Şriftin ölçüsü / 92 dəfə oxunub

"Təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq" - Latviya prezidenti

18 Iyul 2017 [00:32]
"Latviya ilə Azərbaycan arasındakı əməkdaşlıq bənzər talelər və hər iki xalqın sınaqdan keçdiyi çətin dönəmlər kimi tarixi bağlara əsaslanır. 1918-ci il Azərbaycanın və Latviyanın müstəqilliyə qovuşduğu il olmuşdur. Gələn il biz hər iki ölkənin müstəqilliyinin 100 illiyini qeyd edəcəyik. O zaman Azərbaycan cəmi iki il müstəqil yaşamışdır, lakin ölkəniz İslam dünyasının ilk parlamentli respublikası olmuşdur”.
 
Bunu Latviya prezidenti Raymonds Veyonis Riqada rəsmi ziyafətdə etdiyi çıxışı zamanı deyib.
 
O qeyd edib ki, Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır: "Latviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu səfər çərçivəsində Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamənin imzalanmasını məmnunluqla qeyd edirik. Əminəm ki, bizim müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində birgə marağımız var. Dövlət başçıları, parlament, hökumət, bələdiyyə və digər dövlət qurumları arasında sıx əməkdaşlıq qurulmuşdur. Parlamentlər arasında fəal əməkdaşlığı qeyd etmək, yerli hakimiyyət orqanları arasında artmaqda olan təmasları xüsusi vurğulamaq istərdim. Latviyanın və Azərbaycanın yerli hakimiyyət orqanları arasında 13 əməkdaşlıq sazişi imzalanmışdır”.
 
Latviya prezidenti qeyd edib ki, Latviya Azərbaycan ilə nəqliyyat sahəsində, xüsusilə də beynəlxalq "Şimal-Cənub nəqliyyat dəhlizi” layihəsi çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir:  "Fəal siyasi və iqtisadi münasibətləri, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və rəğbəti məmnunluqla qeyd edirik. Ölkəmizdə müxtəlif mədəni və ictimai tədbirlər təşkil edən və Latviya Respublikasına sadiq olan azərbaycanlı icmanın fəaliyyətini xüsusi qeyd etmək istərdim. Ali təhsil sahəsində əməkdaşlığımız və hər il Azərbaycandan olan 150 tələbənin Latviyanın ali təhsil ocaqlarında təhsil alması sevindirici haldır. Əminik ki, səfər çərçivəsində imzalanmış əməkdaşlıq sazişi bu sahədə yeni əməkdaşlıq imkanlarını yaradacaqdır”.
 
Raymonds Veyonis bildirib ki, Latviyanın Avropa İttifaqına və NATO-ya üzv olması ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaradıb: "Bu təşkilatlara üzv olmaq üçün Latviya müasir, demokratik və firavan dövlət yaratmaq məqsədilə əsaslı islahatlar həyata keçirmişdir. Bu sahədə təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq. Latviya hər zaman Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsini dəstəkləmişdir. Biz iqtisadiyyat, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində imkanlar açacaq yeni Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq sazişi ilə bağlı danışıqları alqışlayırıq. Azərbaycanın enerji sahəsində Avropa İttifaqının mühüm tərəfdaşı olması faktını xüsusi vurğulamaq istərdim. Latviya Azərbaycanın "Cənub Qaz Dəhlizi” layihəsindəki rolunu və Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi sahəsinə yatırdığı sərmayələri yüksək qiymətləndirir”.

APA


SON XƏBƏRLƏR