BAKININ İCRA BAŞÇILARI: kimyəgar, fizik, iqtisadçı, idmançı, biznesmen...

img

11-02-2018 [12:09]


Azərbaycanda rayon icra başçıları, onların fəaliyyəti və şəxsi davranışları kimi, həm də keçdikləri həyat yolları həmişə cəmiyyət üçün maraqlı olub.

Mia.az saytı olaraq, budəfəki araşdırmamızda paytaxt Bakı və onun rayonlarına rəhbərlik edən icra başçıları haqda məlumat verəcəyik.

Onu da qeyd edək ki, qısa araşdırmamızda xeyi maraqlı faktlar üzə çıxıb. Aydın olub ki, əslən Naxçıvanın Ordubad rayonunda anadan olan Bakının qocaman icra başçısı Hacıbala Abutalıbov, əslində, başqa ölkədə doğulubmuş. Maraqlıdır ki, Bakının başçısı bu vəzifəsi ilə yanaşı, digər bir ştatlı vəzifə də tutur. O, 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir və bu günədək həmin vəzifəsini icra edir. Hər halda rəsmi faktlar belədir.

Və yaxud Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun rəsmi tərcümeyi halı nədənsə rayon İcra Hakimiyyətinin rəsmi saytında verilməyib. Əgər nabələd şəxs İcra Hakimiyyətinin saytından bu rayona kimin rəhbərlik etdiyini öyrənmək istəsə, bu, mümkün deyil.  Nə isə. 

Beləliklə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan başlayaraq, həmin məlumatları təqdim edirik: 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Abutalıbov Hacıbala İbrahim oğlu 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. Ancaq əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonundandır.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırki Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.

1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyası İdarə heyyətinin üzvüdür, ailəlidir, iki oğlu var.

Fizik H.Abutlabovun ixtisasından kənar yüksəlişində birbaşa mərhum prezident Heydər Əliyevin rolu var. Belə ki, Abutalıbovun məşhur 91-lərin üzvü olması, YAP-ın qurulmasındakı rolu mərhum prezident tərəfindən yüksək dəyərləndirilib. Otən illərdə dəfələrlə onun vəzifədən alınacağə xəbəri yayılsa da, bunlar doğrulanmayıb. Görünür, hazırkı prezident İlham Əliyev də 74 yaşlı icra başçısına 15 ildir etimad göstərir. Lakin gözlənilir ki, payızda keçiriləcək prezident seçkilərindən sonra o, təqaüdə göndəriləcək. 
  
Binəqədinin icra başçısı İsgəndərov Xaləddin Şahmar oğlu 5 noyabr 1962-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 

1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Əmtəəşünaslıq" fakultəsini bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlayıb. 1987-1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində, 1991-1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992-2001-ci illərdə "Azər” təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışıb.

2000-ci il fevral ayının 11-dә həyat yoldaşının qardaşı Fazil Məmmədoov Vergilәr naziri tәyin ediləndən sonra X.İsgəndərovun da ulduzları parlamağa başlayıb. 

O, cəmi bir il sonra, yəni  2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində rəis, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Hətta əmtəəşünas İsgəndərov Vergilər Nazirliyinin 10 illiyi münasibətilə "Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.

O, 26 aprel 2012-ci ildə spiker Oqtay Əsədovun qudası Alı Qocayevin Samuxa "sürgünü”ndən sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. 

Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin Dövlət əmlakının idarə olunması və istehsalın təşkili şöbəsinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı nazirinin köməkçisi, Bakı şəhəri  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, Nizami Bələdiyyəsinin sədri və 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 

O,  22 sentyabr 2015-ci ildə Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir. 3 övladı var. Bakının hazırkı icra başçıları arasında işgüzarlığı ilə seçilən bir neçı icra başçısından biri sayılır.

Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələsqər oğlu da 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1974-84-cü illərdə orta Ümumtəhsil məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayıb.

1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Kimya-bioloqiya" fakultəsini bitirib. 

Kimyəgar olsa da, o, heç vaxt sahəsi üzrə işləməyib. Fərzəliyev 1993-cü ilin fevral ayına qədər "Naxçıvan" qəzetinin müxbiri olub. 1993-cü ilin fevral ayından noyabr ayına qədər "Əlincə" Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir.

1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləyib.

1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsini tutub. 

2003-cü ilin aprel ayında  Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı olsa da, oradakı iki illik karyerası bir qədər çəkişməli olub. O, ölkənin ən güclü qruplarının biri ilə toqquşub və bu üzdən 2005-ci ilin dekabr ayında Nərimanova başçı göndərilib.

Fərzəliyevin parlamasında hamıdan çox, YAP funksioneri Siyavuş Novruzovun rolunun olması yaxın illərin siyasilərinin çoxuna bəllıdir. O, hələ başçı olmamışdan əvvəl, yəni YAP-da olarkən isə  müxalif liderlərin in keçirdiyi tədbiri basan şəxslərdən biri olub. Bu kimi "xidmətləri” onu YAP-dan vəzifə pillələrindən də yüksəldib. Lakin MTN-nin keçmiş rəhbərliyinin bir çox cinayətlərində onun MTN-nin Xəzər  rayon şöbəsinin rəisi olmuş yaxın qohumunun əmlak qalmaqalında hallanması "siyasi statusu”na xeyli kölgə saldı. 

Hazırda o, partiyanın Siyasi Şurasının üzvüdür. Dolaşan söhbətlərə görə, Hacıbala Abutlıbovun postuna ən iddiali icra başçısıdır. Evlidir. 2 qızı var.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlu 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

O, Bakənən rayonlarına rəhbərlik edən icra başçıları arasında daha çox iqtidarın və sakinlərin etimadını doğruldan icra başçılarındandır. 

1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu və 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirən Asif Əsgərov  Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləyib. 1994-cü ildən "ATTİLA” idman klubunun sədri, cüdo üzrə Respublika yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.

1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini vəzifələrində çalışıb.

O, 15 fevral 2006-cı ildə  Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı, 25 iyun 2009-cı ildə Səbail Rayon İcra Hakimiyyətinin Başçısı və 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. İşlədiyi hər 3 rayonda, xüsusi ilə Səbail və Nəsimi də böyük quruculuq və abadlıq işlərinə imza atmaqla yanaşı, həm də rayon sakinləri, ictimai fəalları ilə çox sıcaq münasibətlər yarada bilib. 

Onu da qeyd edək ki, Əsgərov da Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. O, eyni zamanda,  elmi-pedaqoji fəaliyyətini davam etdirir. Fəlsəfə doktoru, dosent, professor, idman ustası, Respublikanın Əməkdar Məşqçisi, Respublika dərəcəli hakimdir. Ailəlidir. 2 övladı var.

Son illərdə yaradılan Pirallahı rayonun icra başçısı İmanov Vasif Həsən oğlu  1961-ci ildə Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1983-1991-ci illərdə "Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991-1999-cu illərdə "Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışıb.
 
O,  7 mart 2013-cü ildə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.  Ailəlidir. 3 övladı var. Tərcümeyi-halından görünür ki, Vasif İmanovun təyinatında hansı dairəinin "xüsusi rolu” olubdur. Onun az müddətdə yeni rayonda  xeyli quruculuq işləri gördüyü haqda da məlumatlar var.

Bakının Qaradağn rəhbəri Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də Naxçıvanda anadan olub. 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib.

1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.

1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon İcra Hakimiyyətinin, 21 dekabr 2005-ci il tarixindən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub.

Azərbaycan Respublikası Prezidentinin 04 mart 2010-cu il tarixli Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib.

2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir. Ailəlidir, iki övladı var.

Sabunçunun icra başçısı Vəliyev Adil Ənvər oğlu 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. O da həmkarə Süleyamn Mikayılov kimi qalmaqallara imza atmaqdan sanki zövq alır. Biznesmen kimi xatıralan Vəliyev 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də operator kimi başlayıb.1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib. 1990-1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb.

1992-1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra ii il işsiz qalıb. 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb. 2003-cü ildə isə səbəbi bilinməyən şəkildə bu işindən ayrılıb və 2012-ci ilə qədər özünün təsis etdiyi "Euro Style” LTD şirkətinin rəhbəri olub.

2012-ci ilin aprel ayında isə gözlənilmədən Sabunçu rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilib. İki övladı sahibi olanVəliyev rayonda qanunsuz tiklilərə böyük rəvac verən, eyni zamanda daha çox dağıdıcı icra başçısı kimi dəyərləndirilir. 

Suraxanının icra başçısı Abbasov İlqar Namaz oğlu Naxçıvanda anadan olub. 

O, 21 dekabr 2005-cı ildə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə Abbasov İlqar Namaz oğlu təyin edilib. Bundan əvvəl isə Nərimanovun icra başçısı işləyib. 

İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə "Sənaye və mülki tikinti" ixtisası üzrə, Bakı Sosial İdarə etmə və Politologiya institutunu isə 1993-cü ildə "politoloq" ixtisası üzrə bitirib. Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.  O, 2003-cü ildə yaradılan "Gənc İlhamçılar” Birliyinin ən fəal üzvlərindən biri olub. Məhz ordakı xidmətləri Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Səbailin hazırkı icra başçısı Əzizov Eldar Əziz oğlu zəngin karyera sahibidir. O, 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə  diplomu ilə bitirib. 

Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb.

1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.

1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilmiş, 1980-ci ildə "Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı şəhər İcra  Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı şəhər İcra  Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

2000-ci ilin iyun ayında Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 

2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra  Hakimiyyətinin başçısı olub.

 2015-ci ilin sentyabr ayından Səbail rayon İcra Hakimiyyətinin başçısıdır.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Ailəlidir, 2 övladı var.

Eldar Əzizov istər Gəncə, istərsə də Sumqayıta rəhbərlik etdiyi dövrdə "alkapon” adı və biznesi ilə xatırlanır. O, bütün bina və tiklilərin fasadlarını bu üzlüklə "bəzədirdi”. Onun Sumqayıtdakı yarıtmaz işi isə ölkənin 3-cü böyük şəhərindəki postundan kənarlaşdırlımasına səbəb oldu.

Xətainin icra başçısı Razim İsa oğlu Məmmədov 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub. 

İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılmış "Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Razim Məmmədov böyük maddi sərvətə sahibdir.  Onun adə Xətaidə əsasən torpaq alqı-satqısı və yaşıl soyqırımında adı hallanıb. Rayonda ciddi əhəmiyyət daşıyan işlərə imza ata bilməyib. Tam əksinə, "rayonun nəfəsini kəsən gözü doymayan” məmur kimi sakinlərin hədsiz narazılıqla qarşıladığı icra başçısıdır.

Ötən həftə Yasamala icra başçısı təyin edilən Əzizov Əziz İmran oğlu bu posta 8 avqust 2006-cı ildə təyin edildiyi Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən "transfer” oldu.  O, 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib. 1985 – ci ildə Tramvay parkında xətt sahəsi təmiri ustası vəzifəsindən indiki statusuna qədər yüksəlib. Təbii ki, bu, təkcə onun hünəri deyil. Onun vəzifə pillələrində yolunu açan isə komitə sədri Kərəm Həsənov olub. Hansı ki, o, icra başçısı vəzifəsinə qədər Kərəm və Malik Həsənov qardaşlarının biznesində aparıcı şəxs olub. Məhz buna görə də biznesdən Kərəm Həsənovun doğulduğu Cəlilabada başçı göndərilib.  Ötən həftə isə o, bütün iddialıları qabaqlayaraq, Yasamala icra başçısı təyin edilib.

MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR