Energetika naziri OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında iştirak edəcək

img

05-06-2020 [16:23]


İyunun 6-da Bakı vaxtı ilə saat 16:00-da OPEC, 18:00-da isə "OPEC+" ölkələri nazirlərinin video-konfrans formatında iclasları keçiriləcək. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, "OPEC+" nazirlərinin iclasında qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərin icrası müzakirə ediləcək. Həmçinin "OPEC+" üzrə gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin iyundan sonra uzadılması məsələsinə baxılması nəzərdə tutulur.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi" qəbul edilib. Bu qərara uyğun olaraq iyul ayından başlayaraq istehsal kvotalarının tədricən yumşaldılması və ilin sonunadək "OPEC+" üzrə gündəlik hasilatın 2 mln. barel artırılması nəzərdə tutulurdu.

Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycanın kvotası isə may-iyun ayları üzrə 164 min barel təşkil edir. Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamaq öhdəliyinə müvafiq olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA