Hakim komanda islahata gedir, yoxsa....- Ekspertlərdən islahat şərhi

img

19-02-2017 [14:11]


Fevralın 13-də Azərbaycan prezidenti İlhamƏliyev Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini birləşdirməklə yeni yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Ramin Quluzadəni rəhbər təyin etdi. Bununla da ləğv edilən Nəqliyyat Nazirliyinin rəhbəri Ziya Məmmədov işsiz qaldı.

Əslində, bir ildən çox idi ki, Ziya Məmmədov böyük səlahiyyətlərini və ən əsası, hakim dairələrdəki nüfuzunu itirmişdi. Onun işdən kənarlaşdırılacağı haqda hələ 2015-ci ilin iyunundan - I Avropa Oyunlarından sonra mediada yazılar yer almağa başlamışdı.

Təbii ki, bu iddialar əsassız deyildi. Prezident əvvəlcə taksilərə lisenziya vermək hüququnu, sonra sərnişindaşıma nəqliyyatını, daha sonra isə "Dəmir yolları” Səhmdar Cəmiyyətini və digər səlahiyyətləri Nəqliyyat Nazirliyindən aldı. Nəhayət, Z.Məmmədovla bağlı son qərar verildi.

Bu qərarın Z.Məmmədov üçün ağır olduğunu düşünənlərlə yanaşı, bunu daha böyük prosesin başlanğıcı sayanlar da var.

Hətta fikirlər səslənir ki, artıq hakimiyyətin yuxarı dirələrindəkilər korrupsiyalaşmış və kifayət qədər ciddi problemlərin yığılıb qaldığı köhnə sistemləri sıradan çıxarmaq istəyir. Nəqliyyat Nazirliyinin ləğvi, yeni qurumun yaradılması da bu prosesin başlanğıcı hesab edilir.

Ehtimala görə, Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinə, "Meliorasiya və su təsərrüfatı” ASC, "Azərsu” ASC ilə, Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi bir neçə qurumla, Diasporla İş üzrə Dövlət Komitəsi Xarici İşlər Nazirliyi ilə bir "çətir altına” yığılacaqlar. Eyni zamanda bu islahatların davamlı olacağını zəruri edən məqamlar da çoxdur.

Hakimiyyətə yaxın şəxslər bunu ölkədəki böyük islahatların başlanğıcı saymaqla yanaşı, bildirirlər ki, bu dəyişikliklər daha çevik, daha müasir idarəetməni təmin edəcək. Amma müxalifət təmsilçiləri və bəzi müstəqil ekspertlər bir qədər fərqli düşünürlər.

Mia.az xəbər verir ki, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu "Reytinq" qəzetinə açıqlamasında Nəqliyyat Nazirliyinin ləğvini və Ziya Məmmədovun vəzifədən kənarlaşdırılmasını islahat saymır.

Nazirliklərin birləşdirilməsi islahat deyil

Tofiq Yaqublu deyib ki, hakimiyyətin həyata keçirdiyi hər hansı dəyişiklik, yaxud bu yöndə atdığı hər hansı addım məcburən olur:

«Siyasi məhbusların əfvi və digər bu kimi məsələlər ancaq məcburiyyət qarşısında qalanda edilir. Bu iki nazirliyin birləşdirilməsinin isə iqtisadi islahata aidiyyatı yoxur. Birmənalı olaraq, hamı dərk etməlidir ki, bu hakimiyyət nə siyasi, nə iqtisadi, nə də sosial islahat aparmağa qadirdir.

Bu ölkəni idarə edənlər arasında quldurlar çoxdur. Hakim komandadakıların fikirləri ancaq oğurlamaq, talamaq, dinənin dilini kəsmək, müxalifləri qısnamaq, repressiya eləməkdir.

Nəqliyyat Nazirliyinin ləğvi, Ziya Məmmədovun klandan kənarlaşdırılması nə islahat ola bilir ki? Ziya Məmmədov həbs olunmalıdır. O, Azərbaycan xalqının yüz milyonlarını oğurlayıb».

T.Yaqublunun fikrincə, hökumətin qərarları əks-effekt verir. 

«Ölkədə iqtisadi böhrandır, maaş verə bilmirlər, bunun üçün ixtisarlar etmək lazımdır. Nəqliyyat Nazirliyinin şişirdilmiş çox böyük ştatı var idi. O qədər adama vəzifə vermişdilər ki, hamısı da camaatı soymaqla, talamaqla məşğul idi. İndi də görürlər ki, nə maaş verə bilirlər, nə də paket. Ona görə də islahat adı altına qurumları ləğv edib ixtisarlar aparırlar.

Ziya Məmmədov üçün nə problem var ki? Yüz milyonları oğurlamış adamdır. Yüz il bundan sonra da oğurladığı pullarla nəsil-nəcabətini saxlaya bilər. Əslində, İlham Əliyev ona hörmət edib», - deyə Müsavat yetkilisi fikrini tamamlayıb.

"Vəzifəsini itirən məmur hakimiyyətə təhlükə deyil”

Siyasi icmalçı Nəsimi Məmmədli isə bildirib ki, ölkədə hökm sürən sosial böhran indiyədək mövcud olan bütün münasibətlər sistemini zədələyib. 

Müsahibin sözlərinə görə, bu hal, təkcə iqtidar və müxalifət düşərgəsində deyil, cəmiyyətin bütün sosial qruplarında özünəməxsus təsirlər yaradıb: «Fərdi və ailədaxili münasibətlərdən tutmuş, idarəetmənin bütün pillələrinə qədər istənilən sferada gərginlik artmaqdadır. Artıq insanlar anlayır ki, heç nə öncəki kimi olmayacaq.

Hakimiyyət komandası da anlayır ki, duruma müdaxilə edilməsə ölkəni ağrısız idarə etmək çətinləşəcək. Amma köklü islahatların iqtidar üçün arzuolunmaz siyasi nəticələr doğuracağı əndişəsi hələ də hakimiyyəti öz təsirində saxlayır. Odur ki, müəyyən kosmetik dəyişikliklərlə manipulyasiya etməyə çalışırlar”.

N.Məmmədli deyib ki, hakimiyyət komandasındakı istənilən şəxsin cəmiyyətə ən kiçik təsiri və nüfuzu omadığına görə, rəhbərliyin onlarla necə gəldi davranmasında problem yoxdur:

"Vəzifəsini itirən heç bir məmur hakimiyyətə təhlükə deyil və cəmiyyət onlara etimad göstərmir. İdarəetmənin xarakterini bilənlər anlayır ki, vəzifədən uzaqlaşdırılan şəxslər hansısa struktur islahatlarına görə edilmir. Burada, yəqin ki, özəl məsələlər var və cəmiyyətdə heç bir müsbət dəyişikliklərə gətirib çıxarmayacaq.

İslahat xarakterli addımlar atmaq üçün ilk növbədə təminatlı qanunvericilik bazası yaradılmalıdır. Ayrı-ayrı şəxslərin vəzifədən çıxarılması ilə movcud problemlərin həllini zənn etmirəm».

"...Hökümətin vəziyyətdən çıxacağına inanmıram”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin də fikirləri maraqlıdır.

O, hesab edir ki, Ziya Məmmədovun istefaya göndərilməsi bir prosesin başlanğıcıdır. Onun fikrincə, burada əsas şərt hərəkətin davamlı və ardıcıl olmasıdır: «İstisna deyil ki, yenə kimlərsə "vurulsun". Hərçənd ki, Məmmədova yeni bir indeferent vəzifənin verilməsini də istisna etmirəm.

Fikrimcə, iqtidarın zirvəsi çox ləngdir. Atılan addımlar yaranmış situasiyaya adekvat deyil. Böhranı şərtləndirən amillərdən, o cümlədən kadr seqmentindən "yaxa qurtarmaq" bir an əvvəl edilməli, paralel olaraq digər amillərə qarşı da mübarizə başlanmalı idi.

Keçirilən məhkəmə prosesləri isbat edir ki, hakimiyyətdaxili münasibətlər, o cümlədən onun cinayətkar məzmunlu tərəfi çox dərinlərə işləyib. Belə mənfi ballastdan bir həmlə ilə yaxa qurtarmaq çətindir. Bütövlükdə isə, belə ləngliklə hökümətin vəziyyətdən çıxacağına inanmıram. Hakimiyyət müvazinətini xeyli itirib. Belə şəraitdə onun riskdən uzaq durması dəngə qorunması ilə bağlıdır. Hakimiyyətin idarəçilik fəlsəfəsi tam olaraq şəraitə uyğunlaşdırılana qədər dəyişikliyə qətiyyətlə getməlidir».

Dəyişikliklərin mahiyyəti başqadır

İqtsadçı-ekspert Məhəmməd Talıblı isə hakimiyyətin islahat aparmaq niyyətində olmadığını deyir. Onun fikrincə, həyata keçirilən dəyişikliklərin mahiyyəti tamamilə başqadır:

«Nazir olmaq ömürlük boya biçilmiş iş deyil. Ona ömürlük bağlanma təkcə milli məsələ deyil, həm də çox zaman şəxsi faciələrin əsası olur. "Uzunmüddətli hakimiyyət insanları korlayır",- aforizmi səbəbsiz yerə meydana çıxmayıb. Onun ciddi elmi-siyasi-psixoloji əsasları var.

İqtisadi xətli qurum rəhbərləri sırasında Səlim Müslümovun, Şahin Mustafayevin vəbir çoxunun fəaliyyətləri çox uğursuz görünür. Məncə, məsələ şəxsi deyil və ya problem şəxsiləşdirilməməlidir. Uzun illik nazir və komitə rəhbərləri yerlərindən dursalar, "daşlar" bir az yerindən tərpənər. Amma o da çıxış yolu deyil. Sistem effektiv çalışmalıdır. Qocaları cavanlarla dəyişsən, yenə problemlər həll olunmayacaq».

Vəziyyətdən çıxış yoluna gəlincə, ekspert «Təklifi qəbul etməzlər deyə, səsləndirməyi lazım bilmirəm. Amma bir onu deyə bilərm ki, 5 illiyinə vəzifələrini iqtisadçı-ekspertlərlə əvəzləsinlər, o zaman islahatın, köklü dəyişikliklərin necə həyata keçirildiyini görərlər»,- deyib.

Nəqliyyat Nazirliyinin taleyinə oxşar proseslər baş verəcək

Azərbaycanda neft bumu dövründə eyni təmayüllü bir çox nazirliklərin, dövlət komitələrinin və digər qurumların yaradıldığı deyən ADP sədrinin müavini Taliyət Əliyev isə bildirib ki, həmin dövrdə bu tipli qurumların dövlət büdcəsi hesabına saxlanılması elə də problem olmayıb.

Onun qənaətincə, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanın gəlirlərini kəskin şəkildə azaldıb. Bu isə Azərbaycanın dövlət büdcəsinə mənfi təsirini göstərib və nəticə etibarı ilə bir çox nazirliklərin ləğvi aktuallaşıb:

"Bildiyiniz kimi, bundan əvvəl də nazirlik səviyyəsində olan Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunaraq səaliyyətləri digər qurumlar arasında paylanmışdı. Ötən illərdə Nəqliyyat Nazirliyinin də bir çox səlahiyyətləri başqa qurumlara verilmişdi. Faktiki olaraq Ziya Məmmədov nazir kimi bir özü, bir portfelindən ibarət idi. Bu nazirliyin ləğvi labüd idi.

Ziya Məmmədovun rəhbərlik etdiyi nazirliyin ləğvində siyasi motivlərdən daha çox iqtisadi motivlərin olduğunu düşünürəm. Problem Ziya Məmmədovla bağlı idisə, onu vəzifədən azad edə bilərdilər, nazirlik qalardı. Necə ki, bu vaxta qədər bir çox nazirlərin işdən çıxarıldığının şahidi olmuşuq. Hesab edirəm ki, növbəti mərhələdə də Nəqliyyat Nazirliyinin taleyinə oxşar proseslərin şahidi olacağıq. Çünki böhran eyni təmayüllü qurumların birləşdirilməsini diqtə edir. Ona görə də, bu hadisənin hakimiyyətdaxili çəkişmələrdən daha çox iqtisadi böhranla əlaqələndirilməsi daha düzgündür».

Nazirlər Kabineti "Qocalar evi”ni xatırladır

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov isə hesab edir ki, hakim komandada real dəyişikliklərə ehtiyac var. Onun sözərinə görə, Z.Məmmədovdan da "uzun ömürlü” nazirlər iş başındadır:

«Daxili işlər naziri Ramil Usubov bu vəzifəni 1994-cü ilin aprelindən tutur. 23 ildir ki, toxunulmazlığını qoruyur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də 1994-dən nazir portfeli gəzdirir. Baş nazir postunu tutan Artur Rasizadə də 1996-cı ildən əvəzolumazdır.

