Yazıçı Zəka Vilayətoğlu: “Əlində pulu olan hər kəs beş-on cızma-qara ilə mətbəələrə üz tutur”

img

14-11-2013 [14:19]



Yazıçı Zəka Vilayətoğlu Müstəqil İnformasiya Agentliyin (mia.az) müsahibə verib.

- Özünüzü necə təqdim edərdiniz?

- Zəka Vilayətoğlu-musiqiyə, ədəbiyyata qəlbən, ruhən bağlı bir adam. Uzaq bir dağ kəndində ziyalı ailəsində dünyaya gəlmişəm. Körpəlikdən arzu-istəklərim musiqiyə bağlı olub. Musiqi ilə nəfəs alıb, musiqi ilə ruhlanmış, böyümüşəm və bu istəklə pərvazlanan ruhumun qanadlarında uçub gəlmişəm gözəl Bakımıza. İndiki ADMİU-da ali təhsil almışam. Orta məktəbdə oxuduğum ilk illərdən bədii ədəbiyyata meylim və sevgim, musiqiyə olan sevgim qədər sonsuz olub. Elə o illərdə də ilk qələm təcrübələrim meydana gəlib. Kiçik məqalələr, sonra ara-sıra şeirlər yazmağa başlamışam. Universitetin birinci kursunda oxuduğum zaman isə ilk hekayəmi yazmışam və beləcə ruhumda mən adlı bir yazıçının doğulduğunu hiss etmişəm. O vaxtdan da qələmə, ədəbiyyata sadiq qalmışam.

- Yadıcılığınızda nə yeniliklər var?

- Yaradıcılığımda yenilik "Milena” adlı kitabımın nəşri və oxuculara təqdimatıdır. Ümumən yeniliklər çoxdur. Hələ nəşrini gözləyən daha bir povest və hekayələrdən ibarət kitabım var. Musiqi sahəsində də yeniliklər var. Yeni ildə yeni musiqi albomu çıxarmaq istəyindəyəm.

- Nədən məhz yazıçı olmaq fikirinə düşdünüz?

-Yazıçı olmaq fikrim, istəyim olmayıb, amma yazmaq həvəsim sonsuz olub. Yazmışam, yazılarım mətbuatda dərc olunub və məlumdur ki, pisliyindən-yaxşılığından, işin keyfiyyətindən asılı olmayaraq, nəsr yazan, əsərləri dərc və ya nəşr olunan adam yazıçı adlanır. Onun yazıçı kimi ədəbi mühitdə, oxucular arasında qəbul olunub-olunmamağı sonrakı işdir və həm də işin ən önəmli tərəfidir.

- Dünya yazıçılardan kimləri oxuyursuz?

-Dünya yazıçılarının əsərlərini çox mütaliə etmişəm. Adlarını sadalasaq, uzun bir siyahı alınar. Drayzer, Cek Londan, Mopassan, Selincer, Markes, Folkner, Bunin, Dostoyevski, Şoloxov, Rasputin, Çingiz Aytmatov, İvan Şukşin, Feyxtvanger, Rəşad Nuri Güntəkin, Orxan Kamal, Qoqol...

- Bəs özümüzdən kimi bəyənib maraqla oxuyursuz?

-Öz yazıçılarımızdan da çox oxumuşam. Bütün klassiklərimizi, maarifpərvər yazıçılarımızı çox oxumuşam və hərdən təkrar oxuyuram da. Sovet dövrü yazıçılarımız İsmayıl Şıxlı, İsa Hüseynov, Yusif Səmədoğlu, İsi Məlikzadə, Fərman Kərimzadə. Yeni nəsil yazarlarımızın yaradıcılığını da izləyirəm təbii, ara-sıra xoşum gələn hekayələr, povestlər olur...

-Axırıncı dəfə oxuduğunuz kitab hansı olub?

-Sonuncu oxuduğum, çox gözəl və kübar rus yazıçısı Vladimr Nabokovun məşhur "Lolita” əsəri olub.

-Sizcə, yaxşı yazıçı olmaq asandı?

-Yaxşı yazıçı olmaq, məncə, istedad, zəhmət və bəxt işidir. Əgər son dərəcə istedadla və orijinal yazırsa, yazıçı, yaxşı yazıçıdır. Qalır onun tanınmaq, məşhurlaşmaq məsələsi, bu da bir qismətdir. Bəzən istedad o qədər bədxah, qara qüvvələrlə üzləşir ki, yalnız ölümündən sonra onun nə qədər gözəl bir yazıçı olduğu ortaya çıxır. Bir də yazıçı üçün duyum və güclü müşahidə qabiliyyəti əsasdır.

-Yazmaq vərdişləriniz necədir? Daha çox gündüz yazırsınız, yoxsa gecə?

-Tam sakit bir şəraitdə yazmağı xoşlayıram. Bu zaman rahat düşünə bilirəm. Bir çox hallarda həzin, romantik musiqilər dinləyərək yazıram. Bu zaman özümü sözlə musiqinin ağuşunda hiss edir, sanki ovsunlanır, məst oluram. Mənə elə gəlir ki, yazdığım hər hansı bir yazıya hopur həmin musiqilər. Daha çox gecələr yazıram. Gecələr sükutun səsini, hənirini də asan duymaq olur və o sükutun içində nə qədər sehrli nəsnələrin olduğu aşkarlanır səninçün.

-Yazıçı olmaqla yanaşı, həmçinin musiqiçisiniz.Musiqi sizin üçün nədi?Bu iki sənət bir biri ilə necə tamamlanır?

-Hər iki sənət mənə Tanrının bir lütfüdür, desəm, yanılmaram! Onların biri-biriylə məhəbbətlə qovuşduğu yer mənim ürəyimdir! Mənə görə hər ikisi biri-birini tamamlayır və onların biri olmadan mən özümü yarımçıq hiss edərəm. Bu, mənim taleyim, alın yazımdır!

-Mahnı ifa etməkdən,mahnı bəstələməkdən xüsusi zövq alırsız?

-Əlbəttə. Zövq almasaydım, bu işdən çoxdan əl çəkərdim. Mənim həyatım, bəllidir ki, söz, səs və musiqiylə mənalanır!

-Siz hər hansı bir əsər və ya konkret bir obrazla bağlı ideyanı haradan götürürsünüz?

-İdeyanı əksər hallarda həyat, müşahidələrim özü verir mənə. Bu, bəzən oxuduğum hansısa bir romandakı hansısa bir cümlədən də doğula bilir.

-Hadisə və ya ideya ilə rastlaşmaq üçün mətbuatı izləyirsinizmi? Axı indi elə qəribə xəbərlər oxuyuruq ki, işləsən, bəlkə də bir əsərdir...

-İdeya tapmaq məqsədilə yox, ümumən həyatın, cəmiyyətin nə ilə nəfəs almasıyla ilgilənmək baxımından, həm də müəyyən qədər bilgimi artırmaq yönündən mətbuatı, ədəbiyyatı daima izləyirəm. Xüsusən yaradıcı adam üçün bu, çox vacibdir.

-Əlinizdə yazdığınız, işləmək istədiyiniz əsər varmı?

-Yazmaq istədiyim və yazıb yarımçıq qoyduğum bir neçə əsərim var, onları tamamlamaq, ortaya çıxarmaq istəyindəyəm.

-Oxucunun zövqünə görə yazmaq lazımdır, yoxsa yazıçı öz üslubunda yazsa, daha yaxşı olar?

-Oxucunun zövqünə hesablanmış əsər, əslində bazara çıxarılmış mal kimidir, yəni bazar qanunlarına hesablanır məncə və gəliri, qazancı da, məncə müəyyən qədər qənaətbəxş olur. Amma bu, sənət əsəri olmur, əsl oxucu üçün dəyərsiz olur. Zövqlü oxucunun istədiyi isə ürəyin qanıyla, ruhun titrəyişilə yazılmış əsərlərdir. O əsərlər ki, orda bayağılıqdan söhbət gedə bilməz.

-Sizi necə təqdim etməyi istərdiniz tanınmış yazar yoxsa kifayət gədər tanınan yazıçı?

-Sadəcə, yazıçı Zəka Vilayətoğlu demək yetər.

- Köşə yazarı professional yazıçı ola bilər?

-Köşə yazarının peşəkar yazıçı olub-olmaması zamanın və onun istedadının işidir. Bu yazar ola bilsin ki, qazanc, dolanışıq naminə bu işlə məşğuldur və əslində içində nəhəng, istedadlı bir yazıçı gizlənib

-Maariflənmək, savadlı olmaq, əlavə biliyə yiyələnmək üçün bizə mane olan nədir?

-Maariflənmək, savadlı olmaq üçün ailə tərbiyəsi, valideynin diqqəti, orta məktəbdə müəllimlərimizin bilik səviyyəsi yüksək olmalı, bu yöndə çox ciddi çalışmalar olmalıdır. Təəssüf ki, bu gün gənclərimizin diqqəti, marağı daha çox gəlir gətirəcək işlərə yönəlib. Təhsil, az qala arxa plana keçib. Bu yöndə televiziyalarımız maraqlı, səviyyəli verilişlər hazırlamalı, cəmiyyətə, xüsusən gənclərimizə müsbət təsir etməlidir.

-Yaxşı roman yazıb ortaya çıxarmaq üçün nə gədər vaxt tələb olunur?

-Yaxşı roman yazmaq vaxtla yanaşı, istedadlı olmağı tələb edir. Ola bilər beş-altı aya və ya üç ilə, beş ilə yazılar bu roman. Söhbət romandan gedirsə, burda istedadla yanaşı yazıçının təcrübəli və zəngin müşahidələri vacibdir. Əslinə qalsa, roman yazıçının beynində illərlə yazıla bilir və son anda yazıya çevrilməsi qalır və bu, dediyim kimi az bir müddətə də başa gələ bilər.

- Gənc yazıçıların sayı həddindən artıq çoxdur, hətta bir neçəsinin kitabı işıq üzü görüb, bəzi kitabların üzünü açar açmaz insanın hətta ürəyi bulanır...Niyə səviyyəsiz yazarlar çoxalıb?

-Maneələri aşmaq asan olanda baş verir belə şeylər. Baxın, bu gün ölkəmizdə peşəkar və həvəskar sürücülərin sayı nə qədər artıb. Hamı kreditlə maşın alır özünə. Bəzən bir neçə ay banka pul ödəyir və qəfil müflis olur, krediti ödəyə bilməyəndə ya maşını dəyər-dəyməzinə satır, ya da bankın əməkdaşları əlindən alırlar. Bu gün yazıçılıq, şairlik də, nə yazıq ki, bu hala gəlib. Yəni, əlində pulu olan hər kəs beş-on cızmaqara ilə mətbəələrə üz tutur və kitabını nəşr etdirir, sonda da hər gördüyünə bir kitab bağışlayır, fərəhi, iddiası isə yerə-göyə sığmır. Ədəbiyyatın tələbini, "kredit haqqını” ödəyə bilməyən həmin cızmaqaraçıların kitabları, əlbəttə oxucunun ürəyini bulandıracaq...

-Peşman olduğunuz anlar olubmu?

-Bir insan kimi həyatda peşman olduğum anlar olub, əlbəttə. Hardasa kiməsə inanmışam, yaxşılıq etmişəm, pislik görmüşəm qarşılığında.

-Bizim gənclər kitabxanaya,kitab dükanlarına getməkdən niyə imtina edirlər? O məkanlar niyə oxucusuz, boş qalır?

-Gənclərimizin kitablara marağının az olması bu yöndə təbliğatın zəif olması ilə bağlıdır. Daha bir səbəb gündəlik qayğıların çoxluğu, daha yaxşı yaşamaq həvəsi, daha çox pul qazanmaq eşqidir. Burda internetin də öz təsiri var. Amma mənə elə gəlir ki, son illər kitaba maraq, istək qismən artıb.

-Kitablarsız bir günümüz belə olmasın.Kitablardan qaçmaq yox onlara daha da yaxın olmaq lazımdı,çünki kitablar insanın həm dostu,həm sirdaşı həm də müəllimidi.Bu sözlərlə münasibətiniz?

-Kitaba sevgi insanın canında, qanında olmalıdır. Mən adamlar görmüşəm ki, çörək ala biləcəyi son qəpiyini qəzetə verib. Belə bir adam haqqında mən 2010-da nəşr olunmuş "Güllələnmiş qaranlıqlar” adlı kitabımda yazmışam da. Yəni ürəyi hər zaman kitabla, ədəbiyyatla döyünən insanlarımız çoxdur... Bəli, kitab insanın dostu, sirdaşı, müəllimidir!

-Sizcə, internet kitabların yerini əvəzləyə bilərmi?

-İnternet kitabı əvəzləyə bilməz, amma xidmətləri də çox böyük və deyərdim əvəzsiz, intəhasızdır.

-Yazıçılara göstərilən hörmət kifayət gədər qanedicidir?

-Təəssüf ki, cəmiyyətimizdə yazara, şairə münasibət o qədər də yaxşı deyil. Bu gün pulun, maddiyatın hakim olduğu bir cəmiyyətdə yazıçı dəyərinin çox aşağı olduğunu, ən azı kitaba münasibətdən çox asanca anlamaq mümkündür.

-Sağlıq olsun,inşallah,gələcəkdə xalq yazıçısı adını almaq istərdiniz?

-"Xalq artisti”, "Xalq yazıçısı” adlarının mənimçün heç bir əhəmiyyəti olmayıb və olmayacaq da. Belə bir adı heç arzulamıram da. Amma öz yazıçısına dövlətin diqqəti, qayğısı(bir bu qurama titullardan savayı)mənimçün çox əhəmiyyətlidir. Bu, bir növ yaradıcı adama stimul verir, onun özünü müəyyən qədər xoşbəxt hiss etməsinə yardımçı olur.

-Sentyabr ayının 25-də Yazıçılar Birliyində "Milena”adlı kitabınızın təqdimat mərasimi keçirildi.Çox maraqlı və olduqca mənalı bir kitabdı.Bu kitaba nə gədər zaman sərf edibsiz?

-Bu kitabdakı "Milena” povestimi bir ilə yazdım. Ara-sıra fasilələr, sonra yenidən işləmələr, düzəlişlər, əlavələr oldu. Amma mövzu beynimdə dörd-beş il olardı ki, hazır vəziyyətdə idi.

-Ümumiyyətlə Milena kimdi?Azərbaycanlı oğlanın tatar qızı ilə sevgi macərası niyə belə qəmgin və sınaqlara çəkilmiş məhəbbətdən ibarət idi.Niyə onların sevgisi bu cür acınacaqlı oldu?

-Hər insanın bir alın yazısı olur. Hər kəs taleyinə yazılanları yaşayır. "Milena” əsərinin qəhrəmanının başına gələnlər də, onun öz sadəlövhlüyü, hər şeyə bir az səthi yanaşması, ürəyiyumşaqlığı(ümumən əksər sənət adamlarında bu cəhətlər olur)üzündən baş verir daha çox. Bir də onun öz sevgisinə və sevgilisinə sədaqətli olmamasının bədəli idi başına gələnlər. Burdan belə bir nəticə çıxır ki, əgər qəhrəmanımız öz vətənində gözəl bir qızla evlənsəydi, yaşayışı ürəyincə olsaydı, o, Milenanı və qızı Kristinanı həmişəlik unudacaqdı. Amma həyat özü onun bu istəyini ironiya ilə qarşıladı və sonda başına bu işlər gəldi. Yəni sevgi də ikiüzlülüyü sevmir...

-Romanda cərəyan edən hadisələrin real həyatla əlaqəsi varmı?

-Mənim bütün yazılarım həyat hadisələri ilə sıx bağlıdır. Burda müşahidələrim böyük rol oynayır. Uydurma,qondarma ilə işim yoxdur

-Bu kitabın davamı olacaqmı?

-Bu əsərin yox, amma təbii, kitablarımın davamının olacağına inanıram!

Leyla Namazova


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib