Türk müşahidəçilər də seçkidən razılıq edirlər - Mətbuat konfransı

img

10-10-2013 [11:53]


Oktyabrın 10-da Müstəqil Mətbuat Mərkəzində TürkPA-nın beynəlxalq müşahidəçilər missiyası oktyabrın 9-da Azərbaycanda prezident seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçirilib.

Mia.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, TürkPA-nın baş katibi Jandos Asanov müşahidəçilərə seçkiləri izləmək üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. TürkPA müşahidəçilər missiyasının rəhbəri, Türkiyə parlamentinin üzvü Haluk İpək seçki monitorinqinin nəticələri barədə məlumat verib.

O, bildirib ki, missiya prezident seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib və bu çərçivədə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşlər keçirib. Bu görüşlərdə müşahidəçilərə prezident seçkilərinə hazırlıqla bağlı görülən tədbirlər haqqında ətraflı məlumat verilib.

Missiya rəhbəri vurğulayıb ki, səsvermə günü dinc və sabit şəraitdə keçib, heç bir pozuntu və yayınma halı müşahidə edilməyib. Ümumilikdə, seçki prosesi beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilib. Azərbaycan vətəndaşlarına öz iradələrini sərbəst və maneəsiz şəkildə ifadə edərək Konstitusiya ilə müəyyən olunmuş seçmək və seçilmək hüquqlarından istifadə etməyə şərait yaradılıb. Eyni zamanda, məntəqələrdə yaradılmış şərait, texniki təchizat təqdirəlayiqdir.

H.İpək məlumat verib ki, 1300-ə yaxın beynəlxalq müşahidəçi seçkiləri müşahidə etmək üçün qeydiyyatdan keçib. Müşahidəçilər BMT tərəfindən 2005-ci ildə təsdiq edilmiş Beynəlxalq Müşahidəçilər üçün Davranış Kodeksində və digər beynəlxalq hüquqi sənədlərdə əksini tapan prinsiplərin pozulması və ya yayınma hallarını qeydə almayıblar.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA