Şriftin ölçüsü / 328 dəfə oxunub

Zahid Oruc: "Hər hansı siyasi tələskənlikdən söhbət gedə bilməz, əksinə İlham Əliyev soyuqqanlıdır..." - Müsahibə

''Seçki nəticəsində hər hansı ''X'' namizədə 42 milyard dollarlıq valyuta ehtiyatının təhvil veriləcəyini düşünən çox yanılır''

06 Fevral 2018 [10:30]

Prezident İlham Əliyev fevralın 5-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncam imzalayıb.

Sərəncamın yaratdığı sualları deputat Zahid Oruca müraciət etdik.

- Zahid bəy, prezident İlham Əliyev növbədənkənar prezident seçkisi haqda sərəncam imzalayıb. Niyə oktyabrda yox, aprel?

- Ölkə başçısının qərarını yüksək qiymətləndirənlərin arqumentinə diqqət yetirsəniz onlar hüquqi normala əsaslanır, əksinə düşünənlər isə siyasi dəlillərlə çıxış edirlər. Halbuki biz sərəncamın konstitusion normalara cavab verib-vermədiyi suala birinci növbədə aydınlıq gətirməliyik.

Bilirsiniz ki, 1993-cü ilə qədərki praktikadan fərqli olaraq,ötən 25 ildə hakimiyyət orqanlarının formalaşması məhz seçkilər vasitəsilə baş verib. Ona qədər silahlı mübarizələr vasitəsilə dövlət başçısının müəyyənləşməsi praktikası, müharibə şəraitindən doğan uğur və ya uğursuzluğu fonunda taxt-tacın ələ keçirilməsi və ya meydan mübarizələri, vətəndaş toqquşmalarından keçərək birinci şəxsi təyin etmək həqiqətən qeyri-konstitusion hadisələr idi. Biz o vaxtlar yeni Ana Qanun vəd edənlərin özlərinin belə hüquq çərçivəsi əsasında hərəkət etdiklərini görə bilmədik. İndi oyun qaydalarının tanındığı bir şəraitdir və seçkilərin növbədənkanarlığı üçün mütləq fors-major vəziyyətin yaranması mütləq şərt deyil.

İkincisi, ötən on illiklər ərzində dövlət orqanlarının formalaşmasının müəyyən zaman ardıcıllığı, siyasi fəlsəfəsi və hüquqi prosedurları formalaşıb. Lakin 2016-cı ildə keçirilən ümumxalq səsverməsi prezidentlik müddətini 7 il müəyyənləşdirib. Ona görə də bu il keçirilən seçkilər 2025-ci il praktikasında fərqli bir durumu meydana çıxaracaq. Bu, ondan ibarətdir ki, parlament və prezident seçkiləri 1 ay zaman fərqi ilə keçiriləcək. Nəzərə almalıyıq ki, seçkilər mənafelərin toqquşduğu bir hadisədir, maraqlar çulğalaşır, insanlar iddiaları uğrunda mübarizəyə çıxırlar. Heç şübhəsiz ki, iki fərqli hakimiyyət qolu uğrunda mübarizə ölkədəki dayanıqlığa mənfi təsir göstərə bilər. Belə hallar ABŞ, yaxud Qərb ölkələrinin praktikasında olub, yəni Konqres və prezident seçkilərinə eyni zamanda start verilib və iki kampaniya aparılıb. Lakin qeyd olunan praktikaya yüzilliklər ərzində gəlinib. Ona görə də biz bu amilin nəzərə alınmasını arzulayırdıq.

- Ermənistanda seçkilər apreldə keçiriləcək...

- 5 fevral sərəncamını Ermənistandakı aprel seçkiləri ilə bağlamaq çox yanlışdır. Çünki Azərbaycanda hakimiyyət orqanlarının formalaşmasının ayrı prosedurları, siyasi məntiqi və təhlükəsizlik şəraiti var. Hətta deyərdim ki, Ermənistanda hakimiyyətin ağrlıq mərkəzinin dəyişəcəyi, yəni parlamentli modelə keçidin baş verdiyi şəraitdə Sarkisyan baş nazir kimi proseslərə nəzarəti itirəcək və mərkəzdənqaçma güclənəcək. Belə olan halda Azərbaycanda yaranmış şəraiti Qarabağda hərbi-siyasi baxımdan tam öz xeyrinə dəyişə də bilər. Deməli, təqvim uyğunlaşdırılmasına mexaniki gedilməsinideyənlərin arqumenti kəsərsizdir.

- Bəlkə hakimiyyət müxalifətin bir araya gəlməsinin qarşısını almaq üçün bu addımı atdı?

- Xeyr, heç bir qəfil yaxalanmadan, yaxud onların hazırlıqsız vəziyyətə qoyub üzərilərinə getmək həmləsindən söhbət ola bilməz. Çünki bu qüvvələr 25 ildir hakimiyyətdən kənar düşüblər və məğlubiyyətləri də aprelin 11-i və ya oktyabrın 15-i tarixi ilə izah oluna bilməz. Demirdilər ki, hər zaman iqtidara hazır olmaq lazımdır, onda buyursunlar. Əgər müəyyən elektoral bazaya malikdilərsə, arxalarında siyasi gələcəklərinə investisiya qoyan dairələr mövcuddursa, onlar bu prosesi özləri həyata keçirə bilərlər. Özü də dəfələrlə müxalifətin dilindən növbədənkənar seçki ideyasını eşitmişik. Onda hansı qanunlara əsaslanırdılar? Deməli, proses hüquqi məcradan çıxası deyil və dövlət rəhbərinin belə qərar verməyə tam səlahiyyəti var.

- Hazırda əsas sual budur: niyə heç bir izahat olmadan növbədənkənar seçkilər təyin edilir? Normal ölkələrdə bu cür qərarlar veriləndə cəmiyyətə izahatı da verilir, amma Azərbaycan hakimiyyəti bu barədə susur, səbəb nədir?

- Hesab edirəm ki, Azərbaycan cəmiyyəti ötən dövrlərdə yürüdülən siyasətin məntiqinə dayanaraq, həmçinin regionda və dünyada baş verən hadisələri hesablayaraq qərarın mühüm zərurəti olduğunu dərk və qəbul edir, o cümlədən, bu kampaniyada iştirak edəcək. Əgər hər hansı bir şəraitdə qərar insanların və yaxud müəyyən bir sosial qrupların narazılığı ilə qarşılanardısa, onu biz meydanlarda avtomatik görməli idik. Nəhayət, siyasi situasiyanın çevrilməsi baxımından son sərəncam rəqib qüvvələrin xeyrinə işləyə bilərdi. Gerçəkdə isə biz belə ümumxalq etirazlarını və etimadsızlığını görmürük. Əgər seçkilər günü tanınmırsa, insanlar onu sadəcə həmin tədbirə getməməklə qərarlarının ardınca gedərdilər. Yəni, belə demək mümkünsə, dövlətin məntiqi tanınmır, ona kimlərsə itaət göstərmir və əleyhinə gedilir. Məgər, ayrı-ayrı partiyalar və təşkilatlar üçün bu arzuolunan deyilmi?! 

Eyni zamanda, burada dövlət və xalq arasında konsensusu göstərən mühüm məsələ var. Bu ondan ibarətdir ki, hər kəs hətta oktyabrda keçirilən seçkilərdə qalib lideri yaxşı tanıyır. O daxili resurs, zaman müddəti, major amillərin üzərində lider deyil. Ötən dövrdə görülən işlərə söykənərək ölkənin təhlükəsizliyini qoruyaraq, onun xarici aləmdə qəbul etdirərək dövlətə rəhbərliyi haqq edir. Seçkilərin oktyabrda keçirilməsi halı və vəziyyəti müxalifəti qətiyyən ayrı duruma salası deyil. Misal gətirdiyimiz hüquqi və siyasi izahlar qarşıdakı dövrdə rəsmi orqanlar tərəfindən geniş ictimaiyyətə bir daha açıqlanacaq. Lakin mütləq fövqəladə şəraitinin olduğunu irəli çəkmək və digər şəraitlərdə "belə seçkilərə gedilə bilməz” söyləmək məntiqli deyil. Bir daha deyirəm, bu, müxtəlif ölkələrin siyasi həyatında özünü geniş göstərən hadisədir.

- Zahid bəy, hansı ölkələrin, ad çəkə bilərsinizmi?

- Baxın, Avropa ölkələrinin özündə müxtəlif vəziyyətlərdə seçkilər elan olunub. Dövlət rəhbərinin hüququ var ki, konstitusion müddət başa çatmadan prezident,yaxud parlament seçkilərini qeyd edilən zamandan ertələnmiş formada reallaşdırsın. Məgər, ikinci dünya müharibəsindən sonra Fransada 3-4 dəfə bunlar təkrarlanmayıbmı, Türkiyədə dəfələrlə belə hadisələr olmayıbmı?Almaniyanın praktikasında dinc dövrdə belə seçkilərə gedilib.

- Siz adını xatırlatdığınız ölkələrdə seçkilər siyasi böhranlardan irəli gələrək keçirilib. Deməyinizdən belə çıxmırmı ki, hakimiyyət daxilində böhran var?

- Qətiyyən, böhrandan danışılması çox yanlışdır. Hansısa qüvvələr dövlətin yürütdüyü siyasətə qarşı çıxsaydı, onu tənzimləmək üçün məhz seçkiyə əl atılmazdı. Əksinə, dövlətin birinci şəxsinin iradəsi qarşısında duruş gətirən qüvvə mövcud deyil, hakim partiyada vahidlikdir, dövlətdə də dəqiq bəlli olan komanda mövcuddur. Son 3 ildə prezident hökumətdə də, öz komandasında da xeyli yeniləşmələr aparıb. Bugün hansı bir qüvvə xalqın seçimiylə hakimiyyəti ortadan qaldırmağa zərurət meydana çıxarardı? Qoy, onda böhran əlaməti üçün bir şəxsin adını çəksinlər.

- Bəlkə Dağlıq Qarabağla bağlı aparılan sülh danışıqlarında ciddi güzəşt gözlənilir?

- Əlbəttə, bu məsələ ətrafında ən çox irəli sürülən ehtimallardan biri Dağlıq Qarabağ məsələsi olacaq. Unutmayaq ki, hazırkı reallıqda Azərbaycan özünün mövqelərini hərbi cəhətdən möhkəmləndirdiyi təqdirdə güzəştə gedilməsi heç bir anlamda qəbul edilə bilməz. Ermənistan son 25 ildə işğal reallığını siyasi danışıqlara keçirməyə və bizi kaputaliyasiyaya cəhd edib. İndi isə Dağlıq Qarabağda torpaq və siyasi status güzəşti ilə hakimiyyətini möhkəmləndirməyə çalışmaq növbəsi məhz qarşı tərəfdədir. Bir daha vurğulayım ki, Sarkisyan özünü baş nazir elan edəndən sonra proseslərə nəzarət edə bilməyəcək. Hətta müharibə şəraitinin meydana çıxacağını da gözləmək olar. Bu baxımdan qarşı cinahda ayrı reallıq yaşanırsa, Azərbaycan dövləti status məsələsində fərqli mövqeyə gedəcək deyə, 5 fevral sərəncamını verdi fikrinin məntiqi yoxdur. Tam məsuliyyətlə deyirəm, Azərbaycan Qarabağ məsələsində öz mövqeyini daha da sərtləşdirəcək.

- O zaman, iqtisadi amil gündəmə gəlir, yəni növbəti devalvasiya təhlükəsi hakimiyyəti bu addımı atmağa vadar etdi?

- Məncə, növbəti spekulyasiyapredmetindən biri bu olacaq. Devalvasiya ölkənin maliyyə-bank sektoru ilə bağlı öz təsirini göstərən birinci amildir və bundan sonrakı dönəmdə də ölkənin bütün həyatını əhatə edir. Əminəm ki, son müşavirəyə baxanlar şahiddilər ki, əldə olunmuş resurslar manatın kursunun sabitləşdiyini göstərir. Son günlərdə bu barədə daha əhatəli açıqlamalar verilib, həmçinin neft amili də əvvəlki qədər büdcəni təhdid etmir. Belə olan təqdirdə kütlələri özünə cəlb etmək üçün seçkilərdən sonra kimlərsə kampaniyalara əl atacaq. 

Ancaq onu göz altına almalıyıq ki, hər bir hakimiyyət tərəfdarlarını daha çox sayda əldə saxlamağı düşünür. Çünki hər hansı bir maliyyə-istisadi qərara görə itirilən tərəfdarlar mütləq başqa qüvvələrin bazasına çevrilir. Bu mənada manat ətrafında siyasi spekulyasiya aparanlar olacaq. Yekun olaraq deyim ki, qarşıdakı dönəmdə istər növbədənkənar, istərsə də konstitusiya ilə müəyyənləşdirilmiş dövrdə oktyabrda keçirilən seçkilərdə bu ölkənin rəhbəri prezident İlham Əliyevin liderliyi davamlılığı şəraiti həm də onunla əsaslandırılır ki, kimsə düşünürsə ki, seçkilərin nəticəsində hər hansı X namizədə 42 milyardlıq dollarlıq valyuta ehtiyatını, hazırkı reallığını, formalaşmış düzəni onlara təhvil verəcək, çox yanılırlar. Yəni müxalifət qarşısında tanımadığı hakimiyyətin kursunun üzərindən xətt çəkirsə, gərək o 42 milyard dolları da düşünməsin.

- Deyirsiniz ki, cəmiyyət, xalq hakimiyyətdən razıdır, ciddi problem yoxdur, o zaman İlham Əliyev niyə tələsir?

- Qətiyyən, burada hər hansı siyasi tələskənlikdən söhbət gedə bilməz. Əslində, buna qədərki arqumentlərim daha soyuqqanlı hərəkətlərin mövcudluğunu göstərir. Hətta bir çoxları hesab edirlər ki, burada Rusiya və Ermənistandakı seçkilərin olması Azərbaycan əleyhinə beynəlxalq dairələrin planlarını işlətməyə imkan verməyəcək. Həmçinin belə bir dönəmdə Qərb də müxtəlif cinahlarda hərbi savaşlar aparıb, bu üzdən Azərbaycan əleyhinə ssenarilər də olmayacaq. Belə olan təqdirdə prezident İlham Əliyevin beynəlxalq, regional, həmçinin Konstitusiya və referendum reallığı, 2025-ci il amili, hamısını matrisa kimi kompleks yanaşmada nəzərə aldığından danışmaq daha düzgün olardı.

- Başqa bir açıqlama, ötən ilin dekabrın 17-də YAP-çı deputat Siyavuş Novruzov demişdi ki, növbədənkənar seçkilərlə bağlı çaşdırıcı məlumatlar yayırlar, belə bir şey gözlənilmir. Hətta müxalifətin uydurması saymışdı bunu. Bəs siz dedikləriniz nədir?

- Həmin açıqlamadan bir neçə gün əvvəl mənim mövqeyim dərc olunmuşdu. Mən məsələnin əsaslandırılmasında hansı beynəlxalq, regional və hüquqi amillərin olduğunu incələmişdim. Hər kəsin mövqeyinə hörmətlə yanaşır və dediyiniz açıqlamanı da xatırlayıram. Siyavuş Novruzov dövlətçi adamdır, həmin məsələyə baxışı fərqli olubsa, buna görə onu linç etmək və bir şəxsi mövqeyi ilə hakimiyyət siyasəti arasında ziddiyyət axtarmağına dəyməz. Ən əsası odur ki, dövlətin mühüm və strateji qərarları birinci şəxs tərəfindən qəbul olunur. İndi prosesin legitimliyi üçün iddiaçılara şərait yaratamaq, rəqabəti təmin etmək və milli iradəni ortaya qoymaqdır.



SON XƏBƏRLƏR