Yaxud Ədliyyə naziri Fikrət Məmmədov, Vergilər naziri Fazil Məmmədov və başaqaları 2000-ci ildən hökümətin tərkibində qalırlar. Bu siyahını uzatmaq da olar”.

Ə.Orucov deyib ki, Azərbaycan Nazirlər Kabineti həm yaş, həm də staj baxımından "Qocalar evi”ni, yaxud da "Təqaüdçülər klubu”nu xatırladır: "Bir-iki nazirin vəzifədən kənarlaşdırılması, yaxud da nazirliklərin birləşdirilib ayrılması heç nəyi dəyişmir. 2006-ci ildə Kabinetin 6-7 üzvü dəyişdi, bunun müsbət mənada təsirini gördükmü? Təbii ki yox”.

Ə.Orucov digər müsahiblərimizdən fərqli düşünür.

İddia edir ki, Z.Məmmədovun "vurulması” əslində saraydaxili ziddiyyətlərin nəticəsidir: "Bir qruplaşma getdikcə güclənir və bu gücün qarşısını almağa artıq başqa bir qruplaşma ciddi müqavimət göstərə bilmir. Bu, təkcə icra qrumlarında deyil, bank, maliyyə, biznes və digər sahələrdə də belədir.

Bəzən bunu islahat kimi qələ verməyə çalışırlar. Amma qətiyyən belə deyil! Çünki bu iqtidar islahata getməklə ömrünü bitirər. Sistem elə qurulub ki, külli miqdarda maliyyə-kapital ayrı-ayrı qruplaşmaların əlində cəmləşib və bunların da hərəsi bir dövlətə bağlıdır. Bunların öhdəsindən gəlmək asan deyil».

Müsahibimiz qeyd edib ki, Azərbaycanda nazirliklər siyasi postlar sayılmırlar.

AMİP yetkilisinin sözlərinə görə, onlar ancaq təsərrüfat-inzibatçılıqla məşğul ola bilərlər. İcraçıdırlar, hətta müstəqil təşəbbüslərdə buluna bilməzlər, Prezident Administasiyasından, yaxud da təmsil olunduqları qruplaşmalardan verilən konkret tapşırıq, göstəriş və direktivləri səhvsiz icra etməyə çalışırlar:

"Prezidentin özü də Kabinetin iclaslarının birində üzünü nazirlərə tutaraq xəbərdalıq etdi ki, kim siyasətlə məşğul olmaq istəyirsə, gedib məşğul olsun. Belə olan halda Ziya Məmmıədovun "yola salınması”nı siz nəyin başlanğıcı hesab edirsiniz? Bu dəyişikliklərin, "vurulmalar”ın başlanğıcı yoxdur, ancaq sonu ola bilər. Sistem çox köhnəlib, bütünlükdə getməlidir”.

Politoloq sonda deyib ki, hakim düşərgədə Z.Məmmədovdan da çox korrupsionerləşmiş məsul şəxslər var:

"Baxın, keçmiş Milli Təhlükəsizlik, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin həbs olunan yüksək rütbəli işçilərinin məhkəməsində artıq söhbət yüz minlərdən, milyonlardan gedir.

Hanı məhkəmələr, vergi orqanları, Gömrük Komitəsi, bu pulların necə qazanıldığı qalsın bir tərəfdə, dövlət büdcəsinə vergilərin ödənilməməsinə niyə göz yumulub? Niyə həmin şəxslərdən biri öz hüquqlarını məhkəmə yolu ilə qorumağa səy göstərməyib? Yaxud da böyük səlahiyyətlərə malik Respublika Prokurorluğu, uniforma geyinərək dövlətin gücündən və imkanlarından sui-istifadə edən bu mütəşəkkil quldur dəstəsinin bir üzvünə də qanunun gücünü göstərməyib. Niyə? Çünki özləri onlardan geri qalan deyillər.

İkincisi isə, ortada siyasi iradə olmayıb. Odur ki, bu kimi dəyişikliklər görüntü xarakterindən başqa bir şey deyil. Əsl dəyişikliyi və islahatı xalq öz irdəsi ilə edəcək».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR