ATƏT-in tədbirində nələr baş verib? - səbəb

img

11-10-2013 [23:06]


Bəlli olduğu kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və təşkilatın Parlament Assambleyasının birgə müşahidə missiyasının seçkilərə dair ilkin rəyini açıqladığı, çoxsaylı yerli və xarici jurnalistlərin iştirak etdiyi mətbuat konfrans qalmaqalla başa çatdı. 

Bu tədbirdən yayımlanan çoxsaylı videolarda qalmaqlın başlamasına "Səs” qəzetinin redaktoru Bəhruz Quliyev və "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səbəb olduğu iddia olunur.  

Lakin V.Rəhimzadə insidentin səbəbləri haqda mediaya fərqli danışıb. V.Rəhimzadə qafqazinfo.az-a açıqlamasında bildirib ki, orada əsl qarşıdurmanı müxalifət nümayəndələri, xüsusən İsa Qəmbərin oğlu İlkin Qəmbərin başına yığıb mətbuat konfransına gətirdiyi uşaqlar yaradıb: "Deyin görək İsa Qəmbərin oğlu İlkin Qəmbər hansı qəzetin və ya hansı televiziyanın əməkdaşıdır? Jurnalist olmaya-olmaya onun mətbuat konfransında nə işi var? Bu qaragüruhçular - mətbuat işçisi olmaya-olmaya mətbuat konfransına müdaxilə edir, səs-küy salaraq, hətta fit çalmaqla sual vermək istəyən jurnalistlərə mane olurdular”.

O, əlavə edib ki, eyni zamanda mətbuat konfransı keçirən missiya üzvləri sanki onların bu hərəkətlərini görməzliyə vururdular: "Biz bax belə tərbiyəsizliyə və qeyri-jurnalistlərin mətbuat konfransındakı ədəbsiz hərəkətlərinə etiraz edirdik. Əgər dünənki mətbuat konfransını dəqiq izləsəniz görərsiniz ki, burada sual vermək üçün daha çox qeyri-jurnalistlərə və dağıdıcı müxalifət qəzetlərinin əməkdaşlarına, xarici KİV-lərə şərait yaradılırdı. Bu isə orada olan yüzlərlə digər jurnalistin hüquqlarını pozmaq demək idi. Ümumilikdə mən dünənki mətbuat konfransını təşkil edən ATƏT missiyasının ölkəmizə və biz jurnalistlərə qarşı qərəzini qətiyyətlə pisləyirəm. Bizə demokratiya dərsi keçmək istəyən bu təşkilatın nümayəndələrinin demokratik prinsiplərə məhəl qoymayaraq adi etik normalara riayət etməməsi bizdə təəssüf hiss doğurub”.

Qalmaqalllı mətbuat konfransında iştirak edən NİDA-çılar isə virtualaz.org-a verdikləri məlumatda bildirdilər ki, hadisələr Vüqar Rəhimzadənin dediyi kimi deyil: "Videogörüntülərdən də aydın olur ki, ilk qalmaqalı yaradan "Səs” qəzetinin redaktoru Bəhruz Quliyev, sonra isə "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə oldu. ATƏT nəticələri açıqladıqdan sonra onlar etiraz etdilər. Onlar ATƏT nümayəndələrini danışmağa qoymadılar. Əl çalaraq, ayaqlarını yerə döyərək mane oldular. "Lider” TV-nin əməkdaşı ilk əl çalmağa başladı. Bizim üzvlərimizdən biri sual vermək istəyəndə onu təhqir etdilər. Bu zaman kiçik bir qarşıdurma yarandı”.

NİDA-çılar mətbuat konfransında iştirak etmə səbəblərini isə belə izah edirlər: "ATƏT-in mətbuat konfransı keçirəcəyini bilirdik. Biz də getdik. İcazə verdilər, iştirak etdik. Başqa bir məqsədimiz yox idi. ATƏT nümayəndələri də, orada olan digər jurnalistlər də bizim günahkar olmadığımızı yaxşı bilirlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA