Şriftin ölçüsü / 168 dəfə oxunub

Bakıda şəhid abidəsini söküb yerində bina tikirlər - İcra Hakimiyyəti susur (Fotolar)

20 Aprel 2017 [11:44]
Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 52-də yerləşən "Şəhidlər parkı” sökülərək yerində çoxmərtəbəli bina tikilir. Şəhid Şahin Səməd oğlu Məmmədovun adının əbədiləşdirilməsi məqsədilə çəkilmiş xatirə bulağı və abidəsi isə götürülərək parkın hazırda xarabalığı xatırladan ərazisinə köçürülüb.

Mia.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Məzahir Rüstəmov küçəsinin sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl gecə saatlarında parkın aşağı hissəsi hasarlanıb və katlavan qazıntısına başlanılıb. Sakinlər tikintinin dayandırılmasına etiraz ediblər, əraziyə polis dəvət olunub.
Tikinti şirkətinin nümayəndəsi isə parkın ərazisinin satın alındığını, bunu təsdiqləyən sənədlərin olduğunu deyib. "Park mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə 1998-ci ildə şəhid Şahin Məmmədovun atası Səməd Məmmədov tərəfindən abadlaşdırılmışdı. Parkda oturacaqlar, uşaqların əylənməsi üçün yellənçəklər quraşdırılmışdı. Bu park ətrafdakı 7 binanın sakinlərinin istirahət etməsi üçün yeganə məkan idi”, -sakin Cəfər Məmmədov deyir.

Parkı sökən və yerində çoxmərtəbəli binanın tikintisini başladan şirkətin adını, sahibinin kimliyini sakinlərdən heç kim bilmir. Elə şirkətin ərazidəki gözətçisi da bu haqda heç nə demədi.

Ötən il parkın yuxarı hissəsində çoxmərtəbəli bina tikilib. Şikayətçilər söyləyirlər ki, ötən ilin əvvəlindən parkı qəsdən xarabalığa çevirməyə başlayıblar. "Yavaş-yavaş oturacaqları qırdılar, yellənçəklər dağıdıldı. Sonradan bildik ki, park qəsdən xarabalığa çevirib ərazini almaq istəyiblər. Bina təhvil verilib, yaşayış var. Amma tikintinin tullantıları daşınmadı. Görünür, beləcə sakinlərin ayağın parkdan kəsmək istəyiblər ki, növbəti binanın tikintisinə imkan verilsin”, -sakinlər deyirlər.

Park baxımsız hala düşdükdən və bina tikintisinə başlandıqdan sonra sakinlər tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə şikayət ünvanlanıb. İcra hakimiyyətinin cavab məktubunda isə ərazidə çoxmərtəbəli binanın tikintisindən xəbərdar olmadıqlarını yazıblar. Ayrıca şəhidin adını daşıyan parkda abadlıq-təmizlik işləri aparıldığını, həmin ünvanın nəzarətdə saxlandığı da qeyd olunub. Amma çox keçməyib ki, təmizlik-abadlıq işləri aparılan ərazinin satıldığı bəlli olub.

"2016-cı ildə bizə rəsmən bina tikintisi üçün icazə verilmədiyini dedilər. 2017-ci ildə isə binaya sənəd verilib. İcra hakimiyyətinin dediyi kimi bərpa-təmizlik işləri yalnız parkın bina tikilən hissəsində aparıldı. Həmin ərazi isə binanın birinci mərtəbəsində yerləşən özəl uşaq bağçasına verildi. Hazırda digər binaların sakinləri parkın o ərazisinə buraxılmır. Yeni bina tikiləndən sonra isə ümumiyyətlə əraziyə giriş qadağan ediləcək”,-sakinlərdən Arzu adlı qadın deyir.

Şəhidin abidəsi qoyulan ərazi tullantılarla əhatələnib və ufunət iyindən nəfəs almaq mümkün deyil. Şəhidin adını daşıyan bulaq uçmaq üzrədir.Sakinlər deyirlər ki, tikinti başa çatandan sonra şəhidin xatirə abidəsi tamamilə götürüləcək. Əks halda abidəyə qarşı bu cür hörmətsizlik edilməzdi, ən azından abadlaşdırılmış ərazidə xatirə lövhəsi saxlanılardı.

Parkın ətrafında iki məktəb, bir uşaq bağçası yerləşir. Əvvəllər dərsdən çıxan uşaqlar bu parkda dincəlirirmiş. İndi parkın girəcəyində bir neçə quş damı tikilib. Təqaüdçülər isə özləri üçün kiçik guşə yaradıblar. Onlar özlərinə oturacaq, köhnə palaz gətirərək balaca yer düzəldiblər. İndi tikinti başa çatandan sonra istirahət üçün hara gedəcəklərini bilmirlər.

Parkdakı meyvə ağazları quruyub. Sakinlər binaya gedən yolun tikintisi zamanı çoxillik ağacların qırılacağından da narahatdılar. "Onsuz da gecə ikən ağaclar qırılıb. Amma ərazi hasara alındığından biz bunu sübut edə bilmirik. Yəqin ki, digər ağacları da kəsəcəklər”, -sakinlər deyirlər.

Ərazidəki yol da park kimi bərbad vəziyyətdədir. Vaxtilə çəkilmiş su xətləri çürüyüb sıradan çıxdığından, su binaların həyətinə, oradan da parkın ərazisinə axaraq bataqlıqlar əmələ gətirib. Sakinlər deyirlər ki, bu parkın qara günləri şəhidin atası dünyasını dəyişəndən sonra başlayıb. Xətai Rayon İcra Hakimiyyəti sakinlərin çoxsaylı müraciətlərini qulaqardına vurub.

Rayon icra hakimiyyətindən isə sualımızı cavablandıracaq səlahiyyətdə olan əməkdaşın hazırda işdə olmadığını, təkrar müraciət etməyimizi məsləhət gördülər.













SON XƏBƏRLƏR