hədəfinə çevirmək bəhanəsini verir. Şübhəsiz ki, məsələyə hüquqi aspektdən yanaşılmalı və hüquqi müstəvidə obyektiv həllinə nail olunmalıdır”.  

Siyasi Qurulda "İstedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsində müəllimlərin xeyli aşağı nəticə göstərmələrinə münasibət bildirilib: "Əgər bir fənn üzrə  müsabiqədə iştirak edən müəllimlərin yalnz 1 faizi sualların yarısından çoxuna düzgün cavab verə bilirsə, bu, məktəblərimizin səviyyəsinin utancverici göstəricisidir. 

Bununla bərabər nazirliyin problemi müzakirəyə çıxarmaqdan çəkinməməsi təqdir edilməlidir. Çünki təhsil təkcə, Təhsil Nazirliyinin deyil, bütün cəmiyyətin  ciddi milli problemi olduğu üçün müzakirəyə açıq olmalıdır”. 

Sonda cari məsələlər müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR