Sürüşmə zonasından köçürülənlərin kirayə pulu niyə kəsilib? - Sakinlər etiraz edir, icra hakimiyyəti...(Yenilənib)

img

21-02-2018 [15:08]


Bayıl sürüşmə zonasından köçürülən sakinlər narazılıq edirlər. Narazılığa səbəb isə bəzi ailələrə verilən kirayə pulunun az olmasıdır.

Bu barədə Mia.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər. Bildirilir ki, icra başçısı Eldar Əzizov sakinlərlə görüş zamanı kirayəpulunun 260 manat olacağını bildirsə də, kartlara vurulan məbləğ 200 manatdır: 

"İcra başçısının deydiyi sözlə müavini Abid müəllimin danışdıqları üst-üstə düşmür. Başçı hər dəfə deyir ki, mütəxəssislər araşdırma aparandan sonra hamınız evlərinizə qayıdacaqsınız, amma müavin deyir ki, evinizdən əlinizi üzün, geri qayitmayassız. Bu bir tərəfə verilən kirayə pulu da azdır. Elə ev var ki, üç ailə yaşayır, onlar 200 manatla hansı evi tutacaqlar. Bu qədər ədalətsizlik olmaz axı. Ona görə də əksər ailələr kirayəpulunu götürməkdən imtina edirlər”.

Sakinlər onu da bildiriblər ki, hazırda orada elə əhval-ruhiyyə var ki, sanki evimizə qayıtmayacağıq: 

"Əgər əraziyə baxış keçiriləndən sonra evimizə qayıdacağıqsa, nəyə görə, su, işıq sayğacları, elektrik dirəklərini sökürlər? İcra başçısı deyir ki, araşdırmadan sonra hamı evinə qayıdacaq, amma bunlar gözümüzün qabağında buranı ləğv etməyə başlayıblar".

Sözügedən ərazidə yaşayan jurnalist Elməddin Muradlı isə bildirib ki, kirayə pulunun azaldılması  ailə üzvləri çox olanları narazı salıb: "Elə ev var ki, 9 nəfər yaşayır, 3 ailə oradadır. Durub 200 manat verib deyir, get 1 otaqlı ev tut, qal orda, evini də ver biz sökək. Bunlara "dur" deyən olmasa sakinlər yəqin ki, başqa yollara əl atacaq. Çox adam puldan imtina edib. Şəxsən mənim ailəm o pulu Səbail rayon İcra Hakimiyyətinə hədiyyə edir, getsinlər yesinlər, icsinlər, bizə dəyməsinlər.Bakı şəhər Prokurorluğunun müstəntiqləri də oturub 46 saykı MKİS-də, sakinlərdən izahat alır ki, evi necə tikmisən, nə vaxt tikmisən".

***

"Bayıl yamacında baş vermiş sürüşmə zamanı tam dağılmış 4 fərdi yaşayış evinin sahibinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub”.

Bunu APA-ya Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

"Bayıl yamacında mövcud evlər keçən əsrin 90-cı illərində inşa olunub. Ərazidəki evlər qeyri-qanuni, sənədsizdir və orada yaşayan əhalinin böyük hissəsinin pasport qeydiyyatı yoxdur. Burada xeyli sayda məcburi köçkün ailəsi də məskunlaşıb. Həmin evlər bir gecədə tikilib, möhkəm təməli olmayan gecəqondulardır. Buna baxmayaraq, vətəndaşların mövqeyi nəzərə alınmaqla, dövlət tərəfindən 98 ailəyə 11 aylıq kirayə haqqı veriləcək. Ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, ailə tərkibi 6-7 nəfər olana 250 manat, ailə tərkibi 8 nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən olunub. Artıq dünəndən etibarən vəsaitlər sənədlərini təqdim etmiş 67 ailənin "Beynəlxalq Bank”ın Səbail filialında açılmış hesablarına köçürülüb. Bu gündən onlar vəsaiti ala bilərlər. Digər vətəndaşlardan da sənədlərini təqdim etmələri xahiş olunur. Bildiyiniz kimi, dövlət qurumlarının normativləri var və Nazirlər Kabinetinin ayırdığı vəsait bu normativlərə uyğun müəyyən edilir”,- İ. Kərimov vurğulayıb.

O qeyd edib ki, sürüşmə sahəsində alim və mütəxəssislər çalışır: "Ərazi nəzarətdədir. Mütəxəssislərin çıxaracağı rəyə uyğun olaraq Nazirlər Kabinetində tikililərin gələcək taleyi barədə qərar qəbul ediləcək və məsələ hüquqi müstəvidə həll olunacaq”.

Qeyd edək ki, Bakı Televiziya Qülləsindən 200-250 m cənub-şərqdə yerləşən Bayıl sürüşmə sahəsi bu ilin yanvar ayından aktivləşib. Fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı 4 ev tam, 1 ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb. Bayıl sürüşmə sahəsində vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb.

Eyni zamanda, ərazidə tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR