Şriftin ölçüsü / 325 dəfə oxunub

"Əminliklə deyə bilərik ki, ötən illər ərzində biz bir çox uğurlar qazanmışıq" - Mehriban Əliyeva

31 Iyul 2018 [22:45]
Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, təbrik məktubu bu gün festivalın təntənəli açılış mərasimində oxunub.

Təbrik məktubunda bildirilib ki, Qəbələ artıq onuncu ildir ki, parlaq musiqi bayramının iştirakçıları və qonaqlarını qəbul edir: 

"Çox zəngin mədəni irsi və musiqi ənənələri olan Azərbaycanda bu festivalın rəğbət və dəstək qazanması təqdirəlayiqdir. Xalqımız musiqi dünyasına Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Müslüm Maqomayev, Rəşid Bebudov, Bülbül kimi korifeyləri bəxş edib. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən bizə qədər gəlib çatıb. Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranmış və səhnəyə qoyulub. Təsadüfi deyil ki, ölkəmiz regionun "musiqi paytaxtı” qeyri-rəsmi adını qazanıb. Azərbaycanda mütəmadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilib. Qəbələ festivalı onlar arasında xüsusi yeri tutur. Bu festival paytaxtda deyil, Azərbaycanın ən qədim və gözəl guşələrindən olan, əsrlər öncə Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə keçirilir. Festivalın keçirilməsi üçün seçilmiş bu məkan Azərbaycanın qədim tarixi və xalqımızın zəngin mədəni irsini, habelə ölkəmizin və onun regionlarının sosial-iqtisadi inkişafının bugünkü nailiyyətlərini özündə əks etdirir. Əminliklə deyə bilərik ki, ötən illər ərzində biz bir çox uğurlar qazanmışıq”.

Məktubda qeyd olunub ki, Qəbələ festivalı Azərbaycanın və bütün cənubi Qafqazın mədəni həyatında yeni və gözəl ənənənin təməlini qoymuş, beynəlxalq musiqi tədbirlərinin sırasında öz layiqli yerini tutub: "Klassik musiqi peşəkarları və pərəstişakarları arasında onun nüfuzu getdikcə artır. Hər il festivalın səhnəsinə dünyanın tanınmış ifaçıları və kollektivləri çıxır. Bizim qədim Qəbələ bu sənəti sevənlərin – musiqiçilərin, tamaşaçıların və tənqidilərin ən sevimli görüş yerinə çevrilib. Burada yaradıcılıq birliyi və qarşılıqlı anlaşma üçün inanılmaz dərəcədə isti bir mühit hökm sürür. Çoxsaylı ölkələrdən və müxtəlif qitələrdən ifaçı və kollektivlərin iştirak etdiyi bu möhtəşəm musiqi və dostluq bayramı beynəlxalq musiqi ictimaiyyətini təkcə Azərbaycanın mədəni sərvətləri ilə tanış etmir. O həm də müxtəlif ölkələri təmsil edən musiqilər arasında dostluq münasibətləri və əlaqələrin qurulması üçün gözəl imkanlar yaradır. Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun dəstəklənməsi işinə öz töhfəsini verir.

Biz hər zaman qonaqları qarşılamağa şadıq. Qəbələ Beynəlxalq Musiqi Festivalının ildən ilə öz coğrafiyasını genişləndirməsi dünyanın bir çox yerlərində dostlarının və sadiq pərəstişkarlarının sayının artması bunun bariz nümunəsidir. Hazırkı yubiley festivalı, burada olan dostluq mühiti əsl incəsənət üçün sərhəd və maneələrin olmadığını bir daha nümayiş etdirəcək. Bu günlərdə bizi olduqca maraqlı və zəngin festival proqramı gözləyir. Festivalın səhnəsinə həm məşhur ulduzlar, həm də gənc musiqiçlər çıxacaq. Əminəm ki, onuncu yubiley Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni həyatın mühüm səhifəsinə çevriləcək, bizə bir çox maraqlı görüşlər və xoş təəssüratlar bəxş edəcək”.



SON XƏBƏRLƏR