Şriftin ölçüsü / 410 dəfə oxunub

Keçmiş icra başçısı danışdı: "Əgər belə pis icra başçısı idimsə,..." - Müsahibə

11 Avqust 2017 [18:59]
Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimov "Ölkə.Az” xəbər portalının suallarını cavablandırıb.

Mia.az həmin müsahibəni oxuculara təqdim edir: 

– Azərbaycandan getməyiniz və biznesini ölkə xaricinə köçürtməklə bağlı xəbərlər yayılıb. Bu cür xəbərlər nə qədər doğrudur? 

– Bu cür xəbərlər tam yalandır. Hazırda mən Yeni Azərbaycan Partiyasının (YAP) Təhsil Komissiyasının üzvüyəm. YAP-ın siyasətinə xidmət edən adamam və bu gün də bu yolu davam etdirirəm. Mən hara getsəm belə Azərbaycanla nəfəs alıram. Azərbaycandan savayı gözəl ölkə və diyar, cənab Prezident İlham Əliyevdən savayı güclü lider tanımıram. Azərbaycanın təbiəti də, insanları da, Prezidenti də gözəldir. Ümumiyyətlə, mən heç kəsə müsahibə vermirəm. İndi siz zəng edib sual verirsiniz, mən də cavablandırıram. Haqqımda yazılan bu cür cəfəngiyyat məlumatlar da yalandır. Bəzi adamlar mənim işdən çıxarılmağıma görə cəfəng fikirlər səsləndirirlər. Mən cənab Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəyə təyin edilib və çıxarılmışam. İşlədiyim müddətdə bacardığım qədər xalqa, dövlətə sədaqətlə xidmət etmişəm. Cənab Prezidentin tələblərinə lazımi səviyyədə cavab vermədiyim üçün də sərəncamla vəzifədən azad edilmişəm. Ancaq ömrümün sonuna kimi hər zaman cənab Prezidentin yürütdüyü uğurlu siyasəti dəstəkləyəcəm.  

– Hazırda Azərbaycandasınız? 

– Bəli, mən öz evimdəyəm, nəvələrimlə bir yerdəyəm. Təqribən iki ay öncə Rumıniyaya oğlumun yanına getmişdim. Hardasa 10 gün orada qaldım. Sonra xəbərlər yayıldı ki, Tahir Kərimov ölkədən qaçıb və sairə. Hər kəs xaricə istirahətə gedir. İndi mənim 5-10 günlük xaricə gedib oğlumu görməyə ixtiyarım yoxdur? 

– Oğlunuzun da işdən çıxarılması barədə xəbərlər yayılmışdı. Məlumatlar doğru idi? 

– Xeyr, bu da yalan söhbətdir. Oğlum hazırda da Rumıniyada öz vəzifəsinin başındadır, işdən çıxarılmayıb. Oğlum da dövlətimizə və cənab Prezidentin siyasətinə sədaqətlə xidmətini davam etdirir.  

– Türkiyədə və digər xarici ölkələrdə daşınmaz əmlakınız var? 

– Xeyr, mənim nə Türkiyədə, nə də digər ölkələrdə evim, biznesim yoxdur. Bu barədə yazılan xəbərlərin də hamısı cəfəngiyyatdır. Bilirsiniz, mən artıq vəzifədə deyiləm, işdən çıxmışam. Görünür ki, mən o qədər vacib adamam ki, jurnalistlər məndən yazırlar.  

– Ən çox adınız başçı olduğunuz dövrdə iş adamlarına qarşı süründürməçilik yaratmaqda hallanır. Bu cür ittihamlarla razısınızmı? 

– Mən Salyanda icra başçısı işləyəndə rayonda çox gözəl abadlıq və quruculuq işləri görülüb. İndi narazılıq edən iş adamları bəs mən icra başçısı olanda niyə səslərini çıxartmırdılar? Əgər belə pis icra başçısı idimsə, iş adamları narazılıq edərdilər. Hətta, abadlıq-quruculuq işləri aparılandan sonra da bizdə bir nəfər narazı adam olmayıb. İndi məni iş adamlarını incitməkdə ittiham edirlər. Bütün bunların hamısı boş-boş söhbətlərdir. 

Bilirsiniz, hər rəhbər ilk növbədə dövlətin siyasətini dəstəkləməlidir və həmin siyasətə kölgə salınmasına imkan verməməlidir. Mənim də Salyanda gördüyüm işlər göz qabağındadır. Cənab Prezidentin rəhbərliyi altında biz Salyanı qurub yaratmışıq, inkişaf etdirmişik, rayonun 2800 illiyini qeyd etmişik, ölkə başçısının tapşırığı ilə Salyana yeni körpü çəkilib, rayon abadlaşdırılıb, zeytun ağacları əkilib, şəhərə güllər əkilib, küçələr asfaltlanıb. Bütün bunların hamısı cənab Prezidentin rəhbərləyi altında həyata keçirilib. Yəni, bunlar Tahir Kərimov olsa da, olmasa da görüləcəkdi. İndi bunu istəyən yaxşı, istəməyən isə pis qiymətləndirir. Mənim üçün əsas meyar insanın yolunda düz və sədaqətli olmasıdır. 

Şükürlər olsun ki, bu gün mən öz yolumda düzəm və cənab Prezidentə sədaqətliyəm. Mən Salyanda şərəflə işləmişəm, salyanlılara şərəflə xidmət etmişəm. Salyanlıları da çox istəyirəm. Doğrudan da salyanlılar çox qeyrətli, dövlətə sədaqətli və haqq-ədalətə qiymət verən adamlardır. Təbii ki, meşə çaqqalsız olmaz. İki-üç nəfərin nə deməsi ilə bir adama qiymət vermək olmaz. Salyanın 130 mindən çox əhalisi var. Gedin görün, ümumi Salyan camaatı mənim haqqımda nə düşünür. Salyanlılar dövləti, Vətəni sevən adamlardır. Salyan ötən əsrin əvvəlində Əli bəy Hüseynzadə, sonunda isə Xəlil Rza Ulutürk kimi dahilər yetişdirib. Yəni, Salyanın belə qeyrətli şəxsiyyətləri var. Mənim üçün də belə insanlara xidmət etməyim böyük şərəfdir. Salyanda icra başçısı işləməyim ömrümün şərəfli tarixidir. 

– Salyanın indiki icra başçısı Sevindik Hətəmovla əlaqələriniz varmı?       

– Yeni icra başçısına uğurlar arzu edirəm. Allah işini avand etsin, yaxşı işləyir. Bəzən yoldaşlardan onun işi maraqlandıram, hamı razılıq edir, yaxşı işləyir. Vaxtilə də onunla həmkar olmuşuq, münasibətlərimiz yaxşıdır. 

– Vəzifədən azad olunanda çox adam sizin gül çələngi altından keçməyinizi əks etdirən fotoların buna səbəb olduğunu düşünürdü. Necə düşünürsünüz, gül çələngi olan fotoların vəzifənizi itirməyə təsiri oldumu? 

– Bilirsiniz, məni istəyən adamlar onu düzgün qiymətləndirir, istəməyənlər isə buna don geyindirməyə çalışır. Həmin vaxtı gül bayramını qeyd edirdik. Gül bayramı münasibəti ilə Salyan rayon Təhsil Şöbəsi tərəfindən tədbir təşkil olunmuşdu. Tədbirdə iştirak edən Salyan camaatının əksəriyyəti mənim kimi o güllərin altından keçirdi. Tədbirin ssenarisinə uyğun olaraq Salyan rayon İcra Hakimiyyətinin başçısı kimi mən və kollektivim, rayon hüquq-mühafizə orqanları rəhbərləri də güllərin altından keçib. Yəni, tədbirin ssenarisi belə hazırlanmışdı. Hətta, tədbir başlayanda mən sual verdim ki, nə üçün bu qədər şagirdləri güllərin altından baş əydirərək keçirirsiniz? Çünki belə çıxırdı ki, biz həmin şagirdlərə təzim edərək, tədbirə cəlb edirdik. Sonradan buna məni istəməyənlər don geyindirməyə başladılar. Hər kəs öz bildiyi kimi qiymətləndirirdi. Halbuki, tədbirin təşkilatçısı və o gülləri hazırlayan rayon Təhsil Şöbəsi idi. 

– Güllərin altından keçməyinizlə bağlı qalmaqallı xəbərlər yayılandan sonra sizə YAP-dan və ya Prezident Administrasiyasından irad bildirildimi? 

– Əlbəttə ki, sosial şəbəkələrdə yazılan şərhlərdən sonra mənə fikir bildirilmişdi. Ancaq burada söhbət irad bildirilməkdən getmir. Mən özüm də anladım ki, gərək o tədbir belə formada təşkil olunmayaydı. Baxmayaraq ki, bəzi adamlar burada heç bir ajiotaj yaradacaq hal olmadığını söyləyərək, tədbiri yüksək qiymətləndirmişdi. Bəziləri isə mənfi qiymətləndirmişdi. Sosial şəbəkələrdə isə mənimlə bağlı kampaniya aparılırdı. 

– Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi müavini, polis mayoru Azər Kərimzadə şiddətli töhmət verilməklə işdən çıxarılıb. Azər Kərimzadənin sizin qardaşınız olduğu deyilir...

– Xeyr, o polis mənim qardaşım deyil. Saytlar yazır ki, guya Azər mənim qardaşımdır və sairə. Bu doğru məlumat deyil. Düzdür, bizim onunla qohumluq əlaqələrimiz var, ancaq qardaş deyilik. Mən Kərimov Tahir Abuzər oğluyam. Yaxşı araşdırsalar, bilərlər ki, o adam mənim qardaşım deyil.  

– Dövlətdən hər hansı vəzifə təklifi gözləyirsiniz? 

– Artıq dövlətə öz xidmətimi etmişəm və hazırda ailəmlə, nəvələrimlə bərabər ömür sürürəm. Sonadək də cənab Prezidentin yanındayıq və o siyasəti dəstəkləyirik. Dövlətdən də heç bir vəzifə gözləmirəm. Ən əsası odur ki, bu gün hər birimiz dövlətə və dövlətçiliyimizə xidmət etməliyik, cənab Prezidentin yürütdüyü uğurlu siyasətə sadiq olmalıyıq. Bu gün Azərbaycan dövlətinin gələcək uğurları da ulu öndər Heydər Əliyev siyasəti ilə bağlıdır. Bu gün də bu siyasəti cənab Prezidentimiz çox uğurla həyata keçirir. Azərbaycan dövlətini və millətini sevən hər bir adam da bu siyasətin yanında olmalıdır.  


SON XƏBƏRLƏR