Nə ata, ər, oğul kimi, nə də həyat yoldaşı kimi bəxti gətirməyən sənətin aslanı: Səyavuş Aslanın həyatı + FOTOLAR
08-09-2020 [18:59]
Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
***
Sentyabrın 5-də Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın teatr və kino sənətinin titan aktyorlarından SƏYAVUŞ ASLANın doğum günü olub.
Yaşasaydı, 85 yaşını qeyd edəcəkdi...
Xalq artisti Hacı İsmayılovun sözü ilə desək, Səyavuş Aslan sənət aləminə aslan kimi gəldi, aslan kimi də getdi...
Kim səhv etmir ki?!...
Ailədə kim bu və ya başqa problem yaşamır ki?!...
Amma səhvləri bağışlaya bilmək, daha qiymətli olanları qoruyub saxlamağı bacarmaq, anlamaq hər kəsdən, xüsusən qadınlardan böyüklük tələb edir.
Səyavuş Aslanın bu sarıdan bəxti gətirmədi...
Azərbaycan kino və teatr aktyoru, Xalq artisti, ölməz sənətkarımız Səyavuş Məmmədağa oğlu Aslanov Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biridir.
O, 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb.
1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir.
1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Daha sonra teatrda Bayram ("Kəndimizin mahnısı", Kərim Kərimov), İbişov ("Özümüz bilərik", Şıxaəli Qurbanov), Füruzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə), Şubay ("Ulduz", Sabit Rəhman), Dadaşbala ("Hicran", Sabit Rəhman), Qəmzəli ("Qaçırılmış qız", Cahangir Məmmədov), Misir Nəsir ("Lənət sənə, kor şeytan", Firudin Aşurov), Orduxan bəy ("Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov) obrazlarının öhdəsindən məharətlə gəlib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olmuşdur.
Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru heyətində çalışıb və teatrda Mindilli ("Nişanlı qız", Sabit Rəhman), Hüseynbala ("Cahargah fantaziyası", Kərim Kərimov), Luka ("Həyatın dibində", Maksim Qorki), Romul Avqustul ("Böyük Romul", Fridrix Dürrenmatt), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Ağaəli ("Günah", Rəhman Əlizadə), Mirzə Həbib ("Sərgüzəşti-vəziri-xani Lənkəran", Mirzə Fətəli Axundzadə), Fəriş ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Vanya Koxa ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Qərib Qulam ("Mənsiz dünya", Nəbi Xəzri), Mikayılov ("Tufandan əvvəl", Arif Süleymanov),
Əsdulla ("Ah, Paris… Paris!..", Elçin), Kişi ("Mənim ərim dəlidir", Elçin),Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin), Poloni ("Hamlet", Uilyam Şekspir), Sarı ("Varlı qadın", Əli Əmirli), Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani) və daha neçə-neçə bir-birindən fərqli, maraqlı rollara səhnə ömrü verdi.
Səyavuş Aslan həm teatr, həm də kino aktyoru kimi sevilir. İlk dəfə tamaşaçılar onu 1963-cü ildə "Romeo mənim qonşumdur" filmində Səməd rolunda gördülər. İllər keçdikcə, kino sənətində gördüyü işlərin, oynadığı rolların da sırası genişləndi.
O, "Əhməd haradadır?"da Saqqal Ramiz, "Ulduz"da Şubay, "Əzablı yollarla"da Ortancıl Div, "Bəyin oğurlanması"nda Mustafa, "Yol hadisəsi"ndə MİS rəisi Qurban, "Yay günlərinin xəzan yarpaqları"nda Şəmsi, "O dünyadan salam"da Hacı Həsən ağa, "Evlənmək istəyirəm" ("Papaq" fiilmi) Hacı Kəmyab, "Hacı Qara"da Hacı Qara, "Qəm pəncərəsi"ndə Karapet, "Yuxu"da polis rəisi Fərəcov və başqa rollarla kino aktyoru kimi də istedadlı, təkrarsız olduğunu təsdiq etdi.
Səyavuş Aslan Azərbaycan Dövlət Televiziyasında da neçə-neçə satirik səhnəcikdə, televiziya tamaşalarında maraqlı rollar ifa etdi. Bu günün tamaşaçıları onu Dövlət Televiziyasının "Qızıl Fond"unda saxlanılan və tez-tez ekranlarda nümayiş etdirilən "Bazarkom" ("Evləri köndələn yar"), Qaloşin ("Əyalət lətifələri"), Mak Blaf ("Sehrli kürsü") və başqa rollarda görürlər.
Təcrübəli, istedadlı aktyor çalışdığı teatrların gənc aktyorlarından məsləhətlərini əsirgəmirdi. Amma o, heç vaxt pedaqoq kimi fəaliyyət göstərmədi. Dəfələrlə Mədəniyyət və İncəsənət Universitetindən edilən təkliflərdən imtina etdi.
...Bütün şöhrətli adamlar kimi, onun haqqında da daim müxtəlif söz-söhbətlər dolaşırdı. Bunlardan biri də uzun illər birlikdə çalışdığı, tərəf-müqabili olduğu Nəsibə Zeynalova və Hacıbaba Bağırovla aralarında qalmaqallar, küsülülük yaşanmasıydı. Onların hər üçü böyük sənətkar idi. Hansı tamaşada, filmdə rol alırdılarsa, onu baxımlı, yaddaqalan edə bilirdilər. Teatrsevərlər bu gün də Səyavuş Aslan, Nəsibə Zeynalova və Hacıbaba Bağırovun Sabit Rəhmanın "Hicran" komediyasındakı triosunu maraqla seyr edirlər. Ancaq deyirlər ki, elə bu tamaşada iştirak edəndə də böyük sənətkarlar bir-biri ilə küsülü imişlər.
Həmin tamaşada yaddaqalan rollardan birinin ifaçısı da Səyavuş Aslanın həyat yoldaşı, aktrisa Ofelya Aslandır.
O vaxtlar hələ ayrılmamışdılar. Qısqanclıq, dedi-qodu onların böyük sevgiylə qurulan ailəsini param-parça etdi. Elə Səyavuş Aslanın ömrünün sonunadək haqqında danışılan, yazılan mövzulardan biri də bu idi.
Nə birlikdə keçirdikləri xoşbəxt günləri, nə iki övladları - Çingiz və Eldar, nə də ömürlərinin ahıl çağlarında tənhalıq xofu Ofelya Aslanı inadından döndərə bildi. Səyavuş Aslanı həddən artıq sevən həyat yoldaşı onu xəyanətdə günahlandırdı və ömrünün sonunadək bağışlamadı. Bir evin içərisində illərlə küsülü yaşadılar. Ofelya Aslan həyat yoldaşını həm də onu dəlixanaya saldırmaqda suçlayırdı. Ona vergi verildiyini, Səyavuş Aslanın bunu anlamadığını, əvəzində, professorla görüşdürmək adı ilə həyat yoldaşını dəlixanaya apardığını, orada 11 gün qaldıqdan sonra evinə qayıtdığını deyirdi. Bir mənzildə, ayrı-ayrılıqda yaşadılar. Qonşu kimi dərdləşdilər də, bir-birlərinə əl yetirib həyan oldular da. Amma sevgiləri nə qədər böyük olsa da, Ofelya Aslanın inadını yenib, ayrılığa qalib gələ bilmədi.
Ofelya Aslan 2010-cu ilin 18 mayında, 71 yaşında vəfat etdi. Köhnə Çəmbərəkənd qəbiristanlığında dəfn olundu.
Ondan sonra Səyavuş Aslan sanki daha da tənhalaşdı. Gözlərindəki kədər bir az da böyüdü. Bir neçə xəstəlik canını sarmışdı. Əvvəldən boş vaxtlarında Dənizkənarı Milli Parka getməyi xoşlayırdı. Ancaq getdikcə ayağı ordan da kəsilirdi. Evinə sığınmışdı. Onu dirigözlü unudanları yorğun-yorğun yada salırdı. Şikayətlənmirdi. Soruşanlara da "Hamısı yanıma gəlir", - deyirdi.
S.Aslan oğlu ilə
2013-cü ilin 27 iyununda yetmiş səkkiz yaşında gözlərini əbədi yumdu.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 1995-ci ildə "Şöhrət" ordeni ilə və 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.
Sevilən aktyor ağır xəstəlikdən sonra 2013-cü ildə Bakıda vəfat edib. II-ci Fəxri xiyabanda dəfn olunmuşdur.
Xalq artisti Siyavuş Aslanla bağlı deyilənlər:
- Siyavuş Aslan həyatında yalnız bir qadını sevib: həyat yoldaşı Ofeliya Aslan! Musiqili Komediya Teatrında işləyən cütlük, elə orda da tanış olur, bir-birlərini sevirlər. Ancaq elçilkdə qızı vermirlər. Siyavuş Aslan qızı qaçırdır.
- Sonralar Ofeliya Aslan xəstələnir, ruhi xəstəxanaya düşür. Bu fakt cütlüyün ayrılmasına səbəb olur. Onlar ayrılsalar da teatrın arxasındakı bir evdə yaşayırdılar. Siyavuş müəllim ömrünün sonunacan onu çox sevib və rəhmətə gedəndə çox sarsılıb.
- Siyavuş Aslan ata kimi də xoşbəxt deyildi. Oğlu Çingiz Aslan haqqında yaxşı olmayan xəbərlər dolaşırdı, mətbuat yazırdı. O, atasının "Xətai" metrosu yaxınlığındakı evini qumara qoymuşdu. Siyavuş müəllim bu hadisə ilə bağlı yaxın dostlarından birinə bunları deyib: "Pis vəziyyətdə evə gəlmişəm. Gördüm, binanın qabağında bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram, bunu hara aparırsınız? Deyir, oğlun bunları bizə satıb - 3 min manata. Çıxardıb pulunu qaytarıb yola saldım".
- Çox mərd və alicənab xasiyyətləri olub. Gənc aktyor Sərdar Rüstəmov deyir: "Təxminən 2002-2003-cü illər idi. Teatrdan 8-9 "şirvan" maaş alırdım. Özüm də kirayədə qalırdım. Bu pulla həm dolanmalı, həm də kirayə pulunu verməliydim. Bəzən elə olurdu ki, teatrdan aldığım maaşı alıb bütünlüklə bufetə olan borcumu ödəyirdim. Günlərin birində bufetdən yenə nəsə alırdım. Bufetçi Ağabəy dedi ki, bacıoğlu, borcun altı "şirvan"ı keçib. Həmin vaxt Siyavuş əmi də bufetdə idi. Qalxdı ayağa, soruşdu ki, nə məsələdir? Ağabəy dedi, filan qədər borcu var. Çıxartdı borcumu verdi, sonra da dedi, indi yediyinin də pulunu çıx.
- Gənc həmkarları ilə həddən artıq mülayim davranar, onların problemləri ilə maraqlanar, hətta bir çox hallarda onların problemləri üçün nüfuzundan istifadə edərək məmurların yanına gedərdi.
- Ümummilli lider Heydər Əliyevlə görüşdə heç kimin ağlına gəlməyən və bəlkə də heç kimin etmədiyi bir xahiş edib: istedadlı gənclərə təqaüd verin, teatrı tərk etməsinlər!
- Yaxın dost olduqları Hacıbaba Bağırovun ona xəyanət etdiyi, teatra rəhbər gəlmək üçün arxasından iş çevirdiyi bildirilir. Siyavuş Aslan buna görə neçə illik dostundan küsərək Akademik Milli Dram Teatrına gedib və ömrünün sonunacan Hacıbaba Bağırovu dindirməyib.
- "Bəyin oğurlanması" filmində rejissor Vaqif Mustafayev ifa canlı alınsın deyə aktyor Muxtar Maniyevə Siyavuş Aslanı o bilmədən həqiqətən şillə ilə vurmasını tələb edib. Çəkiliş alınıb, amma bu hərəkətinə görə Siyavuş müəllim Vaqif Mustafayevdən küsüb və onu heç vaxt bağışlamayıb. Beləliklə V. Mustafayevin sonrakı filmlərində rol almaq şansını itirib.
- O, bayağı bir filmə də çəkilib: Sərxan Kərəmoğlunun "Adam ol!" filminə. Və sonra peşman olduğunu bildirib.
- Həyatda çox ciddi və zarafatı sevməyən adam olub. Yaxın dostları belə onunla olduqca sayğılı və ehtiyatlı davranıblar.
Son söz yerinə:
Əslində, onun haqqında söz demək istəyənəcən çox qınamışdım onu. Bu qədər böyük, nəhəng sənətkarlığı ilə bərabər kiçik hisslərin arxasınca getdiyinə, övlad, ailə qayğıların unutduğuna, övladlarının
qayğısızlıqdan, sevgisizlikdən, diqqətsizlikdən yanlış istiqamətlərə gedəcəkləri qorxusunu nəzərə almadığına təəssüflənmişdim də...
Amma həyat yolunu izləyəndən sonra onu çox qınadığıma təəssüfləndim də...
Bəzən həyat insanı gözləmədiyi, ağlına belə gəlmədiyi səmtə aparır.
Kim səhv etmir ki? Amma bu səhv Səyavuş Aslana baha başa gəldi.
Bakının Saray kəndində dünyaya gələn gələcəyin aktyorunun nə atası, nə də anası ali təhsilli deyildilər. Atası Məmmədağa sürücü, anası Anaxanım isə evdar qadın idi. Onlar oğullarının oxuyub iş-güc, vəzifə sahibi olmasını istəyirdilər. Səyavuş Aslan əvvəlcə Bakıdakı 1 saylı məktəbə daxil oldu. Yeddi il orada təhsil aldı. Yeddinici sinfi bitirəndən sonra, Dəmir Yol Texnikumuna qəbul olundu. Orada təhsil ala-ala Biləcəri lokomotivində maşinist köməkçisi işlədi.
...İlk getdiyi tar dərnəyi olmuşdu. O vaxtlar Səyavuş Aslan hələ üçüncü sinifdə oxuyurdu. Tar çalmağa böyük həvəsi var idi. Tarı sinəsinə basıb, gözəl muğamlar da çalırdı. Amma aktyor olmaq arzusu onu üstələdi.
Oxuya-oxuya ən yaxın dostu Hacıağa Əzimovla birgə “Dram dərnəyi”nə getdi. Müəllimi Ağadadaş Qurbanovdan peşəkar teatr səhnəsinə gəlmək üçün çox şey öyrəndi. Onunla birgə həmin dərnəyə dostu Həsən də gedirdi. Sonralar bu dostlar Azərbaycan kino və teatr mədəniyyətinin iki möhtəşəm sütunu olacaqdılar – Səyavuş Aslan və Həsənağa Turabov.
Sonra hərbi xidmət illəri...
Əsgərlikdə də Səyavuş sevimli peşəsi ilə məşğul olurmuş. Şəhər Mədəniyyət Evinin tamaşalarında oynayırmış. Bir dəfə isə çox maraqlı hadisə baş verir. Onu rol aldığı tamaşanın premyerasına getməyə qoymurlar. Səyavuş hissədən qaçır. Əynindəki əsgər mundirini çıxardıb stulun başına keçirir. Tamaşaya gələn patrul təsadüfən açıq pəncərədən əsgər paltarını görür. Maraqlanır və həqiqət çıxır ortaya.
Əsgərlikdən sonra Səyavuş Aslan gah Kukla Teatrında, gah Quba Dövlət Dram teatrında çalışır, amma hiss edirdi ki, yerində deyil. Nəhayət, bir gün onu Musiqili Komediya Teatrına dəvət edirlər. Şəmsi Bədəlbəylinin teatra rəhbərlik etdiyi vaxtlar idi. Amma onu aktyor heyətinə götürmürlər, bunun üçün o vaxt uğurlu bir rolla sınaqdan keçməli idin.
Şəmsi Bədəlbəyli “Yoy” tamaşasına quruluş verəndə Qoşun rolunda Lütfəli Abdullayevə Səyavuşu dublyor verir, amma onu da deyir ki, premyera sənin sınağın olacaq. Premyera günü Şəmsi Bədəlbəyli mötəbər qonaqları nəzərə alıb sözünü geri götürür, “qoyun, Lütfəli özü oynasın” deyir. Səyavuş çox pərt halda, amma ötkəm səslə: “Ya premyeranı oynayıram, ya gedirəm” – deyir. Şəmsi Bədəlbəyli,deyəsən, gələcəyin potensial aktyorunu itirə biləcəyini anlayıb razılıq verir. Səyavuş sınaqdan uğurla çıxır və sabahısı teatrın aktyor heyətinə qəbul olunur.
Onun sənət taleyində Mirzəağa Əliyevin, Cahangir Zeynalovun böyük rolu var. Hər ikisi heç bir məktəb keçməyən Səyavuş Aslan üçün əsl sənət məktəbi olublar. Daha bir uğuru Lütfəli Abdullayevlə olan münasibətləri idi. Özünün də bir vaxtlar etiraf etdiyi kimi doğma atasını itirəndə hələ həyatı dərk etmədiyindən almadığı zərbəni Lütfəli Abdullayev dünyadan köçərkən, onu itirərkən alıb.
Deyilənə görə, Səyavuş Aslan təbiətcə kəskin təzadlı xarakterə malik insan olub. O, həm həyatından çox sevdiyi qadın– Ofeliya Aslan üçün göz yaşları tökürdü, həm də onu dəlixanaya saldırmağa qadir idi. Həm müxtəlif, şirkət rəhbərlərindən, brend firma mağazalarından bir kostyum istəyəcək qədər enə bilirdi, həm də ölkə prezidenti ilə üzbəüz gələndə özü üçün deyil, gənc aktyorlar üçün təqaüd xahiş edəcək qədər yüksəklikdə görünürdü.
25 il Musiqili Komediya Teatrında çalışdı. Bədii rəhbər vəzifəsinə qədər ucaldı. Gənc, gözəl Ofeliyaya da könül verdi. Görkəmcə bir-birinə çox bənzəyən bu cütlüyü bir yerdə görməyə alışmış gözlər, bir gün onların toy sevincini də yaşadı, övladlarının doğuluşu münasibəti ilə təbriklər də söyləmək düşdü qismətlərinə.
Nəhəng aktyorlar Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev bu sevincə yoldaşlıq etdilər.
Amma...
Şan-şöhrət, uğur, ailə xoşbəxtliyini bir andaca itirdi.
Əvvəlcə ailədə problemlər başladı. Sonra qısqanclıq, söz-söhbət...
Və daha sonra ən yaxın dostunun xəyanəti...
Musiqili Komediya Teatrının bədii rəhbərliyindən uzaqlaşma...
Bunlar azmış kimi övlad nisgili...
Təbii ki, övladlar da ata-ana arasında olan soyuq münasibətdən, valideynlərin onlara qayğısızlığından yetərincə “bəhrələnmişdilər”...
Beləcə, Səyavuş Aslan Ofeliyası ilə bir evdə iki yad adamlar kimi yaşadılar. Gecələdiyi doğma teatr da, vəzifə də əldən getdi...
Üz çevirdi Milli Dram Teatrının rəhbəri olan uşaqlıq dostu Həsən Turabovun yanına.
Bir vaxtlar üzündən gülüş əksik olmayan insan qısa müddətdə beləcə aqressiya ilə yükləndi...
Bu teatrın səhnəsində də maraqlı obrazlar imza atırdı Səyavuş Aslan, amma insan hamıya qarşı aqressiya ilə yüklənmişdi. Teatrda onu sevən çox az adam olardı, çünki heç kimə xoş münasibət göstərmirdi, onda xoş əhval qalmamışdı. Yalnız çox az – bir neçə adam bunları bilirdi və Səyavuş Aslanın əslində çox kövrək qəlb sahibi olduğunu dəyərləndirib ona münasibətini dəyişmirdi.
... Nə ata, ər, oğul kimi, nə də həyat yoldaşı kimi bəxti gətirməyən Səyavuş Aslan özünü günahkar bilirdi, qınayırdı. Həyat yoldaşı Ofeliya Aslan üçün hər şey edirdi, bəlkə günahını yuyar deyə bazarlığına qədər daşıyıb yaşadıqları eyni mənzildəki otağına gətirərdi, amma qadın qəlbi bağışlamırdı ki, bağışlamırdı.
Ömrünün axırına qədər də belə oldu, o, bunu, bu da özünü bağışlamadı...
Beləcə, xanımından sonra yaşadığını da ömründən hesab etməyən bir kişi, sənətkar sakitcə, səssiz-səmirsiz köçdü həyatdan.
Soyuq, boş divarlar arasından əbədi soyuq torpağa köç etdi...
Xatirəsi qaldı, oynadığı obrazlar qaldı, bir də təəssüf hissi qaldı...
Kim səhv etmir ki, bu həyatda...
Ailədə kim bu və ya başqa problem yaşamır ki?!...
Amma səhvləri bağışlaya bilmək, daha qiymətli olanları qoruyub saxlamağı bacarmaq, anlamaq hər kəsdən, xüsusən qadınlardan böyüklük tələb edir.
Səyavuş Aslanın bu sarıdan bəxti gətirmədi...
Amma bir sarıdan bəxti gətirdi Səyavuş Aslanın. O, böyük sənətkar olduğunu, kino-filmlərdə, televiziya, teatr tamaşalarında oynadığı rolları ilə hər zaman yada salınacağını da, seviləcəyini də bilə-bilə getdi...
Oynadığı obrazlar dillər əzbəri oldu və hələ də sevilir.
O, teatr və kino sənətimizin Səyavuş zirvəsi kimi qaldı...
Mia.az
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - FOTOLAR
Ərdoğandan Öcalanla bağlı açıqlama: "Baxçalı həqiqətən cəsarətli və oyunu dəyişən bir təklif irəli sürüb"
Britaniyanın baş naziri deputatın suallarından yayınıb - "İsrailin İranın hücumundan qorunması üçün..."
Azərbaycanda bu gün yenə zəlzələ olub
Bələdiyyə seçkiləri: namizədlərin qeydə alınması nə vaxt başlayacaq?
Avropa Liqası: "Fənərbağça"nın heyəti müəyyənləşib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş"ın prezidenti istefa verdi
"Yelo Bank"ın əməkdaşı saxlanılıb
Bərdədə avtomat silahını satmaq istəyən şəxs həbs olunub
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Bu sahələrdə işləyənlər vergidən azad olunur - SİYAHI
5 maşına 455 min manat? - Dövlət Xidməti qanunu pozan BŞİH-in departamentinin tenderini ləğv etdi
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
Oğurlanan tarixi əsər Ankarada tapılıb - FOTO
Sabiq deputata 3 otaqlı mənzil verildi - Açıqlama
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 İL UZANAN SƏFƏR
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
Gömrük tarifləri dəyişib
"Trabzonspor" "Şalke 04"ün futbolçusunu alır
DSMF-nin 2025-ci il üçün büdcə layihəsi qəbul olunub
Sabahın hava proqnozu açıqlandı
“Azərbaycanlıların ənənəvi xalq təbabəti” adlı kitab işıq üzü görüb
Sədr müavini Hikmət Məmmədov niyə vəzifədən azad olunub? - QHT sədrinin siyasi iddiası, yoxsa...?
Deputatdan xanımını vəzifəyə təyin etməsinə - Reaksiya
"Yapı Kredi Bank" Bakıda bir ailəni evsiz qoydu - Ali Koça məxsus bank xəbərsiz bunu necə edib? (Rəylər)
Vasif Talıbovun oğlu özü geri çəkilib? - Nazirlikdən açıqlama
İvanişvili Gürcüstanın prezidenti kimi onu görmək istəyir - Namizədin adı açıqlandı (FOTO)
"Qurtuluş 93”ün rəhbərinə 12 il 8 ay həbs cəzası kəsilib
Türkiyənin 11 bölgəsində FETÖ əməliyyatı: 22 saxlanılıb
Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırıb
Yazar Zümrüd Yağmur axtarışa verildi - Səbəb
Azərbaycan nefti bahalaşdı
Əli Əsədov qərar imzalayıb
İSRAİLLƏ LİVAN ARASINDA ATƏŞKƏS SAZİŞİ İMZALANDI: şərtlər bəlli oldu - Bu gün saat 6-dan razılaş.ma qüvvəyə minib
Bakıda 21 yaşlı qız dəm qazından boğularaq ölüb