"Azəriqaz" "ov"a çıxıb: 5400 evə cərimə yazıldı - Komitə sədri "diqqətli olun, qoymayın sizi aldatsınlar" deyir

img

22-04-2018 [13:27]


""Azəriqaz" İstehsalat Birliyi təkcə mart ayında Bakı və Abşeron rayonları üzrə 5400 abonentə cərimə yazıb. Cərimənin səbəbi plombun qırılması göstərilib". 
 
Mia.az xəbər verir ki, bu sözəri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.
 
Onun sözlərinə görə, cərimə aktlarının hamısının tərtib olunma tarixi 30.03.2018-dir: "Cərimənin ümumilikdə miqdarı isə 26 milyon kub.m. qazdır".
 
Komitə sədri cərimə tətbiq olunan rayonların da adlarını sıralayıb: "Abşeron rayonu üzrə 2135, Binəqədi üzrə 758, Sabunçu üzrə 918, Xəzər rayonu üzrə 591, Nəsimi üzrə 130, Yasamal üzrə 140, Nərimanov üzrə 98, Səbail üzrə 338, Xətai üzrə 200, Suraxanı üzrə 143, Nizami üzrə 285, Qaradağ üzrə isə 150 abonent cərimələnib".
 
Komitə sədri iddia edib ki, bu "cərimə prosesi" aprel ayı üzrə daha da güclənəcək: "Aldığım məlumata görə, aprel ayında cərimə olunacaq abonentlərin sayı 20000-dək olacaq. Onu da qeyd edim ki, cərimələr metodiki göstəricilərin 1.4.4. bəndinə zidd olaraq hesablanır. Yəni "Azəriqaz" cərimə məbləğini süni yolla daha da artırmaq üçün qanunla nəzərdə tutulduğu kimi 90 gün deyil, 180 gün üzrə sərfiyyatla hesablayır. Bu isə qanunsuzdur".
 
Sonda Mirvari xanım bu cərimə prosesinin nəzarətə götürülməsinin və cərimələrin əsas səbəbinin aydınlaşdırılmasının vacib olduğunu bildirib: "Abonentlərə isə deyirəm ki, diqqətli olun, imkan verməyi ki, sizi aldatsınlar. Əgər sizə hər hansı səbəbdən cərimə yazıblarsa, o zaman xidmət sahəsindən aktın surətini və hesabat vərəqini mütləq tələb edin. Görün, cihazların saatlıq qaz sərfini 90 günə vurublar, yoxsa 180-ə. Əgər 180 günə vurublarsa, onda bizə müraciət edin. Bu halda, biz sizə ARDNŞ-nin Nazirlər Kabineti ilə razılaşdırılmış sayğacsız istifadəyə görə qaz sərfinin hesablanması haqda metodiki təlimatını verəcəyik. Həmin sənədi məhkəməyə təqdim etsəniz, sizin cəriməniz avtomatik ləgv edilmiş olacaq".


MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR