İyirminci yüzillikdə ucalığa yüksələn, aşıqlıq elminə dərindən vaqif olan, bu incilər, dürlər, kamal dəryasının yorulmaz qəvvası kimi tarixə düşən aşıq İmran Həsənov 85 illik yubileyi keçirildi. Noyabrın 4-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan klassik aşıq sənətinin son nəhənglərindən biri olan, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi aşıq İmran Həsənovun 85 illik yubileyinin qeyd edilməsi bütövlükdə aşıq sənətinin bayramı idi. Aşıq İmran Həsənov aşıq sənətimizin zirvəsini fəth edib, öz ifaçılığı, biliyi, dastan danışma qabiliyyətilə seçilib, meydangirliyi, səhnə mədəniyyətilə daim tamaşaçı sevgisi qazanıb. Aşıq İmran Həsənovun özünəxas ifaçılıq manerası, koloritli, şirəli səsi, zəngin biliyi, yaddaşlarda əbədi iz qoyan siması unudulmazdır. Aşıq İmran Həsənov çox dastanlar danışıb, ancaq "Qurbani" dastanını daha heyrətamiz danışıb. Ümumiyyətlə, onun dastan danışması çox təbii idi. Dastan arasında haşiyələrə çıxır, qaravəllilər danışır, minillərin sınağından çıxan zərb-məsəllər, nəsihətlər söyləyirdi. Deyirdi ki, eldə bir məsəl var: "Çox bilənlər az biləni görəndə, heç vədə özünü öyməsin gərək". Görün, nə ibrətamiz sözdür. Aşıq İmran Həsənov öz imrandilli telli sazı ilə çox məclislər yola saldı, çox ailələrin qurulmasına xeyir-dua verdi, bu dünyada elə çox yaşamasa da, Tanrının ona verdiyi ömür fürsətini qədim sənətimizin təbliğinə həsr etdi. Yaşadı, yaratdı, yaşatdı ustadları, özündən əvvəlki ozanları.
Biz susaq, tarix danışsın...
Növrəstə, cavan çağlarında saz adlı sevgiliyə aşiq olub İmran Həsənov. Saz onun gənclik butası idi... Odur ki, gəncliyindən aşıqlığa könül verib sənətkar. Deyirlər ki, aşıq İmran sazın ilk sirlərini atasından və əmisindən öyrənib. Sonra bu sənətə olan marağı onu gədəbəyli aşıq Hüseyn Quliyevin, göyçəli aşıq Məhərrəm Hacıyevin, aşıq Hüseyn Dəmirçinin yanına çəkib aparıb. Bununla belə, 1950-ci ildə Göyçədən Tovuz rayonuna köçərək ustad aşıqlar - aşıq Əsəd və aşıq Mirzədən bəhrələnib. Onun son bəhrələndiyi ustadlar aşıq sənətinin əzəməti olanlardır. İmranın səs tembri zil, şaqraq, oynağan idi... Dinləyicini min bir ovqata, əhvala kökləyən, çəkib aparan bu səs keçmiş SSRİ-nin paytaxtı olan Moskvanı da ovsununa salıb. "Koroğlu aşığı" İmran Həsənov 7 aşıq havasının yaradıcısı, 2 şeirlər kitabının müəllifidir, 85 illik yubileyilə bağlı "Sənətimin sultanıyam" kitabı da qədirbilən insanlar tərəfindən çap edilib. Aşıq İmran Həsənov on iki aşığa ustadlıq edib, Tovuz rayonunda "Aşıqlar" ansamblına rəhbərlik edib. 15 dekabr 1999-cu ildə 67 yaşında haqq dünyasına qovuşan ustad aşığın ömür dəftərini vərəqləyərkən onun neçə-neçə parlaq, işıqlı səhifəsini görürük. Keçən əsrin 50-60-cı illəri Azərbaycan aşıqlarının şöhrət zirvəsinə ucaldığı bir dövr kimi xarakterizə edilə bilər. Çünki bu qısa zaman kəsiyi aşıq sənətinin ən yüksək səviyyədə təbliğ edildiyi bir dövr olub. Gənc aşıq İmran Həsənov da öz sənətinin ən qaynar, təlatümlü, ən ilhamlı çağında bu inkişafın şahidlərindən olub. 1956-cı il aşıq İmran sənətinin tarixə yazıldığı bir zaman kimi xatırlanır. Bu ildə Bakı şəhərində keçirilən ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medal qazanan gənc İmranı uğurlar təqib edirdi. İstedadı, qeyri-adi səsi, od tökülən barmaqları İmranı yeni şöhrət zirvəsinə sarı aparırdı... Növbəti uğuru 1957-ci ildə qismətinə çıxdı. Belə ki, 1957-ci ildə Moskvada keçirilən ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medal İmran Həsənova nəsib olur. Yenə Moskva, yenə də qələbə, yenə də İmran sənətinin, İmran sazının təntənəsi aləmi heyran qoyur. O, 1957-ci ildə Moskvada keçirilən tələbə və gənclərin 6-cı Ümumdünya Festivalında rəhbərlik etdiyi "Aşıqlar" ansamblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diploma layiq görülüb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənətinin ongünlüyündə yüksək səviyyədə iştirakına, ifasına görə "Şərəf Nişanı" ordeni və Fəxri Fərmanla təltif edilib. 1967-ci ildə Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyi xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
"Aşıq İmran aşıq sənətinin şöhrətidir"
Hər aşığın (aşiq) öz dövranı var deyirlər... Əslində, öz varlığı ilə saza çevrilən, saza hopan aşıqlar üçün zaman anlayışı qəbuledilməzdir. Onların dövranı heç zaman bitmir, aşıq İmran Həsənovun dövranı kimi... İmranın sazı lal deyil, sükuta qərq olmayıb, əbədi yuxuya getməyib, hər gün dillənir, danışır-lent yaddaşından...
Rəşid Behbudov adına Mahnı Teatrının salonu İmransevərlərin, onun sənətinin pərvanələrinin isti nəfəsi, məhəbbətilə doldu, canlandı... Tamaşaçılarını İmran sazı-sözü ilə qarşıladı... Saza qonaq etdi bizləri ustad sənətkar. Nə yazıq ki, bu səs canlı deyildi, ustadın lent yaddaşına köçən səsi idi... Ancaq çox şaqraq, çox axıcı idi bu səs... Bizi sehrinə alıb xəyallarımızı çox yerlərdə dolandırdı...
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub məclisi açaraq bildirdi ki, aşıq İmran Həsənovun mənsub olduğu sənət şəcərəsi böyük tarixə malikdir və tarixin əski çağlarından qaynaqlanıb: "Mən səhərdən onun ifasında havalara qulaq asıram. Gözlərimin qarşısında İmran canlandı... O, hansı havaları oxuyursa, onu siz hamınız əzbər bilirsiz. İmran sözün həqiqi mənasında aşıq idi, sənətkar idi. Atmacası da, qaravəllisi də, hazırcavablığı da, deyib-gülməyi də, aşıqlarla deyişmələri də-hamısı gözəl idi. Aşıq İmranın nəsil-nəcabətini, ailəsini, oğullarını, övladlarını, İmransevərləri ürəkdən təbrik edirəm ki, biz bu gün aşıq İmranın gözəl bir gecəsini keçiririk. Aşıq İmran aşıq sənətinin şöhrətidir".
Gecədə professor Məhərrəm Qasımlı vurğuladı ki, aşıq İmran Həsənov öz zil, geniş diapazonlu səsilə aşıq sənəti tarixində də, xalqın yaddaşında da "Koroğlu aşığı" kimi qalıb. M.Qasımlı bildirdi ki, İmran Həsənov elə sənətdə də, həyatda da Koroğlu misallı kişi olub.
İşıqlı səsin dastanı...
Tədbirin gedişi zamanı fürsət tapıb aşıq İmranın oğlu Firdovsi Həsənovla danışırıq. İşıqlı sənət, işıqlı səs sahibinin oğlu olmaq, şöhrətli bir kişinin ailəsinə mənsub olmaq təbii ki, müsahibimizin həyatda qürur duyduğu əsas məsələdir. Bunu onun özü də bizimlə söhbətində qeyd etdi. Firdovsi Həsənov yalnız bir oğul kimi deyil, bir sənətkar kimi də atası ilə öyünür: "Atam Azərbaycan aşıq sənətində öz sözünü deyən ustad aşıqlardan biri kimi tarixə düşüb. O, erkən yaşlarından aşıqlıq sənətinin sirlərini atasından, əmisindən və digər ustad aşıqlardan öyrənib. Atam Göyçə mahalının Ağbulaq kəndindən sonra Tovuz rayonuna köçüb, burada da aşıq Mirzədən, aşıq Əsəddən və digər aşıqlardan da bəhrələnib. Atam sənətinə görə bir sıra festivalların, saz yarışlarının qalibi olub, çoxlu medallara, diplomlara layiq görülüb. Atam üç şeirlər kitabının və 7 aşıq havasının müəllifidir. Atamın yaratdığı havalar "Sahibi", "Solmazı", "Səlminazı", "İmran divanisi", "İmran Koroğlusu" və başqa havalardır. Atam 67 yaşında dünyasını dəyişdi... Onun 85 illik yubileyində öz şəyirdləri və sənət dostları iştirak edir. Atamız həyatdan tez getdi, yaşamaqdan doymadı getdi, heç biz də atamızdan doymadıq. Aşıq İmran bir ata kimi çox mehriban, həm də çox ciddi və tələbkar ata idi. Biz çoxuşaqlı ailə olmuşuq. On bir uşaq idik. 11 uşaqdan da biri rəhmətə gedib. On övlad aşıq İmran ocağını, aşıq İmran adını qoruyur. Atam qayğıkeş idi, hamımıza ali təhsil verib, oxudub. Atamla anam məhəbbət təməli üzərində ailə qurublar. Anam rəhmətə getdi, yeddisi çıxan günün səhəri atam rəhmətə getdi. Onlar çox istəkli idilər. Anamla atam əmiqızı əmioğlu olublar, atam onu sevib - seçib evlənmişdi".
Aşıq İmran Həsənovun 85 illik yubileyinə el-obasından, yaxından-uzaqdan gələnlər ustadın sənətinin vurğunları idi. Onların arasında toyunu etdiyi, ailəsinə xeyir-dua verdiyi insanlar da az deyildi. İmran sənətinin, İmran səsinin işığı saz-söz pərvanələrini özünə çəkib gətirdi...
Aşıq Dəmir Gədəbəyli, aşıq Altay Məmmədli, aşıq Qələndər Zeynalov, aşıq İlham Astanbəyli, aşıq Ədalət Dəlidağlı, aşıq Bəhmən Göyçəli, aşıq Vüqar Mahmudoğlu və başqa aşıqlar ustadın, ulu ozanın, aşıq sənətinin son nəhənglərindən birinin-aşıq İmran Həsənovun 85 illik yubiley-xatirə gecəsində onun qarşısında imtahan verdilər. Ustadın ruhu aşıq sənətinin çağdaş təmsilçilərindən narazı qalmadı bizcə.
Ustad nəfəsi, ustad ruhu məclisi uğurladı, onun adını, sənətini anıb gələnlərə xeyir-dua verdi. Ozan ağzı fal olar deyirlər.
O da bəllidir ki, ozanın, aşığın qarğışı qarğış, alqışı alqış kimi Tanrı dərgahında, Allah mərtəbəsində, məqamında qəbul olunur... Ozan ruhu duaçımız olsun...
İradə SARIYEVA