Akademik Akif Əlizadə: "Geologiya və geofizika sahələrində kadr siyasətini genişləndirmək lazımdır"

img

19-05-2017 [15:35]


Mayın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirildi. 

Mia.az xəbər verir ki, tədbiri AMEA-nın prezidenti, GGİ-nin direktoru akademik Akif Əlizadə açaraq kadr çatışmazlığı ilə əlaqədar yaranmış ciddi problemlərə toxundu. Bildirdi ki, geologiya və geofizika sahələri üzrə hazırkı yaşlı alimləri əvəzləyəcək gənc kadrların azlığı müşahidə olunur. Problemi aradan qaldırmaq məqsədi ilə AMEA-da magistratura təhsili genişləndirilir, qəbulun sayı artırılır. Akademik şöbə rəhbərlərinə yaradılmış imkandan səmərəli istifadə etməyi və yeni kadrları daha böyük səylərlə hazırlamağı tapşırdı.

Sonra akademik A.Əlizadə institutun Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Əkpər Feyzullayevin AMEA-nın həqiqi üzvü, institutun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun AMEA-nın müxbir üzvü seçilmələri münasibəti ilə kollektiv adından təbrik etdi.

Təbriklərin ardınca D.Hüseynov iştirakçıları iclasın gündəliyindəki məsələlərlə tanış etdi. İlk olaraq Seysmostratiqrafiya şöbəsinin rəhbəri akademik Pərviz Məmmədovun "Cənubi və Orta Xəzər hövzələrinin regional seysmostratiqrafiyası” mövzusunda məruzəsi dinlənildi. Natiq bildirdi ki, çoxillik geofiziki və seysmostratiqrafik tədqiqatlar nəticəsində Cənubi və Orta Xəzər hövzələrinin dərinlik quruluşu, paleotektonikası, paleocoğrafiyası, geodinamiki təkamülü və neft-qaz perspektivli çöküntü kompleksləri haqqında çox maraqlı elmi nəticələr alınıb. Plitələrin tektonikası konsepsiyasına əsasən riftogenez və spredinq nəticəsində Cənubi Xəzər hövzəsinin açılması və Uilson tsikli ərzində formalaşması, onun konsolidə olunmuş qabığının okean tipli olması və Skif-Turan platforması altına subduksiyası haqqında təkzib olunmaz faktiki məlumatlar toplanılıb.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı və suallar cavablandırıldıqdan sonra Elmi Şuranın qərarı ilə qəbul edildi. Həmçinin, P.Məmmədovun Cənubi və Orta Xəzər hövzələri üzrə apardığı seysmostratiqrafik tədqiqatların nəticələrinə həsr olunmuş monoqrafiyanın hazırlanması tövsiyə olundu.

Daha sonra elmi tədqiqat işləri üzrə araşdırmaların nəticələri müzakirə olundu. "Filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyası əsasında çıxarılması üsullarının işlənilməsi (Daşkəsən rayonunun filiz obyektləri timsalında)” mövzusunda aparılan tədqiqatlar, AMEA ilə İtaliya Milli Tədqiqatlar Şurası arasında imzalanmış proqram çərçivəsində, həmçinin GGİ-nin Ukrayna alimləri ilə birgə apardığı işlərin gedişatı haqqında çıxışlar dinlənildi.

İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR