Sərdar Cəlaloğlu budəfəki seçkidə fərqli taktika seçdi: “Yarım milyonu hardan alım?”

img

19-03-2018 [11:26]


Bu gün Azərbaycanda aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin təşviqatı başlayıb. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır.

Namizədlər bu mərhələdə hansı işlərin görülməsini planlaşdırırlar?

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.azsaytına açıqlamasında deyib ki, artıq təşviqat işlərinə başlayıb:

"İlk gördüyümüz iş "Hüriyyət” qəzetində, o cümlədən saytında rəsmlərimizin çap olunması idi. Demək olar ki, Azərbaycanın bütün rayonlarında plakatlarımızı asacaq və bukletlər paylayacağıq. Həmiçinin, bölgələrdə ev-ev gəzib insanlarla ünsiyyət qurmağı planlaşdırırıq. Eyni zamanda, yerlərdə işçi qruplar şəklində görüşlər keçirəcəyik. Naxçıvan bölgəsinə prezidentliyə namizəd kimi getməyim tələb olunarsa, təbii ki, getməliyəm. Gərək orada bizi dinləmək istəyən insanlar olsun. Yoxsa gedib Naxçıvanda nə edə bilərik?”.

S.Cəlaloğlu düşünür ki, böyük meydanlarda görüş ancaq təbliğat üçün lazımdır:

"Mən televiziyada çıxış edən zaman təxminən 5 milyon seçiciyə müraciət edə bilirəm. Amma meydanda maksimum 100 minə yaxın adam yığa bilərsən. Yəni geniş auditoriyaya çatmaq imkanı zatən televiziya vasitəsilə mümkündür. Digər tərəfdən vaxtımız da çox azdır. Böyük mitinqlər keçirmək üçün bir ay lazımdır, lakin bizim 20 gün vaxtımız var. Bu müddətə də başqa zəruri təşviqat işlərimizi görməliyik, rayonlarda təbliğatı qurmalıyıq. İndiki halda nə vaxtımız var, nə də buna ehtiyac var. Çünki televiziyada çıxış ediriksə, dövlət qəzetlərində bizə yer ayrılırsa, bu, daha böyük auditoriyaya çatmağa imkan yaradır. Meydana yığışmaq dünya təcrübəsində reklam xarakterli bir şeylərdir. Yəni bu, seçicini seçkiyə gətirmir. Seçiciyə ev-ev gəzib mesajlarını çatdırmalı və seçkiyə cəlb etməlisən”.

Müsahibimiz qeyd edib ki, təşviqat işləri üçün maddi imkanları olduqca məhduddur:

"ADP dövlət tərəfindən maliyyələşmir. Eləcə də bilirsiniz, xarici dövlətlərdən maliyyələşə bilmərik. Buna görə də çox cüzi maliyyə vəsaiti ilə kampaniyamızı davam etdirəcəyik. Ancaq təşəbbüskarların sağlığına ümid edirik. Pulsuz bu işlərin görülməsində kömək edən şəxslərə inanırıq. Pulla təşviqat işlərinin öhdəsindən çətin gələcəyik. Məsələn, televiziyada çıxışın bir dəqiqəsi 1200 manat müəyyən edilib. Belə olan halda çıxışın 15 dəqiqəsi 200 min manat, yarım saatı isə yarım milyon manat edir. Bu pulu hardan ala bilərəm ki, televiziyada çıxış edə bilim? Bu baxımdan ancaq öz üzvlərimiz, tərəfdarlarımızın, könüllülərin fəaliyyətinə ümid edirik”.

ADP sədri deyib ki, minimum maliyyə xərci ilə maksimum keyfiyyət hazırki məqsədləridir:

"Sizin çox pulunuz olar, amma təbliğatı yanlış qurduğunuz üçün heç bir köməkliyi dəyməz. Buna görə çalışacağıq ki, daha çox seçicinin ürəyində olan fikir və ideyaları doğruldaq. Bu üsulla ötən seçkilərdə ikinci-üçüncü yerdə olmuşdu. Adamlar elə bilir ki, seçkilərdə mütləq iqtidarı söyməlisən. Lakin vətəndaşlar qısa müddət ərzində bizdən çıxış yolu gözləyirlər. Bax, təşviqatımı adətən bunun üzərində qururam və effektli olur. Bu dəfə də tənqid yox, daha çox təklif üzərində işlərimi quracam. Bu da ciddi nəticəyə gətirib çıxaracaq. Başqa namizədlər yüzdə yüz təkliflərlə çıxış etməyəcək. Siz də görəcəksiniz”.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı