“Belə hallara fikir vermək lazım deyil” - Məzahir Pənahovda sosial şəbəkələrlə bağlı açıqlama

img

19-03-2018 [13:51]


Bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rol və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə "Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı "YouTube" video xidmətində Azərbaycan prezidenti haqqında təhqiramiz materiallar yerləşdirilməsi ilə bağlı bu sosial şəbəkənin rəhbərliyinə müraciət olunmasını təklif edib.

"YouTube” rəhbərliyinin Azərbaycan dilini bilmədiyini söyləyən A.Camalqızı orada yerləşdirilən bu materialların məğzinin "YouTube” rəhbərliyinə çatdırılmasını zəruri sayıb. "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməsini, "YouTube”dakı təhqiramiz videoların qarşısının alınması istiqamətində tədbirlər görülməsini istəyib.

Sosial şəbəkələrlə bağlı məsələyə münasibət bildirən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu məsələdə cəmiyyətlə ortaq məxrəcə gəlinməsini vacib sayıb: 

"Sosial şəbəkələrdə müəyyən insanların səviyyəsizlik ortaya qoymasına tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də rast gəlinir. Kim özünü əxlaq normalarından aşağı aparırsa, o, ən az qorxulu rəqibdir, onu ciddi qəbul etmək lazım deyil. Dünya o səviyyədə deyil ki, kiminsə səviyyəsiz fikrinə əsasən bir insan haqqında rəyi formalaşsın. Ona görə də, belə hallara fikir vermək lazım deyil. Ancaq o başqa məsələdir ki, dünyada müəyyən ciddi qüvvələr, mərkəzlər dünyanın müasir kommunikasiya dilindən istifadə edərək məqsədli şəkildə belə fəaliyyət təşkil edir. Biz belə mərkəzlərə qarşı mübarizə aparmalıyıq. Dünyanın müasir kommunikasiya dili var və biz bütün imkanlardan istifadə edərək Azərbaycan ictimaiyyətini maarifləndirməliyik. Əsas məsələ isə odur ki, seçkinin nəticələrini Azərbaycan ictimaiyyəti qəbul edir. Bəzən tərbiyəsiz saytlara baxılmasının statistikasını verirlər. Mən buna təəccüblənirəm. Küçədə bir nəfər etikadan kənar hərəkət etsə, hamı ona baxacaq. Bu, həmin insanın hərəkətinin təqdir olunması deyil. İnternetdə hansısa təhqiramiz materiala bir milyon insan tərəfindən baxılması da onun təqdir edilməsi demək deyil. Amma belə hallara münasibət də bildirilə, etiraz da edilə bilər”.

MSK sədri xüsusən səsvermə günü məsuliyyətli olmağı vacib sayıb: "Kimlərsə məqsədli şəkildə seçki məntəqəsində seçki prosesini pozmaq istəyirsə, bu barədə Dairə Seçki Komissiyası və MSK-ya bildirmək lazımdır. KİV-lərin də bu sahədə xüsusi rolu var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı