Şriftin ölçüsü / 402 dəfə oxunub

“Düşmən tərəfindən yayımlanan “WiFi”lara qoşulmayın” - DTX generalından xəbərdarlıq

12 Sentyabr 2017 [11:47]
"Təmas xəttinə yaxın yaşayış məntəqələrinin sakinləri bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərər vura biləcək hər hansı məlumatların yayılmasından çəkinməlidir".

Bu sözləri bu gün Ağdam rayonunda keçirilən konfrans zamanı DTX rəisinin müavini, general-mayor İlqar Musayev deyib.

Xidmətin Əməliyyat-Texniki İdarəsinin rəisi olan İ.Musayev bildirib ki, Ermənistanın Azərbaycana qarşı siyasəti dövlət terrorçuluğudur: "Erməni terroru 1980-ci ildən etibarən yeni vüsət aldı. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində dövlət sərhəddini 132 kilometr ərazisi nəzarətdən çıxıb.

Azərbaycanın düşmənlə təmas xətti yaşayış məntəqələrinə yaxın məsafədədir. Bu səbəbdən ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir.

Bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər. Bu vətəndaşların bəziləri şahidi olduqları hərbi və təhlükəsizlik tədbirləri barədə fikirlərini yaxud çəkdikləri video, fotoşəkilləri öz yaxınları ilə sosial şəbəkələr və mobil telefon vasitəsilə bölüşürlər. Bununla da onlar əslində düşmənə cəbhə xəttində əməliyyat şəraitini qiymətləndirməyə və ordumuza qarşı qabaqlayıcı tədbirlər görməyə şərait yarada bilən informasiyanın sızmasına səbəb olurlar.

Bu cür hallar mülki əhalinin müdafiəsinin etibarlı təşkili və düşmənin təxribatlarının vaxtında qarşısını almaq üçün görülən tədbirlərə zərər vurmaqla yanaşı, döyüş bölgəsində xidmət aparan zabit və əsgərlərin həyatına ciddi təhlükə yaradır. 

Hər bir vətəndaş, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrinin sakinləri bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərər vura biləcək hər hansı məlumatların yayılmasından çəkinməlidir.

Araşdırmalar göstərir ki, düşmən Azərbaycanın efir məkanında, həmçinin sosial şəbəkələrdə məlumat toplanmasına xüsusi önəm verir. 

Bu səbəbdən cəbhə xəttində yaşayan hər bir vətəndaş ayıq-sayıq olmalı, xidmətdə olan hərbçilərimiz internet şəbəkələrindən, mobil texnologiyalarından diqqətlə və ehtiyatla istifadə etməli, xüsusilə düşmən tərəfindən yayımlanan naməlum və açıq vayfay efirinə qoşulmamalıdırlar. Biz müharibə şəraitində yaşadığımızı qəti unutmamalıyıq".



SON XƏBƏRLƏR