Şriftin ölçüsü / 202 dəfə oxunub

Bakıda saxta pul kəsən dəstə saxlanıldı – Polis əməliyyatı + FOTOLAR

18 May 2017 [11:09]

Bakıda saxta pul kəsənlər qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə,  Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini  əvvəllər məhkum olunmuş Əfqan Nağıyev və Şabran rayon sakini Sərxan Məmmədov şübhəli şəxs qismində saxlanılıb:

"Onların üzərinə baxış keçirilən zamanı ümumilikdə 4 ədəd 50 manatlıq və 4 ədəd 20 manatlıq saxta əskinaslar, o cümlədən 0,439 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində saxta əskinasları onlara Vüsal adlı şəxsin satmaq məqsədi ilə verdiyini bildiriblər.

Xətai RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginasları hazırlayaraq Ə.Nağıyev və S.Məmmədova verən Yeni Suraxanı qəsəbə sakini əvvəllər məhkum olunmuş Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.

Onun yaşadığı mənzildən saxta pul əsginaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar, saxlanılan şəxslərin etiraf etdikləri kimi satışı nəzərdə tutulan külli miqdarda saxta əsginaslar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Dəstə üzvləri saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə realizə etmək məqsədi ilə hazırladıqlarını etiraf ediblər.

Qeyd edilən faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb,  araşdırmalar davam etdirilir".



SON XƏBƏRLƏR